AZ

Türkiyənin təhsil naziri Qarabağda

Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevlə birgə işğaldan azad edilmiş ərazilərdə olub.

Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nümayəndə heyəti səfər çərçivəsində Şuşa şəhər 1 nömrəli, Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli və Ağdam şəhər 1 nömrəli tam orta məktəbləri ziyarət edərək təhsil ocaqlarında yaradılmış müasir tədris mühiti ilə yaxından tanış olub.

Yusuf Tekin Qarabağın sürətli bərpa və yenidənqurma prosesinin bir hissəsi kimi müasir təhsil infrastrukturunun da qısa müddətdə təkmilləşdirilməsini yüksək qiymətləndirib. Nazir Şuşa, Füzuli və Ağdam məktəblərində şagirdlər üçün yaradılmış müasir şəraitin Azərbaycanın gələcək nəsillərinin yüksək bilik və bacarıqlara yiyələnməsinə xidmət etdiyini xüsusilə vurğulayıb.

***

Türkiyənin milli təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Xankəndidə yerləşən Qarabağ Universitetinə də gəlib. Qonaqlar universitetin tədris ­prosesi və yaradılmış müasir infrastrukturu ilə yaxından tanış olublar.

Universitetdə keçirilən ikitərəfli görüşdən sonra “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol” və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokola Əlavə Protokol” imzalanıb.

Ləman TƏHMƏZ
XQ

 

Seçilən
15
18
xalqqazeti.az

10Mənbələr