AZ

Nəsimi fəlsəfəsi zamanın fövqündə

Dünən Heydər Əliyev Mərkəzində III Nəsimi  Şeir, Mənəviyyat və İncəsənət Festivalının açılış mərasimi keçirilib. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçirilən festival “Əbədi həqiqət axtarışında” adlı beynəlxalq forumla start götürüb.

Azərbaycan, Almaniya, İran, İraq, Kanada, Qazaxıstan, Oman, Özbəkistan, Pakistan, Şimali Kipr, Tacikistan və Türkiyənin elm adamlarının iştirak etdikləri məclisi açıq elan edən mədəniyyət naziri Adil Kərimli Azərbaycanın zəngin mədəni irsinin qorunmasının dövlət siyasətində prioritet olduğunu bildirib. Nazir festivalın ölkə daxilində və beynəlxalq səviyyədə Azərbaycan mədəniyyətini tanıtmaq və qlobal əməkdaşlığı inkişaf etdirmək baxımından böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Həmçinin belə tədbirlərin Azərbaycanın ərazi bütövlüyü şəraitində həyata keçirildiyini və Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən nailiyyətlərin mədəni inkişafı daha da gücləndirdiyini söyləyib.

ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Maliki forum iştirakçılarına  videomüraciətində Nəsimi irsinin bəşəriyyətin mənəvi inkişafında misilsiz rol oynadığını bildirib. 

Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli Nəsimi festivalının Azərbaycan incəsənətinin təbliği üçün mühüm beynəlxalq platforma olduğunu deyib. O qeyd edib ki, Nəsiminin əsərləri humanist prinsipləri və estetik dəyərləri özündə birləşdirərək dünya mədəni irsinin ayrılmaz hissəsinə çevrilib.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov isə orta əsr Şərqinin böyük şairi Nəsiminin zəngin fəlsəfi və ədəbi irsinə toxunub. O, Nəsiminin yaradıcılığının yalnız öz dövrünə deyil, gələcək nəsillərə də yol göstərdiyini bildirib. Direktorun sözlərinə görə, Nəsimi irsi ədəbiyyatın inkişafında və mədəniyyətlərarası dialoqun formalaşmasında böyük rol oynayıb, hələ də aktuallığını qoruyur və gənc nəsillərə ilham verir.

3 gün davam edəcək festival zəngin proqramı ilə də diqqət çəkir. Festival çərçivəsində Nəsimi yaradıcılığına həsr olunmuş müzakirələr, sərgilər, musiqi təqdimatları və tamaşalar keçiriləcək.

Festivalın ikinci günü isə şairin doğma diyarı Şamaxıda -- Nəsimi Bağları Kom­pleksində tanınmış xanəndələr, vokalçılar və qiraətçilərin iştirakı ilə bədii proqramlar, açıq səma altında “Multidissiplinar İncəsənət Festivalı” və konsertlər təqdim ediləcək.

Qeyd edək ki, 2018-ci ildən təşkil olunan Nəsimi festivalının tərəfdaşı İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ­ICES­­­CO-dur.

***

Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalının ilk günü Heydər Əliyev Mərkəzində Hüseyn Cavidin “İblis” əsərinin simfonik orkestr musiqiçilərinin və Azərbaycan Dövlət Pantomim Teatrının iştirakı ilə yeni təqdimatı olub.

Əsərin yeni təqdimatının özəlliyi canlı orkestrin müşayiəti və orkestr musiqiçilərinin tamaşa müddətində həm də iştirakçıya çevrilməsidir. 

Əsərdə həm bəşəri, həm də əbədi problem olan insanlıq və iblis arasında bitməyən mübarizə əks olunub. 

Səhnə əsərinin baş rejissoru, Azərbaycan Dövlət Pantomim Teatrının yaradıcısı və bədii rəhbəri, Xalq artisti Bəxtiyar Xanızadə  öz təəssüratlarını bölüşərək diqqətə çatdırıb ki, məşq prosesi 2 ay ərzində davam edib və sonuncu məşq zamanı kollektivdən gözlədiyi nəticəni alıb. 

Tamaşada baş rolun ifaçısı və dirijor, Prezident mükafatçısı, bir sıra beynəlxalq müsabiqələrin laureatı Mustafa Mehmandarovun sözlərinə görə, ilk dəfə simfonik orkestrin musiqiçiləri tamaşada onun idarəçiliyi ilə Pantomim Teatrının aktyorlarının arasına qarışaraq plastik düşüncələrin iştirakçısına çevriliblər.

***

Həmin gün Azərbaycan Milli Xalça Muzeyində Nəsimi festivalı çərçivəsində “Zamansız və məkansız” adlı sərgi açılıb.

Ekspozisiya Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə düzənlənib.

Tədbiri açan Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova Heydər Əliyev Fonduna və Mədəniyyət Nazirliyinə bu unikal sərginin təşkilinə görə minnətdarlığını bildirib. O qeyd edib ki, Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında və Azərbaycan Milli Xalça Muzeyinin fondlarında saxlanılan unikal incəsənət nümunələri ilə yanaşı, ekspozisiyada Türkiyənin aparıcı mədəniyyət mərkəzlərindən olan Ankaradakı Etnoqrafiya Muzeyi, İstanbul Türbələr Muzeyi və Konyadakı Mövlanə Muzeyindən gətirilmiş 17 nadir eksponat nümayiş olunur.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxış edərək dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin zəngin irsinin təkcə Azərbaycanda deyil, bütün Şərqdə, İslam aləminin geniş bir məkanında tanındığını bildirib. 

Sərgidə Nəsiminin poeziyası, onun dini-fəlsəfi ideyaları, həmçinin sufilik ənənələri müxtəlif incəsənət növlərinin sintezi vasitəsilə təqdim olunur. Bunun üçün Azərbaycan və Türkiyənin aparıcı muzeylərindən nadir sənət əsərləri seçilib. Ziyarətçilər XVII–XX əsrlərə aid rəsm əsərləri, geyim nümunələri, xalçalar, musiqi alətləri, əlyazma kitablar və digər qiymətli eksponatlarla tanış ola bilərlər. 

Ziyarətçilər ekspozisiyanı bir ay ərzində - oktyabrın 23-dək izləyə biləcəklər.

Arzu ƏLİYEVA
XQ

 

Seçilən
14
xalqqazeti.az

1Mənbələr