AZ

Agentlikdən xəbərdarlıq: Sərt tədbirlər görüləcək!

Son dövrlərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) verdiyi dənizçi sənədlərinin saxtalaşdırılması hallarının artması müşahidə olunur.

Aktual.az xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilib.

Qurum bəyan edib ki, belə hallar qanun pozuntusu olmaqla yanaşı, ölkəmizin müvafiq sahə üzrə beynəlxalq öhdəliklərinin icrasına da zərər vurur, dəniz üzgüçülüyünün təhlükəsizliyi, insan həyatı və dəniz ətraf mühiti üçün ciddi risklər yaradır.

2024–2025-ci illərdə aparılmış araşdırmalar nəticəsində 14 şəxsə aid ümumilikdə 21 saxta sənəd aşkar edilib. Bunlardan 8-i sertifikat (diplom), 13-ü xüsusi hazırlıq şəhadətnaməsidir. Saxta sənədlərdən 5-i xarici ölkələrin gəmiçilik şirkətləri və ya bayraq dövlətlərinin sorğuları əsasında, 16-sı isə vətəndaşların sənəd yenilənməsi və yaxud yeni sənəd əldə edilməsi məqsədilə Agentliyə müraciətləri zamanı müəyyən olunub. Aşkarlanmış bütün hallar üzrə materiallar hüquq-mühafizə orqanlarına təqdim edilib. Dənizçi sənədlərinin saxtalaşdırılması hallarına qarşı mübarizə məsələləri beynəlxalq səviyyədə "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair" 1978-ci il tarixli, əlavələr edilmiş Beynəlxalq Konvensiyanın (DHDNÇ) I/5-ci Qaydası ilə tənzimlənir.

Dənizçi sənədlərinin saxtalaşdırılması hallarına qarşı mübarizə Cinayət Məcəlləsinin 320-ci maddəsi, Ticarət Gəmiçilik Məcəlləsinin 44.4 maddəsi ilə tənzimlənir.

Həmçinin "Nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə"nin 1.6-cı maddəsi – sənəd saxtakarlığı halı aşkar edildikdə Agentliyin müvafiq tədbirlər görmək səlahiyyətini müəyyən edir.

Dənizçi sənədlərinin saxtalaşdırılmasının qarşısını almaq və bu sahədə şəffaflığı təmin etmək məqsədilə qanunvericilikdə dəyişikliklərlə bağlı təkliflər hazırlanıb.

Saxta sənədlərdən istifadə dəniz üzgüçülüyünün təhlükəsizliyinə, dənizçilərin sosial rifahına, əmlaka və dəniz ətraf mühitinə ciddi risklər yaradır. Eyni zamanda, bu hallar Azərbaycanın Beynəlxalq Dəniz Təşkilatının "Ağ Siyahı"sında mövqeyini zəiflədə, ölkəmizin beynəlxalq imicinə mənfi təsir göstərə və dənizçilərimizin xarici gəmilərdə iş imkanlarını məhdudlaşdıra bilər.

Beynəlxalq Dəniz Təşkilatı DHDNÇ Konvensiyasının tələbinə əsasən tərəf dövlətlər özünün verdiyi dənizçi sənədlərinin həqiqiliyini maraqlı tərəflərin fasiləsiz və etibarlı şəkildə yoxlamaq imkanını təmin etməlidir. Bu baxımdan, Agentliyin rəsmi internet səhifəsində yaradılmış "Sertifikatların yoxlanılması" bölməsi fasiləsiz olaraq Agentliyin verdiyi dənizçi sənədlərinin həqiqiliyinin yoxlanılması imkanını yaradır (https://e-services.ardda.gov.az:8090/)

Dənizçi sənədlərinin saxtalaşdırılması, qanunsuz hazırlanması və ya saxta sənədlərdən istifadə edilməsi qanunvericiliyə əsasən cinayət məsuliyyətinə səbəb olur. Bu baxımdan, Agentlik bütün aidiyyəti tərəfləri, xüsusilə dənizçiləri bu kimi hallardan çəkinməyə və oxşar hallarla rastlaşdıqda, dərhal Agentliyi məlumatlandırmağa çağırıb.

Seçilən
18
13
ulusum.az

10Mənbələr