Çində metro tikintisinə Avropa və Sovet İttifaqından gec başlansa da, hazırda Pekin metrosu əhatə dairəsinə görə dünyada birincidir.
Avtosfer.az xəbər verir ki, Pekin metrosunun tikintisi 1965-ci ildə başlayıb. Layihələndirmə zamanı Moskva metropoliteninin nümunəsi əsas götürülüb. Tikintidə sovet mühəndisləri ilə yanaşı SSRİ-də təhsil almış çinlilər də iştirak ediblər.
1969-cu ildə istismara verilən metro hərbi obyekt olduğu üçün geniş kütlə ondan istifadə edə bilmirdi. Giriş üçün xüsusi iczaə tələb olunurdu. 80-ci illərdə isə həm əhali artımı, həm də şəbəkənin genişlənməsi metronu hamı üçün əlçatan etdi.
2000-ci ildən etibarən tikinti sürətlə davam etdi. 2008-ci il olimpiadası üçün 5 xətt istismara verildi. Əgər 2006-cı ildə xətlərin ümumi uzunluğu 114 kilometr idisə, 2012-ci ildə artıq 442 kilometrə çatırdı.
İndi Pekin dünyanın ən böyük metro şəbəkəsinə malik paytaxtıdır. Pekin metropoliteni 29 xətt, 523 stansiyadan (99-u keçid) ibarət olub, yolların ümumi uzunluğu 879 kilometrdir. Tikinti bu gün də fasiləsiz davam edir.
Pekin metrosu 2024-cü ildə 3,6 milyard sərnişin daşıyıb. Gündəlik sərnişin axını 10-11 milyon nəfərdir (bir Azərbaycan qədər).
Vüqar