Bu gün polkovnik-leytenant Şadmanov Əkrəm Yunus oğlunun şəhadətindən 2 il keçir.
Modern.az xəbər verir ki, 1984-cü il martın 1-də Kəlbəcər rayonunun Zivel kəndində dünyaya gələn Əkrəm Şadmanov uşaqlıq illərindən başlayan çətinliklərə baxmayaraq, hərb yolunu seçir. C.Naxçıvanski adına hərbi liseyi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini fərqlənmə ilə bitirərək Azərbaycan Ordusunun şərəfli zabitlərindən birinə çevrilir.
Xidməti illərində daim ön cəbhədə olan, 2005–2023-cü illər ərzində taqım, bölük, tabor, qərargah rəisi və komandir müavini kimi mühüm vəzifələrdə xidmət göstərir. 44 günlük Vətən müharibəsində Qubadlı və Cəbrayıl uğrunda döyüşlərdə, Şuşa ətrafındakı yüksəkliklərin müdafiəsində göstərdiyi şücaət ona həm vaxtından əvvəl polkovnik-leytenat rütbəsini, həm də “İgidliyə görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarını qazandırır. Sonrakı illərdə isə Qisas əməliyyatı və Antiterror tədbirlərində fəal iştirak edir, bölmələrin idarəsində bacarığı və döyüş meydanında göstərdiyi cəsarəti ilə seçilir.
2023-cü il sentyabrın 24-də Ağdam rayonunun Gülablı kəndi yaxınlığında xidməti vəzifəsini yerinə yetirərkən düşmənin basdırdığı minayla qarşılaşır və şəhidlik zirvəsinə ucalır. Əkrəm Şadmanov 2-ci Fəxri xiyabanda dəfn olunub. Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətənə xidmətə görə” ordeni (III dərəcə) və “Vətən uğrunda” medalı ilə təltif olunub.
Xidməti dövründə Əkrəm Şadmanov yuxarıda qeyd olunanlardan başqa “Müharibə iştirakçısı”, “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla, Silahlı Qüvvələrin “90”,”95” və “100” illik yubley medalları olmaqla, ümumilikdə 1 orden və 13 medalla təltif olunub.
Ruhu şad olsun!