AZ

Allahşükür Paşazadə: "Dövlətimizin tarixinin möhtəşəm ildönümü ərəfəsindəyik"

Qafqaz Müsəlmanları İdarəsində 27 Sentyabr - Anım gününə həsr olunmuş tədbir başlayıb.

Olaylar.az xəbər verir ki, din xadimlərinin, ictimai-siyasi xadimlərin, KİV nümayəndələrinin iştirakı ilə keçirilən tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və Quran tilavəti ilə başlayıb. 
Tədbiri giriş sözü ilə açan QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə deyib ki, xalqımızın, dövlətimizin tarixinin möhtəşəm ildönümü ərəfəsindəyik:"Azərbaycan torpaqlarının 30 illik erməni işğalına son qoyan Vətən müharibəsinin başlanmasından beş il ötür. Tarixi ədalətin bərpası yolunda Haqq savaşımızın tarixi hər bir azərbaycanlının şərəf günü, qürur mənbəyidir. 

İnşallah, 44 gün ərzində qazandığımız Zəfərin 5 illiyini xüsusi qeyd edəcəyik, lakin 27 sentyabr - Anım günü tarixinin milli dirçəlişimizin, dövlətçilik qüdrətimizin, Vətən sevgisinin zirvəsi olaraq xalqın yaddaşında önəmi olduqca özəldir. Azərbaycan xalqı 27 sentyabrda öz tarixinin ən böyük imtahanına daxil oldu. İllərlə həsrətində olduğu əzəli torpaqlarını işğalçıdan, öz milli-mədəni abidələrini əsarətdən azad etmək, məscidlərini həqarətdən, sərvətlərini talandan qurtarmaq yolunda haqq mübarizəsinə başladı. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu haqqımızı özümüzə qaytarmaq, beynəlxalq hüququn tanıdığı, lakin təmin edə bilmədiyi ərazi bütövlüyümüzü bərpa etmək kimi şərəfli vəzifəni həyata keçirdi. Bu adil savaşda Vətən yolunda canından keçən qəhrəman şəhidlərimizəə Uca Allah rəhmət eləsin, igid qazilərimizə şəfalar bəxş etsin". 

QMİ sədri əlavə edib ki, həmin günlərdə hər birimizin qəlbi Azərbaycanla, Azərbaycan əsgəri ilə birgə döyünür, 30 illik həsrətin bitəcəyinə inanırdıq: "Əmin idik ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqı Qarabağda qələbə çalacaq, sülh və ədalət bərqərar olacaqdır. Din xadimlərimiz həmin taleyüklü günlərdə gecəli-gündüzlü xalqın yanında oldular, əsgərlərimizə, onların ailə və yaxınlarına dini-mənəvi xidmət göstərdilər. Bu, bizim din xadimi olaraq mənəvi vəzifəmizdir və biz bu vəzifəmizi Vətən müharibəsi günlərində layiqli şəkildə həyata keçirdik. Müxtəlif dinlərə mənsub Vətən şəhidlərimizin dəfn mərasimlərinə birgə qatıldıq, müsəlman, katolik, pravoslav, yəhidi - fərq qoymadan birlikdə iştirak etdik. İstər Vətən müharibəsi günlərində, istərsə mübarək Zəfərimizdən sonra biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiya başçıları dəfələrlə onlayn və bilavasitə görüşərək II Qarabağ savaşının müqəddəs amalları barədə ətraflı bəhs etmiş, haqq mücadiləmiz barədə dünya ictimaiyyətinə geniş məlumatların çatdırılması yönündə əlimizdən gələni əsirgəməmişik. Erməni tərəfinin müharibə cinayətləri, xalqımıza qarşı həyata keçirdiyi qeyri-insani əməllər haqqında, yaydıqları dezinformasiyaları və məkrli ittihamları ifşa etmək üçün əməkdaşlıq etdiyimiz bütün dini mərkəz və beynəlxalq qurumlarla intensiv iş apardıq.

Fəxarət doğurucu haldır ki, möhtərəm dövlət başçımız İlham Əliyev cənabları mədəniyyət paytaxtımız Şuşanın Cıdır düzündə etdiyi tarixi çıxışı zamanı Qarabağ Zəfərinə Azərbaycanın din xadimlərinin, dindarların töhfəsini xüsusi qeyd etdi, fəaliyyətimizi yüksək dəyərləndirdi. Bu gün də Azərbaycandakı katoliklər, pravoslavlar, yəhudilər, alban-udilər müsəlmanlarla bərabər Vətən şəhidlərinin ailələrini diqqət və qayğı ilə əhatə edirlər, onların xatirələrini layiqli şəkildə anırlar. Bizim bu birliyimiz heç şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin ayrılmaz tərkib hissəsidir və multikultural ənənələrimiz sayəsində Azərbaycan dövlətinin qüdrəti hər zaman qələbələrlə davam edəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
22
olaylar.az

1Mənbələr