AZ

8 AYDA 88 MÖVQE... Tramp münaqişədən çəkilir və Putinə yeni “siqnal” ötürür?

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

ABŞ prezidenti Donald Tramp gözlənilmədən Ukraynadakı müharibə ilə bağlı mövqeyini dəyişərək bəyan etdi ki, Ukrayna Avropanın və NATO-nun dəstəyi ilə işğal olunmuş bütün torpaqlarını geri qaytarmağa qadirdir. ABŞ isə NATO ölkələrinə silah satmaqda davam edəcək və onlar bu silahdan istədikləri kimi istifadə edə bilərlər.

Onun bu bəyanatı Qərb mətbuatında və ekspert dairələrində əsl mənada çaşqınlıq yaradıb. Müxtəlif mənbələr bu bəyanatı müxtəlif cür yozur. Bu mülahizələrdə əsas ana xətt kimi isə Trampın bir növ Ukrayna müharibəsindən çıxmaq, məsuliyyəti Avropa və NATO-dakı tərəfdaşların üzərinə yıxmaq niyyəti göstərilir.

Məsələn, “The New York Times” qəzetinin yazdığına görə, Tramp mövqeyindəki bu “heyrətamiz dönüş”lə bağlı heç bir izahat verməyib və bu, onun münaqişədən uzaqlaşmağa çalışdığına dair narahatlıqlara səbəb olub. Qəzet yazır: “Bəzi avropalı məmurlar, Prezidentin müharibədən uzaqlaşaraq, vaxtilə günlər və ya həftələr içində həll edəcəyinə söz verdiyi münaqişədən “əllərini yumasından” şübhələnirlər”.

Nəşr xatırladır ki, prezident olduğu səkkiz ayı ərzində Tramp Ukrayna məsələsində çoxsaylı mövqelər arasında tərəddüd edib. Fevral ayında o, Oval kabinetdə Zelenskini tənqid etdi, daha sonra Putini təriflədi və Alyaskada onun üçün qırmızı xalça sərdi.

"İndi onun sözləri elə səsləndi ki, sanki yenidən Ukraynanın tərəfini tutur, eyni zamanda ikinci plana çəkilərək "hər iki ölkəyə ən yaxşısını arzulayıram" dedi”, - nəşr yazır.

Üstəlik, Trampın Ukraynanın Rusiyanı “məğlub edə” biləcəyini və əvvəlki sərhədlərinə qayıda biləcəyini iddia etdi.

Qeyd edək ki, Trampın bu fikri olduqca mübahisəlidir və bəlkə də sarkazm xarakteri daşıyır. Çünki Ukraynanın xüsusilə də canlı qüvvə sarıdan böyük problemləri var. Həmçinin, cəbhə boyu ərazilər sıx minalanıb, 20 kilometr dərinlikdə bütün ərazilər dronlar vasitəsilə qarşılıqlı olaraq vurulur. Bu şəraitdə kütləvi uğurlu hücum əməliyyatları hər iki tərəf üçün mümkünsüzdür. Elə buna görə, Rusiya aylardır bütün üstünlüklərinə baxmayaraq, yerində sayır.

Üstəlik, Ukraynanın resursları və ölkə daxilində ruh yüksəkliyi də Trampın dediyindən fərqli olaraq, o səviyyədə deyil ki, kütləvi əks-hücumla əraziləri qaytarmaq mümkün olsun.

Bu ziddiyyət “The New York Times”-ın məqaləsində də əks olunub. Orada qeyd olunur ki, “Tramp niyə indi Rusiya qüvvələri qarşısında son bir ildə davamlı olaraq kiçik əraziləri itirən Ukraynanın birdən-birə onu geri ala biləcəyinə inandığını izah etməyib”.

Nyu-Yorkda BMT-nin iclaslarında iştirak edən yüksək rütbəli NATO hərbi zabitlərindən birinin qeyd etdiyi kimi, Ukrayna Amerikanın ölkəyə yardımı pik həddə çatanda və Rusiya daha böyük qüvvələr toplaya bilmədikdə belə, Ukrayna öz mövqeyini möhkəmləndirə bilməmişdi.

Trampın məlum paylaşımından cəmi bir neçə saat sonra onun öz dövlət katibi Marko Rubio tam əks mövqedən çıxış edərək, faktiki Trampı təkzib etdi. Belə ki, Rubio Ukraynadakı müharibənin “hərbi yolla bitməyəcəyini” bəyan edib və Trampın əvvəlki mövqeyini əks etdirən müharibənin “danışıqlar masası arxasında bitəcəyi” tezisilə çıxış edib.

Hazırda maraqlı olan həm də Putinin Trampın “mövqeyini dəyişməsinə” necə reaksiya verəcəyidir. Qərb mətbuatında bir çoxları hesab edir ki, Putin bunu Trampın münaqişənin həllində iştirakdan geri çəkilməsi kimi qəbul edə, zamanın və təşəbbüsün Rusiyanın tərəfində olduğuna inanaraq həm Ukrayna, həm də Avropada hücumlarını və təhdidlərini gücləndirmək qərarına gələ bilər.

Bir sözlə, Trampın son paylaşımı da apardığı xarici siyasət kimi dolaşıq və ziddiyyətlidir. Kənardan isə belə təəssürat yaranır ki, 80 yaşı haqlayan və son 8 ayda 88 dəfə mövqeyini dəyişən ABŞ Prezidenti nə etmək və demək istədiyini heç özü də düz-əməlli bilmir…

C.Məmmədli

“AzPolitika.info” 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
azpolitika.info

1Mənbələr