AZ

Dünya Bankı: III Beynəlxalq Statistika Forumu çox mühüm mərhələdə keçirilir

Bakı, 24 sentyabr, AZƏRTAC

Müstəqil Dövlətlər Birliyinə (MDB) üzvü olan dövlətlətlərin Beynəlxalq Müqayisələr Proqramında fəal iştirak etməsi gələcək üçün olduqca ümidvericidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Dünya Bankının Beynəlxalq Müqayisələr Proqramı layihəsinin rəhbəri Marko Olavi Rissanen Bakıda keçirilən III Beynəlxalq Statistika Forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, forum statistika üçün çox mühüm bir mərhələdə keçirilir.

“Üç gün davam edəcək forumda biz əsas prioritetləri, 2024-cü il Beynəlxalq Müqayisələr Proqramının (BMP) cari mərhələsini, 2025-ci il Milli Hesablar Sisteminə keçidi, 2030-cu il əhali və mənzil siyahıya alınmasına hazırlığı və dayanıqlı inkişaf məqsədlərinin monitorinqini müzakirə edəcəyik. Müzakirə ediləcək mövzuları müasir texnologiyalar vasitəsilə rəsmi statistikanın modernləşdirilməsi, məlumat mənbələrinin daha sıx inteqrasiyası, həmçinin daha dayanıqlı institusional struktur kimi vahid xətt birləşdirir. Həmçinin BMP-yə həsr olunan xüsusi bir sessiya olacaq ki, burada proqramın qlobal və regional irəliləyişi, həmçinin iqtisadi və sosial təhlil üçün alıcılıq qabiliyyəti paritetinin əhəmiyyəti, eləcə də qarşıdakı illər üçün proqramın perspektivləri haqqında danışacağıq”, - deyən Dünya Bankının nümayəndəsi forumun milli statistika xidmətləri, beynəlxalq təşkilatlar və daha geniş statistika icması arasında təcrübə və ideyaların zəngin mübadiləsinə töhfə verəcəyinə əmin olduğunu bildirib.

Seçilən
50
3
azertag.az

4Mənbələr