AZ

Anım Günü - Qisas günü...

Yazını böyüt
Yazını kiçilt

Torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olur"...

Mən Ağdamı ya əvvəlki kimi, ya da ondan gözəl görmək istəyirəm. Həyatımın analı-atalı illəri, uşaqlığımın gözəl xatirələri qalıb orda. Anamın məzarı, qardaşımın məzarı qalıb orda... Ən gözəl illərim, günlərim qalıb orda. Birinci Qarabag müharibəsi Şəhidi Adil Behbudovun bacısı olaraq 30 il qələbə yazısını yazmağı arzulamışdım. Ruhun şad olsun nənəmin “yıxılı evin dirəyi” qardaş! Ruhun şad olsun xalamın 27 yaşlı, nişanlı oğlu Kamil qardaşım!

Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-də başlatdığı növbəti hərbi təcavüzə Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi ilə əks-hucumla cavab verildi, Vətən müharibəsi başladı. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi.

Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdi.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak oldu, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşdü, min nəfərdən artıq hərbi qulluqçumuz sağlamlığını itirdi.

İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olundu. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il 27 sentyabrın Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini məhv edərək tariximizə yeni bir gün yazdı. Şəhidlərimizin qisası alındı. Əlbəttə ki, bu 44 günün hər günü Azərbaycanın şanlı tarixidir. XXI əsrin müharibəsini aparan Azərbaycan hərbi gücü, qüdrəti ilə dünyaya səs saldı. 44 günün hər bir dəqiqəsini, saatını Qələbə sorağı ilə böyük həyəcan, səbirsizliklə gözləyirdik. Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi. Vətən müharibəsinin təntənəsi təkcə işğal altındakı torpaqların yağı düşməndən qurtuluşu deyil, eyni zamanda, Azərbaycan xalqının milli kimliyinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayişidir. Bunun təməlində həmrəylik, milli qürur, ləyaqət və güc dayanır. Biz həm ərazi bütövlüyümüzü, həm ədaləti, həm də milli ləyaqətimizi bərpa etdik.

Əbəs demirlər ki, torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olur. Vətən məhz torpağı uğrunda gözünü qırpmadan canından, qanından keçməyi bacaran oğullar sayəsində var olur. Qəhrəman oğullarımız 44 gün davam edən Vətən müharibəsinin hər gününü zəfər salnaməmizə çevirdi. Bu gün biz Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edirik. Şanlı Zəfər naminə həyatlarını qurban vermiş qəhrəmanlarımızı anırıq. Onlar əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirərək öz qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi sayəsində işğalçını darmadağın edib, ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Gülşən Behbud
/QHT sədri/

Seçilən
3
hafta.az

1Mənbələr