AZ

Kəmaləddin Heydərov Polşa səfiri ilə görüşüb

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski ilə görüşüb. FHN-in Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazir Kəmaləddin Heydərov səfir Pavel Radomskini səmimi salamlayaraq, Azərbaycan ilə Polşa arasında münasibətlərin qarşılıqlı hörmət və səmimi tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb. Bu çərçivədə, nazir həmsədri olduğu Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ötən müddət ərzində səmərəli fəaliyyətinə toxunub, qarşıda duran məsələlərdən danışıb.

Ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, o cümlədən Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə qonağa məlumat verən nazir Kəmaləddin Heydərov bu istiqamətdə iki dost ölkənin uyğun qurumları arasında əlaqələrin genişləndirilməsinin qarşılıqlı faydasını vurğulayıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən səfir Pavel Radomski iki ölkə arasında müxtəlif istiqamətlərdə münasibətlərin daim genişlənməsindən məmnunluq ifadə edib. Bu çərçivədə, səfir P.Radomski fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində iki ölkənin uyğun qurumları arasında əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğunu qeyd edib, bu istiqamətdə səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Seçilən
16
9
sia.az

10Mənbələr