AZ

Bakıda avtobus parkını yeniləməyə 1.4 milyard lazımdır Bu qədər vəsait haradan alınacaq?

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayevin dediyinə görə, paytaxtda gündəlik sərnişindaşıma fəaliyyətinə 2300 avtobus cəlb edilir. Onun sözlərinə görə, 27 avtobus daşıyıcısının yalnız 5-i ümumi avtobus parkının 58%-nə sahibdir və istismar etdikləri avtobusların orta yaş həddi hazırda 7 il təşkil edir. Digər daşıyıcıların istismarında olan avtobusların orta yaş həddi isə 12 ildir...

A.Rzayev vurğulayıb ki, yeni avtobus şəbəkəsinin tətbiqi ilə avtobusla sərnişindaşıma sistemində avtobuslara olan tələbatın 2800 ədəd olacağı gözlənilir.

AYNA rəhbərinin dediklərini şərh edən iqtisadçı Toğrul Vəliyev bildirir ki, normalda bir avtobus ictimai nəqliyyatda hardasa 10 il istismar olunmalıdır:

“Maraqlıdır, taksiyə dair maksimal yaş həddi və s. tələblər var, amma avtobuslara aid deyil. Görünür nəqliyyat qurumlarının işçiləri özləri ictimai nəqliyyatdan istifadə etmirlər deyə bu, onları maraqlandırmır. Başqa sözlə, 12 yaş ictimai nəqliyyat üçün çoxdur. 

Beləliklə, 2027-ci ilin yanvarın 1-nə 966 avtobus tamamilə əvəz olunmalıdır. Bu azmış kimi, indi orta yaşı 7 il olan avtobusların 2027-ci ildə 9 yaşı olacaq və beləliklə onlar da əvəz olunmalıdır. Nəticədə 2027-ci ilin əvvəlinə 2300 avtobusun tamamilə yenilənməsi lazımdır. Hələ əlavə 500 avtobus da alınmalıdır. Beləliklə, 2025-2027-ci illər ərzində ölkəyə və yalnız Bakı ictimai nəqliyyatını təmin etmək üçün 2800 avtobus lazımdır”. 

İqtisadçı xatırladır ki, elektrik avtobusların orta qiyməti 500 min manat civarındadır: “Başqa sözlə, bu qədər avtobusun yenilənməsi üçün üç il ərzində 1,4 milyard manat lazım olacaq. Maraqlıdır, bu vəsaitlər haradan tapılacaq? Yəni bəllidir ki, artıq Bakı, Gəncə və s. ictimai nəqliyyatında kiçik şirkətlər olmayacaq. Yalnız iri şirkətlər qalacaq. Onlardan biri də dövlət şirkəti olan “BakuBus” olacaq. Təxmin edirəm ki, bu vəsaitin əhəmiyyətli hissəsi onun payına düşəcək”.

T.Vəliyev sonda dövlət büdcəsindən yalnız Bakının ictimai nəqliyyatına bu qədər vəsaitin ayrılıb-ayrılmayacağının sual altında olduğunu qeyd edir.

Rasim

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
azpolitika.info

2Mənbələr