AZ

Lazada palçıqlı sel fəsadlar törətdi FOTOLAR

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qusar rayonunun Laza kəndində palçıqlı sel fəsadlar törədib, kənd daxilində hərəkət çətinləşib.

Globalinfo.az “Report”a istinadən bildirir ki, Qusarda yağan leysan yağışlarının səbəb olduğu palçıqlı sel rayonun ucqar yaşayış məntəqələrindən olan Laza kəndində ciddi problemlər yaradıb.

Kənddə leysan yağışlarının yaratdığı fəsadlar sakinlərin gündəlik həyatına təsirsiz ötüşməyib. “Qızılqaya” dağ massivindən başlayaraq kəndin mərkəzindən keçən Laza çayı məcrasından çıxıb.

Lazanı iki hissəyə ayıran çayın daşması nəticəsində Lazaya axan palçıqlı sel kəndin bir tərəfindən digərinə piyada keçidi mümkünsüz edib.

Sakinlər “Report”un yerli bürosuna bildiriblər ki, Laza çayı hər il bir neçə dəfə daşır və bu, ciddi fəsadlara səbəb olur. Ona görə də problemin birdəfəlik həlli üçün çayın kənarına beton bəndlərin vurulması vacibdir.

Yaranmış vəziyyətdən narahatlığını bildirən kənd sakin Məqsəd Əzizov selin onlara böyük çətinlik yaşatdığını deyib:

“Çətinlik böyükdür, bütün yolları lil basıb. Kənddə hərəkət edə bilmirik. Elə yerlər var ki, oradan maşınsız keçmək mümkün deyil”.

Digər sakin Xalid Əzizov da kənd daxilində yalnız iritutumlu maşınların hərəkət edə bildiyini vurğulayıb:

“Kəndin o tərəfinə getmək çətinləşib. Nəinki piyada, heç yüngül maşınla da getmək olmur. Bu vəziyyət ildə bir neçə dəfə təkrarlanır. Sonuncu dəfə 1993-cü ildə kəndi bu cür palçıq seli basmışdı. O vaxt üç ev kəndə axan lilin altında qalmışdı”.

Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Aslanşah Abuyev məsələ ilə bağlı “Report”un yerli bürosuna bildirib ki, selin törətdiyi fəsadların aradan qaldırılması üçün əraziyə xüsusi texnika cəlb olunub:

“Hazırda lillə dolmuş yolların təmizlənməsi və sel sularının istiqamətləndirilməsi üçün tədbirlər görülür. Gələcəkdə Laza çayı boyunca beton bəndlərin vurulması nəzərdə tutulur. Bu ilin planına isə rayonun Balaqusar kəndində daş beton bəndin tikintisi daxil edilib”.

Qeyd edək ki, hazırda bölgədə intensiv yağış səngiyib və laza çayında suyun səviyyəsi aşağı düşüb. Həmçinin Qusar Rayon İcra Hakimiyyəti və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ərazidə növbətçilik tətbiq olunub.

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
1
globalinfo.az

2Mənbələr