Sumqayıt Kommersiya Məhkəməsində mübahisəyə baxıldığı zaman məhkəmə prosesi iştirakçılarından biri işin gedişinə mane olub.
Gundem.az xəbər verir ki, cavabdeh tərəfin nümayəndəsinin dəfələrlə əsassız vəsatətlər qaldırmağı prosessual davranış qaydalarının pozulması kimi qiymətləndirilib. Məhkəmənin qərarı ilə həmin nümayəndəyə inzibati cərimə tətbiq edilib.
Daha sonra o, məhkəməyə təqdim etdiyi ərizədə hakimi təhqir edən ifadələr işlədib, bu hərəkəti ilə məhkəməyə açıq hörmətsizlik nümayiş etdirib. Belə ki, qeyri-etik davranış məhkəmənin nüfuzunu alçaltmaqla yanaşı, prosessual tərəflərin hüquqlarının müdafiəsinə də mane olub.
Məhkəmə baş vermiş halları nəzərə alaraq xüsusi qərardad qəbul edib və materialları müvafiq istintaq orqanına göndərib. Aparılmış araşdırma nəticəsində nümayəndənin əməllərində Cinayət Məcəlləsinin 289.2-ci maddəsi (hakimə hörmətsizlik etmə) ilə nəzərdə tutulan cinayət tərkibi müəyyən edilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, məhkəmə proseslərində iştirak edən şəxslərin davranışları qanunla ciddi şəkildə tənzimlənir. Hakimin və ya digər iştirakçıların təhqir edilməsi təkcə etik qaydaların pozulması deyil, həm də cinayət məsuliyyəti yaradan əməldir. Bəzən bu tələblərin pozulması praktiki müstəvidə də özünü göstərir.