Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Dağın çətin hesab olunmasına yalnız hündürlüyü deyil, başqa amillər də təsir göstərir. Təcrübəli alpinistlər bilirlər ki, zirvəyə qalxmazdan əvvəl ciddi hazırlıq lazımdır. Lakin bəzən bütün hazırlığa baxmayaraq, dağın əlçatmazlığı insandan asılı olmayan səbəblərdən qaynaqlanır.
Qaynarinfo xarici mediaya istinadən dünyanın ən çətin dağlarını təqdim edir.
Çətinliyin təsnifatı
Alpinistlər üçün dağın əlçatmazlığı fərqli ola bilər, lakin ümumi qəbul edilmiş təsnifat da mövcuddur. Məsələn, Antarktidada yerləşən Saypl dağı cəmi 3110 metr hündürlüyə malik olsa da, həddindən artıq soyuq iqlim, güclü qar və küləklər alpinistlərin nəinki zirvəyə, hətta ətəklərə çatmasını belə mümkünsüz edir.
Bəzi dağlara isə dini səbəblərdən qalxmaq qadağandır. Nepalda Maçapuçare və Çində Kailas dağlarına turistlərin yaxınlaşmasına icazə verilmir.
Çətinlik həm də marşrutun mürəkkəbliyi və ölüm göstəriciləri ilə müəyyənləşir. Misal üçün, Montblan və Denali kimi nisbətən alçaq dağlarda təhlükə daha çox turistlərin hazırlıqsızlığından qaynaqlanır.
Ən təhlükəli 5 zirvə
Annapurna I (8091 m, Nepal) - Himalaylarda yerləşən bu zirvə ən ölümcül dağlardan sayılır. 2022-ci ilə qədər bura qalxanların təxminən 22 faizi həlak olub. Maraqlıdır ki, Annapurna 1950-ci ildə ilk fəth edilən səkkizminlik olmuşdu.
Kançencanqa (8586 m, Nepal-Hindistan sərhədi) - Hindistanın ən yüksək nöqtəsi hesab olunan bu zirvəyə ilk uğurlu qalxış yalnız 1955-ci ildə baş tutub. Uzun müddət qadın alpinistlərin burada həlak olması barədə əfsanələr dolaşırdı. 1998-ci ildə Cinet Harrison zirvəni fəth edən ilk qadın olub.
K2 (8614 m, Pakistan–Çin sərhədi) - Çoğori və ya Qoduin-Osten kimi tanınan K2 alpinistlər tərəfindən texniki baxımdan Everestdən də çətin hesab olunur. 2022-ci ilə qədər burada 700 nəfər olub, onlardan 96-sı həyatını itirib.
Dhaulagiri I (8167 m, Nepal) - "Dhaulagiri” sanskrit dilində "ağ dağ” deməkdir. Burada daimi qar uçqunları və daşqınlar alpinistlər üçün ciddi təhlükə yaradır. İlk uğurlu qalxış 1960-cı ildə baş verib.
Nanga Parbat (8125 m, Pakistan) - Urduda "çılpaq dağ”, sanskritdə isə "tanrıların dağı” mənasını verir. Ən qorxulu səkkizminliklərdən biri olan Nanga Parbat qəfil qar fırtınaları, duman və uçqunlarla tanınır. İlk uğurlu qalxış 1953-cü ildə Herman Bulun rəhbərliyi ilə həyata keçirilib.
Bu zirvələr hündürlükləri ilə yanaşı, təbiət hadisələrinin gözlənilməzliyi, mürəkkəb marşrutları və tarixi faciələrlə yadda qalıb. Ona görə də ən təcrübəli alpinistlər üçün belə ciddi sınaq sayılır.
Aydın
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.