
Xaçmazda dostunun oğluna Odlar Yurdu Universitetinin diplomunu almaq adı ilə dələduzluq edən şəxs həbs edilib.
Gender.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə Xaçmaz şəhəri ərazisində baş verib.
Şəhər sakini, 1976-cı il təvəllüdlü Sabir Aslanov (adı və soyadı şərtidir) rayon ərazisində maklerliklə məşğul olub. O, dostu Ramillə danışarkən məlum olub ki, Ramil hərbi xidmətdən qayıdan oğluna diplom almaq istəyir. O, Ramilə yalan vəd verərək Odlar Yurdu Universitetində tanışının olduğunu və oradan diplom ala biləcəyini bildirib. Sabir bu adla Ramillə 15 min manata razılaşıb. O, Ramilə bildirib ki, diplomu almaq üçün 6 min manat əvvəldən, diplom təhvil veriləndən sonra isə 9 min manat verməlidir.
Ramil də onunla razılaşıb və bu barədə oğlu Raufla məsləhətləşib. Oğlu diplom almağa razı olduğunu deyib.
Bundan sonra Ramil Sabirlə görüşüb və ona ilkin olaraq 5 min 500 manat, bir neçə gündən sonra isə 500 manat verib. Sabir pulu alarkən Ramillə borc müqaviləsi imzalayıb və müqavilədə göstərib ki, şəxsi ehtiyacları üçün Ramildən 6 min manat borc alıb.
Sabir Ramilə bildirib ki, 6 aya diplomu alıb, təsdiqlədib ona təqdim edəcək.
Amma həmin vaxtdan 6 aydan çox vaxt keçməsinə baxmayaraq, Sabir verdiyi sözə əməl etməyib, müxtəlif bəhanələrlə prosesi uzadıb. Nəticədə Ramil polisə müraciət edib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Sabir Aslanov saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.
Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə S.Aslanov 2 il 3 ay azadlıqdan məhrum edilib.