AZ

Prokurorluq İmişlidəki kütləvi zəhərlənməni araşdırır - - YENİLƏNDİ

BAKI, 24 sentyabr. TELEQRAF

Sentyabrın 23-də İmişli rayonu Muradxanlı kəndi ərazisində yerləşən yaşayış evlərindən birinin həyətində keçirilən məclisdə iştirak etmiş şəxslərdən 55 nəfərin növbəti gün qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.

Teleqraf xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında qeyd olunur.

"Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yaşayış evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub" - Məlumatda qeyd olunur.

***

18:50

Sentyabrın 24-də saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 20 nəfər (4-ü uşaq olmaqla 7-si kişi, 13-ü qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-a TƏBİB-dən məlumat verilib.

"Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib. 14 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində, 4 azyaşlının müalicəsi Uşaq şöbəsində, 1 nəfərin (kişi cinsli) müalicəsi Poliklinika şöbəsində, digər 1 nəfərin müalicəsi isə (qadın cinsli) Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir. Pasiyentlərin hər birinin vəziyyəti stabil qiymətləndirilir", məlumatda deyilir.

***

18:36

İmişli rayonunda baş vermiş hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.

Bu barədə Teleqraf-a Agentlikdən bildirilib.

İlkin araşdırma zamanı məlum olub ki, hadisə rayonun Muradxanlı kəndində təşkil olunan kiçik toy mərasimi zamanı baş verib. Agentliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərək müvafiq müayinələr aparılır. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. Nəticə ilə bağlı əlavə məlumat veriləcək.

Agentlik bir daha ev şəraitində hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini diqqətə çatdırır.

***

17:44

İmişli rayonunun Muradxanlı kəndində kütləvi zəhərlənmə olub.

Bu barədə Teleqraf-a Murаdхаnlı kəndi bələdiyyəsinin rəhbəri İlham Nəcəfov məlumat verib.

Onun sözlərinə, ötən gün axşam Elxan Əhmədov nəvəsinə kiçik toy məclisi keçirib. Toyda iştirak edən insanların bəziləri zəhərlənmə faktı ilə bağlı bu gün xəstəxanaya müraciət ediblər.

"İlkin olaraq xəstəxanaya beş nəfər müraciət etmişdi. Amma sonradan müraciət edənlərin sayı artdı. Son məlumatlara görə, 18 nəfər zəhərlənib. Zəhərlənmənin hansı qidadan olduğuna dair fikir bildirmək çətindir. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları da məsələdən xəbərdardırlar. Hazırda məsələ ilə bağlı araşdırma aparılır".

Seçilən
14
10
teleqraf.com

10Mənbələr