AZ

Azər Qasımlının məhkəməsi: “Mafiya sizi konkret harada təhdid eləyib?”

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Siyasi Menecment İnstitutunun direktoru, həbsdə olan politoloq Azər Qasımlının işi üzrə məhkəmə prosesi sentyabrın 24-də davam etdirilib.

Bizimyol.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyilə keçirilən budəfəki məhkəmə prosesində iş üzrə zərərçəkmiş qismində tanınan Qurbanəli Yusifov sualları cavablandırıb. O, həm Azər Qasımlının, həm də onun vəkilləri Aqil Layıc və Rövşanə Rəhimlinin suallarına cavab verib.

Qeyd edək ki, Azər Qasımlıya qarşı Cinayət Məcəlləsinin 182.3.2 (hədə-qorxu ilə tələbetmə, zor tətbiri hədəsi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İttihama əsasən, o, Qurbanəli Yusifovu aralarında yaranmış 20000 dollar borc məsələsi ilə əlaqədar hədələyib. Qurbanəli Yusifov iddia edir ki, Azər Qasımlı ondan pulu almaq üçün uşağını qaçırmaq, atasını öldürməklə hədələyib.

Azər Qasımlı isə ittihamı rədd edir, Qurbanəli Yusifovun yalan danışdığını bildirir.

Zərərçəkmiş qismində tanınan Qurbanəli Yusifov ifadəsində bildirmişdi ki, o, Azər Qasımlının təhdidlərinə görə Azərbaycanı tərk edərək, Türkiyəyə getmişdi. O bildirib ki, Azər Qasımlıya görə mafiya onu Türkiyədə - Antalyada olanda da zəng edərək təhdid edib.

Azər Qasımlının vəkili bu məsələ ilə əlaqədar zərərçəkmişə sual verərək bildirib ki, o, hər ifadəsində bir şəhərdə mafiyanın onu təhdid etdiyini bildirir: “Bir yerdə deyirsiniz ki, mafiya məni Bakıda təhdid elədi. Bir ifadədə deyirsiniz ki, Antalyada olanda zəng elədilər. Xalanız oğlu isə ifadəsində deyir ki, siz İstanbulda olanda təhdid olunmusunuz. Mafiya sizi konkret harada təhdid eləyib?”

Vəkil Rövşanə Rəhimli isə Qurbanəli Yusifovun dindirməsi başa çatmadan onun istintaqa ifadəsinin məhkəmədə elan olunmasına etiraz edib. Vəkil bildirib ki, bu, qanuna ziddir. Həmin ifadə ötən məhkəmə iclasında elan edildiyinə görə vəkil onun sübutlar siyahısından çıxarılması barədə vəsatət qaldırıb.

Vəsatət təmin olunmayıb.

Zərərçəkmişin dindirməsi başa çatıb.

Azər Qasımlının işi üzrə məhkəmə prosesi oktyabrın 1-də şahidlərin ifadələri ilə davam edəcək.

Qeyd edək ki, Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb. O bildirir ki, Qurbanəli Yusifovu hədələməyib, qarşı tərəf özü ona borclu olduğunu dəfələrlə etiraf edib. Bununla bağlı Mingəçevir Şəhər Məhkəməsində mülki qaydada onun xeyrinə çıxarılmış məhkəmə qərarı da var. Daha sonra Şirvan Apellyasiya Məhkəməsi həmin qərarı ləğv edib. Apellyasiya məhkəməsinin qərarında göstərilib ki, belə mübahisəyə kommersiya məhkəməsi baxmalı idi.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
bizimyol.info

1Mənbələr