Bakı, 20 dekabr, AZƏRTAC
Dekabrın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi-Tədqiqat Mərkəzinin (ADPU ETM) əməkdaşlarının “Heydər Əliyev İli” çərçivəsində hazırladığı “Heydər Əliyev irsi və müasir Azərbaycanın inkişafının bəzi məsələləri” adlı məqalələr toplusunun təqdimat mərasimi keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, məqalələrdə Azərbaycanın iqtisadi-siyasi və mədəni-humanitar həyatında Ulu Öndərin çoxşaxəli fəaliyyətinin mühüm aspektləri tədqiq edilir. Kitabın “Ön söz”ünün müəllifi ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, elmi redaktoru isə universitetin Elmi-Tədqiqat Mərkəzinin müdiri dosent Ərəstun Mehdiyevdir. Toplu ADPU Elmi şurasının qərarı ilə nəşr edilib.
Tədbiri açan ADPU-nun rektoru professor Cəfər Cəfərov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev xalqımızın çoxəsrlik tarixində yetişdirdiyi görkəmli siyasi və dövlət xadimlərindən, nadir şəxsiyyətlərdən biri kimi bu sırada öz layiqli yerini tutur. Onun həyat yolu, xalqımız qarşısındakı əvəzsiz xidmətləri, zəngin siyasi və dövlət idarəçiliyi irsi tədqiqatçılar üçün aktual mövzular verir. Heydər Əliyevin fəaliyyətini böyük əzmkarlıq, yüksək peşəkarlıq, məqsədyönlülük, doğma xalqına sevgi və sədaqətlə xidmət kimi ali və nəcib keyfiyyətlər səciyyələndirib. Bu gün ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin ideyaları yaşayır, arzuları gerçəkləşir. Ərazi bütövlüyünü bərpa edən müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf yolunu əzmlə davam etdirir.
Sonra ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, Elmi-təşkilati şöbənin müdiri professor İbrahim Bayramov, İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri professor Fərrux Rüstəmov, ETM-in müdiri dosent Ərəstun Mehdiyev, Azərbaycan tarixi kafedrasının müdiri dosent Naibə Əhmədova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edib, təqdim olunan kitabı Ulu Öndərin 100 illik yubileyinə töhfə kimi dəyərləndiriblər.







