AZ

Məktəblinin telefonunu arxa cibindən çıxararaq qaçan şəxsə cəza verildi

Abşeron Rayon Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Nəbi Məlikovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 1 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum edilib.


İttiham aktına görə, hadisə 2024-cü il tarixdə, saat 14:30 radələrində Abşeron rayonu, Xırdalan şəhərində, “İrşad Telekom” mağazasının yaxınlığında qeydə alınıb.


Belə ki, Nəbi Məlikov həmin vaxt oradan keçən, 2009-cu il təvəllüdlü zərərçəkmiş Səbinə Həsənovanın (adı, soyadı şərtidir) şalvarının arxa cibində olan, bazar qiyməti 800 manat təşkil edən “Samsung” markalı mobil telefonunu görərək onu açıq-aşkar talamağa qərar verib. O, zərərçəkmişin diqqətini yayındırmadan arxadan yaxınlaşaraq cibindəki mobil telefonu çıxarıb götürüb. Zərərçəkmiş isə bu hərəkəti hiss edib qışqırmağa başlayıb. Təqsirləndirilən şəxs hadisə yerindən qaçaraq mobil telefonla birlikdə uzaqlaşıb.


Hadisədən sonra Nəbi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Nəbi Məlikov həm ibtidai istintaqda, həm də məhkəmə baxışı zamanı özünü təqsirli bilib, hadisəni təsdiqləyib və peşman olduğunu deyib. O, hazırda əməlindən peşman olduğunu, mobil telefonu təqdim etdiyini söyləyib.


Zərərçəkmiş Səbinə Həsənovanın ifadəsinə görə, o, bacısı ilə birlikdə Xırdalan şəhərində yerləşən “Missiya Təhsil Mərkəzi”nə gedərkən cibində olan “Samsung” markalı mobil telefonunun birdən arxa cibindən çıxarıldığını hiss edib. O, tez arxaya dönərək orta boylu, seyrək saçlı, qara gödəkçəli və yaşıl cins şalvarlı bir şəxsin əlində onun telefonla qaçdığını görüb. Zərərçəkmiş arxasınca qaçsa da, həmin şəxsə çata bilməyib.


Zərərçəkmişin anası, qanuni nümayəndə qismində məhkəməyə ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmadığını qeyd edib.

Kamal Məmmədov 

Tarix: 25 Sentyabr 2025, 09:21   
Seçilən
411
10
pravda.az

10Mənbələr