AZ

BMT də islahat zərurəti etiraf olunur

ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qafqazda davamlı sülh isə dünyaya ünvanlanan barış mesajıdır

Hazırda Rusiya–Ukrayna, HƏMAS və İsrail arasındakı müharibələr qlobal gündəliyin əsas mövzularındandır. Bu münaqişələrdə tərəflər arasında konsensus əldə etmək hələ də mümkün olmayıb. Əsas səbəb isə siyasi iradənin və tərəflərin kompromisə açıq olmamasıdır. Bu isə onu göstərir ki, hər hansı münaqişənin həlli üçün ilk növbədə qəti siyasi iradə tələb olunur.

Azərbaycan və Ermənistan arasında 30 il davam edən Qarabağ münaqişəsi artıq sülh mərhələsinə qədəm qoymaqdadır. Bunun səbəbi 2020-ci ildə İkinci Qarabağ müharibəsindən dərhal sonra rəsmi Bakının sülh təşəbbüsü göstərməsidir. Azərbaycan konstruktiv mövqeyini ortaya qoyaraq, qarşı tərəfə sülh əlini uzatdı və regionda yeni əməkdaşlıq imkanlarının yaranmasına zəmin yaratdı. Düzdür, Ermənistanın siyasi rəhbərliyi bu məsələdə müəyyən müddət tərəddüd və gecikmələr etdi, amma ötən ay Vaşinqtonda Bakı və İrəvan arasında sülh sazişinin paraflanması münaqişəyə son qoydu. Birgə Bəyannamə həm region, həm də beynəlxalq müstəvidə tarixi əhəmiyyət daşıyır. Bunu BMT-nin Baş katibi Antonio Quterreş BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında bəyan etdi. O, Ermənistan və Azərbaycan arasında Vaşinqtonda imzalanmış Bəyannamənin bütün dünya üçün müsbət siqnal adlandırıb. Baş katib nitqində ötən ilin beynəlxalq münasibətlərinə nəzər salaraq, bəzi müsbət hadisələri vurğulayıb. Onların sırasında Kamboca və Tayland arasında atəşkəsin əldə olunması, ABŞ-ın vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanması xüsusi vurğulanıb: “Bunlar ümidverici nümunələrdir. Lakin çoxsaylı böhranlar hələ də həllini tapmayıb”. Göründüyü kimi, Azərbaycan və Ermənistan arasında paraflanan saziş qlobal diplomatiya üçün nümunə sayılır. İllərlə davam edən münaqişələr diplomatik vasitələrlə həll oluna bilər və tərəflərin nümayiş etdirdiyi siyasi iradə prosesin ən vacib şərtidir. Qarabağ münaqişəsinin birdəfəlik həlli regional layihələrə, enerji və nəqliyyat əlaqələrinin inkişafına müsbət təsir göstərəcək.

Qeyd edək ki, Prezident Donald Tramp 2025-ci ildə ikinci dəfə ABŞ rəhbərliyinə qayıtdıqdan sonra bir sıra beynəlxalq münaqişələrin həllinə vasitəçilik edib. Onun təşəbbüsləri ilə əldə olunan atəşkəs və sülh razılaşmaları müxtəlif regionlarda müsbət nəticələr verib. Vaşinqtonun vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmaya əsasən, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Zəngəzur dəhlizinin (TRIPP) açılması nəzərdə tutulub. Bu, “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adlandırılıb. Eyni zamanda, iyul ayında Kamboca və Tayland sərhədində baş verən silahlı toqquşmalardan sonra ABŞ Prezidenti Donald Tramp bu iki ölkə arasında atəşkəsin əldə edilməsinə nail olub. İsrail və İran arasında baş verən və 12 gün davam edən müharibədə tam atəşkəs razılaşması əldə olunub. İki nüvə ölkəsi olan Pakistan və Hindistan arasında da atəşkəsin təmin olunmasında ABŞ-ın vasitəçiliyi mühüm rol oynayıb. Bu təşəbbüs ABŞ Konqresində alqışlanıb, bəzi deputatlar Donald Trampın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsini təklif ediblər. Bundan başqa, Ağ Ev Ruanda və Konqo Demokratik Respublikası arasında da atəşkəs və sülh razılaşmalarının əldə olunmasına yardım göstərib.

Amma burada diqqətçəkən vacib məqam BMT kimi ali beynəlxalq qurumun müharibələrin qarşısının alınmaqda acizlik göstərməsidir. Təşkilatın əsas funksiyası dünyanın sülh və təhlükəsizliyini qorumaq, dövlətlər arasında əməkdaşlığı təmin etmək və beynəlxalq problemləri həll etməkdir. Qurumun öz öhdəliklərini yetirə bilməməsi ona olan etimadı azaldır. ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərək bir sıra qlobal məsələlərə dair sərt mövqeyini ortaya qoyub. Ağ Evin rəhbəri BMT-ni münaqişələrin həllində səmərəsiz olmaqda ittiham edərək, “BMT-nin məqsədi nədir?“ sualını səsləndirib. O, özünün bir sıra beynəlxalq məsələlərdə vasitəçiliyini və BMT-nin bu məsələlərdə iştirak etmədiyini nəzərə çatdırıb.

ABŞ liderinin çıxışı bir daha BMT-də və onun bütün qurumlarında islahatların vacibliyini gündəmə gətirir. Bir sıra ölkələr, o cümlədən Azərbaycan Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artırılmasını dəstəkləyir. BMT-nin əsas problemlərindən biri odur ki, yalnız Təhlükəsizlik Şurasının qətnamələri bütün üzv ölkələr üçün icbaridir. Baş Assambleyanın qərarları və BMT konvensiyaları isə tövsiyə xarakteri daşıyır və üzv dövlətlərin könüllü razılığına əsaslanır. Təşkilatın effektiv olmaması əsasən qətnamələrin icra edilməməsi ilə bağlıdır. Məsələn, bir vaxtlar Təhlükəsizlik Şurası Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından hərbi qüvvələrinin qeyd-şərtsiz çıxarmasını tələb edən 4 qətnamə qəbul etmişdi, amma Ermənistan onları yerinə yetirmədi. Eyni tendensiya İsrail–Fələstin və İsrail–Suriya münasibətlərində də müşahidə olunur. Bu, onu göstərir ki, BMT qəbul etdiyi qərarların həyata keçirilməsində çətinliklərlə üzləşir və təşkilatda ciddi islahatların aparılmasına ehtiyacı var.

Bu gün bir çox ölkə BMT Təhlükəsizlik Şurasında daimiz üzvlük uğrunda mübarizə aparır. Türkiyə və Almaniya özlərini namizəd kimi təqdim etsələr də, bunun reallaşması indiki məqamdə mümkün görünmür. BMT Nizamnaməsinə görə, islahat yalnız bütün daimi üzvlərin razılığı ilə baş tuta bilər.

Fikrət SADIXOV,Qərbi Kaspi Universitetinin professoru, politoloq

– Hər bir ölkə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməlidir. Əgər ərazilər işğal altındadırsa, bu, dövlətin təbii haqqıdır. Bunun üçün bütün vasitələrdən – həm diplomatik, həm də hərbi gücdən istifadə olunmalıdır. Biz də məhz bunu edərək, həm region dövlətlərinə, həm də dünya birliyinə gücümüzü, diplomatik çevikliyimizi nümayiş etdirdik.

Bizim buna tam hüququmuz var idi. Çünki beynəlxalq hüquq normalarına əsaslanırdıq. Üstəlik, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş, Azərbaycanın xeyrinə olan qətnamələrə söykənirdik. Bütün bu amilləri nəzərə alaraq, suverenliyimizi bərpa etməyimiz, əlbəttə, digər dövlətlər üçün də nümunə olmalıdır.

Ukraynalı bir sıra ekspertlər Azərbaycanın təcrübəsini nümunə göstərərək hesab edirlər ki, onlar da Azərbaycan kimi həm diplomatiya, həm də hərbi sahədə analoji addımlar atmalıdırlar. Bu, onlar üçün bir örnək rolunu oynayır.

Eyni zamanda, 44 günlük müharibədən dərhal sonra biz sülh təşəbbüsü ilə çıxış edərək 5 prinsip irəli sürdük. Vaşinqtonda paraflanan Ermənistan–Azərbaycan sülh müqaviləsi məhz həmin prinsiplər əsasında hazırlanıb. Əslində, müqavilənin layihəsi tam şəkildə Azərbaycan tərəfindən irəli sürülən prinsiplərə söykənir. Bu isə o deməkdir ki, Azərbaycan artıq kifayət qədər güclü aktora çevrilib. Dünya birliyi Azərbaycan reallıqlarını başa düşür, yüksək qiymətləndirir.

Rizvan HÜSEYNOV,politoloq

– Əslində, əldə olunan sülhün əsas müəllifi Azərbaycandır. Ölkəmiz 44 günlük Vətən müharibəsində və cəmi birgünlük antiterror əməliyyatı nəticəsində sülhə nail oldu. Bu, Ermənistanın və onun arxasında duran havadarlarının deyil, məhz ölkəmizin qələbəsidir.

Uzun illərdir ki, Minsk qrupunun həmsədrləri — Fransa, Rusiya və ABŞ ədalətli sülhün qarşısını alır, müxtəlif bəhanələrlə prosesə əngəl törədir, Ermənistanın işğalçılıq siyasətinə isə açıq və gizli dəstək verirdilər. BMT isə həmin dövrdə susurdu. Halbuki bu təşkilatın Ermənistan ordusunun Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən 4 qətnaməsi vardı. Amma nə həmin qətnamələr icra olundu, nə də onların icrası üçün real addım atıldı. Bugünkü reallıq isə tamam fərqlidir. Azərbaycan həm hərbi, həm siyasi, həm də diplomatik müstəvidə qalib ölkədir. Ermənistan artıq sülhə razılaşmağa məcburdur. Bu gün sülhün çoxlu “şərikləri” ortaya çıxsa da, Azərbaycan müdrik siyasət göstərərək bunu qabartmır. Çünki əsas məqsədimiz bölgədə davamlı sülh və sabitliyin təmin edilməsidir.

Müasir tarixdə belə bir nümunə yoxdur ki, bir ölkə işğal altında olan bütün torpaqlarını öz gücü ilə azad etsin. Azərbaycan bu mənada yeganə pozitiv misaldır. Məhz buna görə də indi müxtəlif qüvvələr bu nümunədən istifadə edərək özlərinə siyasi portfel formalaşdırmağa çalışırlar. ABŞ-da Donald Trump, BMT-nin Baş katibi Antonio Quterreş və başqaları bu prosesin dəstəkçiləri kimi çıxış edirlər. Nə deyirik, təki ədalətli sülhün dəstəkçiləri çox olsun.

Musa BAĞIRLIXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
50
xalqqazeti.az

10Mənbələr