AZ

Hər damla su həyat cövhəri, bolluq qaynağıdır

İnsanlığı qlobal su sınağı gözləyir

Azərbaycan dövləti özünün sosial-iqtisadi inkişaf modelində strateji resursların idarə olunmasına xüsusi önəm verir. Bu baxımdan, su ehtiyatları və onlardan səmərəli istifadə təkcə ekoloji və bioloji deyil, həm də milli təhlükəsizlik, ərzaq təminatı və siyasi sabitlik baxımından mühüm əhəmiyyət daşıyır. Dünyada gedən qlobal ekoloji proseslər, xüsusilə iqlim dəyişiklikləri və geosiyasi gərginliklər fonunda su problemi bir çox ölkələr üçün həyati məsələyə çevrilib. Azərbaycan da bu çağırışdan kənarda deyil. Ölkəmiz ciddi problemlə qarşı-qarşıyadır.

Statistik rəqəmlər də təsdiqləyir ki, Azərbaycanın təbii su ehtiyatları region ölkələri ilə müqayisədə olduqca məhduddur. Belə ki, Cənubi Qafqaz regionunda mövcud su ehtiyatlarının cəmi 10 faizi ölkəmizin payına düşür. Üstəlik, ümumi su ehtiyatlarımızın 70–75 faizi transsərhəd çaylardan formalaşır. Bu asılılıq geosiyasi riskləri artırır və su təhlükəsizliyini strateji təhlükəsizlik məsələsinə çevirir.

İqlim dəyişiklikləri də ölkəmizin su balansına mənfi təsir göstərir. Əgər əvvəlki illərdə Azərbaycanın illik su ehtiyatı, təxminən, 30 kubkilometr idisə, hazırda 22–23 kubkilometrə qədər azalıb. Bu isə həm içməli su, həm kənd təsərrüfatı, həm də sənaye sahələrində ciddi çətinliklər yaradır. Dünya Resursları İnstitutunun məlumatına görə, 2050-ci ilə qədər ölkəmiz “orta-yüksək” su qıtlığı riski kateqoriyasında olacaq. BMT-nin hesabatında isə bu ehtiyatların 2040-cı ilə qədər 5–10 faiz, bəzi ssenarilərə görə isə 15 faizə qədər azalacağı bildirilir.

Belə vəziyyət ölkənin su təhlükəsizliyini mürəkkəbləşdirir, gələcəkdə yeni böhranların yaranması ehtimalını artırır. Bununla bağlı Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Nəriman Paşayev dedi ki, ölkə ərazisinin 66,4 faizi quru subtropik iqlim qurşağında yerləşir:

– Qalan 30 faizdən bir qədər artıq ərazi mülayim iqlimə malikdir. Bu isə o deməkdir ki, Azərbaycanın əksər bölgələri iqlim dəyişikliyinin yaratdığı quraqlıq risklərinə həssasdır. Ona görə də iqlimdə baş verən dəyişiklik və onun səbəb olduğu quraqlıq ciddi su problemi yaradır. Kür – Araz, Samur – Dəvəçi, Abşeron – Qobustan ovalıqları, Naxçıvanın Araz çayı boyu düzənliyi iqlim dəyişikliyinə daha çox məruz qalır. Yarımsəhra və quru çöl iqlimində olan bu ərazilərdə böyük su çatışmazlığı var.

Üstəlik, ən iri və strateji əhəmiyyət daşıyan çaylarımız ölkədən kənarda formalaşır. Kür və Araz Türkiyədən, Samur çayı isə Rusiyadan daxil olur. Bu transsərhəd sular Azərbaycanın ümumi su balansının əsasını təşkil edir. Belə vəziyyətdə qonşu ölkələrdə Kür və Araz çayları üzərində inşa edilən su anbarları Azərbaycanın bu çaylardan əldə etdiyi suyun həcmini əhəmiyyətli dərəcədə azaldır. Bundan başqa, kənd təsərrüfatı və sənaye sektorunda suya olan tələbatın artması da əlbəttə ki, transsərhəd çaylardan aşağı axımlara ötürülən suyun azalmasına səbəb olur. Bu isə öz növbəsində, Azərbaycanın içməli su təminatına, suvarma sistemlərinə və ümumi su balansına mənfi təsir göstərir.

Coğrafiya İnstitutunun şöbə müdiri İsmayıl Quliyev isə bildirdi ki, Azərbaycanda formalaşan suyun cəmi 2,5 faizi içməli sudur, 70 faizdən çoxu suvarmada istifadə olunur:

– Hər il qonşu ölkələrdən gələn yerüstü sular azalır. Digər tərəfdən qlobal istiləşmə bilavasitə atmosfer yağıntılarının və su ehtiyatlarımızın azalmasına gətirib çıxarır. Nəticədə, Kür, Araz və Samurda vəziyyət ürəkaçan deyil. Məsələn, Kür çayının doluluğu 27 faiz aşağı düşüb. Onun səviyyəsi o qədər azalıb ki (2020-ci il), yay aylarında çayda şirin su ehtiyatı tükənir və Xəzərə çatmır. Dənizdən çaya axan duzlu su bu ərazilərdə içməli su problemi yaradır. Ümumiyyətlə, məsələ 15 ildən çoxdur ki, aktuallaşıb. Eyni vəziyyət digər çaylarımıza da aiddir: Araz çayında doluluq 34,58 faiz, Samur çayında 21,8 faiz, Qanıx çayında isə 9,17 faizdir. Qafqazın şərq yamacından tökülən xırda çayların suyu yay aylarında Xəzər dənizinə gedib çatmır. Deməli, kiçik çaylar, göllər və bulaqlar tədricən quruyur, ölkənin su ehtiyatları isə ildən-ilə azalır.

Müsahibimiz əlavə etdi ki, iqlim dəyişikliyi yalnız Aran rayonlarına deyil, dağlıq ərazilərə də təsir edir:

– İqlim dəyişikliyinin təsirləri təkcə düzən ərazilərlə məhdudlaşmır. Həmçinin dağlıq bölgələrə də təsir göstərir. Bu gün artıq Yardımlı, Gədəbəy, Qəbələ kimi rayonların dağ kəndlərində də bulaqların sululuğu azalıb, bəziləri isə quruyur.

Digər narahatedici məqam isə Abşeron yarımadasıdır. Burada içməli və texniki su ehtiyatları ən aşağı səviyyədədir. Vaxtilə əsas su mənbəyi olan ovdan və quyular ya quruyub, ya da şoranlaşıb. Hazırda bölgənin su təminatı əsasən Quba, Qəbələ və Kür çayı hesabına qarşılanır ki, bu da həm xərcləri artırır, həm də infrastruktur üçün problemlər yaradır.

Ümidverici məqam da var. Azərbaycanın daxili su ehtiyatlarının 25 faizi Qarabağ bölgəsində formalaşır. Bu, transsərhəd asılılıqdan kənar yerli mənbələrə əsaslandığı üçün strateji üstünlük sayılır. Lakin illərlə işğal altında qaldığına görə bu potensialdan istifadə mümkün olmayıb. Ərazilər azad edildikdən sonra su ehtiyatları yenidən iqtisadiyyata cəlb olunub.

Bu üstünlüyə baxmayaraq, Qarabağda da su ehtiyatları azalır. Təəssüf ki, peyk müşahidələri və iqlim modelləri son onilliklərdə bölgədə su ehtiyatlarının azaldığını göstərir. Ümumiyyətlə, yağıntıların qeyri-sabitliyi və qar örtüyünün azalması su balansını pozur. Bu səbəbdən Qarabağda su ehtiyatlarının səmərəli idarə olunması strateji məsələdir. Resursların monitorinqi, yeni su anbarlarının tikintisi və itkilərin azaldılması üçün layihələrə ehtiyac var. Bu potensialdan tam istifadə yalnız sistemli və davamlı yanaşma ilə mümkündür.

Suya tələbatı artıran səbəblər

Su probleminin kəskinləşməsinə səbəb olan amillərdən biri əhali sayının artması, urbanizasiyadır. Yeni yaşayış massivləri, artan şəhərləşmə və sənaye obyektləri mövcud su ehtiyatlarına tələbatı artırır. Bu tələbatın qarşılanmasında köhnəlmiş su infrastrukturu ciddi problemlər yaradır. Su şəbəkələrində tez-tez baş verən sızmalar, nasazlıqlar və idarəetmədəki boşluqlar nəticəsində böyük həcmdə su itkisi baş verir. Əhalinin içməli su problemi çətinləşir.

Su qıtlığından ən çox əziyyət çəkən sahələrdən biri də kənd təsərrüfatıdır. Hər il əkin sahələrinin genişlənməsinə baxmayaraq, su təminatında irəliləyiş yoxdur. Əsasən taxıl və pambıq sahələri suvarılır, lakin bu proses hələ də köhnəlmiş, səmərəsiz üsullarla həyata keçirilir. Açıq kanallar vasitəsilə suvarma zamanı suyun böyük hissəsi buxarlanma və sızma yolu ilə itirilir. Müasir suvarma texnologiyalarının tətbiqi isə çox məhduddur. Nəticədə, torpaqların şoranlaşması, məhsuldarlığın azalması və bəzən məhsulun tam itirilməsi halları yaşanır ki, bu da kənd təsərrüfatı ilə məşğul olan əhalinin gəlirlərinin azalmasına və miqrasiya meyillərinin artmasına səbəb olur.

Eyni zamanda, sənayenin inkişafı da suya tələbatı artırır. Sənaye müəssisələrinin əksəriyyəti Bakıda yerləşir və burada su problemi daha kəskindir. Bu isə həm istehsalat proseslərini çətinləşdirir, həm də əhalinin gündəlik su təminatında gərginlik yaradır. Belə şəraitdə Azərbaycanın hər bölgəsi üzrə iqlim dəyişikliyinin yaratdığı su problemi lokal səviyyədə qiymətləndirilməli və regionlara uyğun fərqli yanaşmalar tətbiq olunmalıdır. Aran bölgələri üçün suvarma sistemlərinin yenilənməsi və yeraltı suların qorunması prioritetdirsə, dağlıq bölgələrdə bulaqların bərpası və ya yeni su mənbələrinin tapılması həyati əhəmiyyət kəsb edir.

Abşeron yarımadası kimi su qıtlığının ən kəskin hiss olunduğu ərazilərdə isə müasir texnologiyalardan, o cümlədən dəniz suyunun duzsuzlaşdırılması, yağış sularının toplanması, texniki suyun təkrar istifadəsi kimi innovativ həllər tətbiq olunmalıdır. Əks halda, gələcəkdə bu ərazilərdə həm əhalinin içməli su təminatı, həm də iqtisadi fəaliyyətlərin davamlılığı ciddi təhlükə altına düşə bilər.

Bir sözlə, iqlim dəyişikliklərinin nəticələri artıq yalnız statistik rəqəmlər və elmi modellər səviyyəsində deyil, gündəlik həyatda da özünü göstərir. Bu tendensiya dayanıqlı inkişafın və əhalinin həyat keyfiyyətinin qorunması üçün su ehtiyatlarının ciddi şəkildə idarəsi və müasir yanaşmalarla dəstəklənməsini zəruri edir. Ona görə də Azərbaycanda su ehtiyatlarının səmərəli idarə olunması dövlətin strateji inkişaf planlarında mühüm yer tutur. 2021–2037-ci illəri əhatə edən “Su ehtiyatlarından səmərəli istifadə üzrə Milli Strategiya” bu sahədə əsas sənəd olaraq su təhlükəsizliyinin təmin edilməsinə, təbii sərvətlərin qorunmasına və dayanıqlı inkişafın təmin olunmasına yönəlib.

Müasir texnologiyalar köməyə gəlir

Əhalinin artması, ərzaq məhsullarına tələbatın yüksəlməsi və su ehtiyatlarının azalması şəraitində kənd təsərrüfatında suvarma sistemlərinin müasirləşdirilməsi təkcə texnoloji yenilik deyil, həm də strateji zərurət kimi çıxış edir. Bu kontekstdə, ölkəmizdə həyata keçirilən Dövlət proqramları və strateji sənədlərdə yeni nəsil suvarma texnologiyalarının tətbiqinə xüsusi önəm verilir. Qeyd olunmalıdır ki, mövcud Strategiyaya əsasən, 2027-ci ilə qədər kənd təsərrüfatı sahəsində müasir suvarma sistemlərinin tətbiqi 10 faizədək artırılacaq. Bu rəqəm ilk baxışdan kiçik görünsə də onun təsiri böyükdür. Çünki burada söhbət təkcə suya qənaətdən deyil, həm də məhsuldarlığın yüksəldilməsi, enerji sərfiyyatının azaldılması və insan əməyinin yüngülləşdirilməsindən gedir.

Elm və texnologiyanın kənd təsərrüfatına inteqrasiyası, xüsusilə də “ağıllı suvarma sistemləri” artıq reallığa çevrilməkdədir. Coğrafiya İnstitutunun şöbə müdiri İsmayıl İsmayılovun sözlərinə görə, bu sistemlər torpağın rütubətini, hava şəraitini, günəş işığını və temperaturu ölçən sensorlar vasitəsilə suvarma rejimini avtomatik tənzimləyir. Yəni torpağa su yalnız bitkinin ehtiyac duyduğu vaxt və miqdarda verilir. Beləliklə, suya 50 faizədək, enerjiyə isə 30-40 faizədək qənaət edilir ki, bu da milli iqtisadiyyatın səmərəliliyi baxımından mühüm göstəricidir.

Məlumat üçün bildirək ki, bu sahədə artıq yerli şirkətlər də ciddi təşəbbüslərlə çıxış edirlər. Məsələn, “Esular” şirkətinin hazırladığı GSM əsaslı cihazlar elektrik enerjisinin kəsilməsi halında belə 6 saata qədər fasiləsiz işləyə bilir. Bu cihazlar 10 kilometrlik məsafədən sensor məlumatlarını toplayır və 5 kilometrlik radiusda suvarma sisteminə tam nəzarət imkanı yaradır. İstifadəçilər SMS vasitəsilə məlumatlandırılır, hər hansı nasazlıq baş verdikdə dərhal reaksiya vermək imkanı qazanırlar. Bu texnologiyalar, sadəcə, innovativ yenilik deyil, həm də resurs israfının qarşısını alan, məhsulun keyfiyyətinə və miqdarına birbaşa təsir göstərən əhəmiyyətli vasitədir.

Suya qənaətlə yanaşı, bu sistemlər torpaqların şoranlaşmasının qarşısını alır, məhsulun su stresindən məhv olmasını əngəlləyir. Əldə edilən nəticələr isə danılmazdır: statistikaya əsasən, müasir suvarma sistemlərinin tətbiq olunduğu təsərrüfatlarda məhsuldarlıq iki dəfə artıb, su sərfiyyatı isə təqribən 2,5 dəfə azalıb. Bu göstəricilər Azərbaycanın su ehtiyatlarını qorumaqla yanaşı, ərzaq təhlükəsizliyini təmin etmək istiqamətində də ciddi irəliləyişlərə zəmin yaradır.

Hazırda müasir suvarma texnologiyalarının tətbiqi daha çox “ağıllı kənd” layihələri çərçivəsində həyata keçirilir. Burada əsas məqsəd ənənəvi, israfedici və səmərəsiz suvarma üsullarını mərhələli şəkildə tamamilə aradan qaldırmaqdır. Açıq kanallarla suvarma zamanı baş verən su itkisi, buxarlanma və torpağın şoranlaşması problemi damcı suvarma və uzaqdan idarə olunan sistemlər vasitəsilə minimuma endirilir.

Lakin istənilən texnologiyanın tətbiqi yalnız onun üstünlükləri ilə deyil, eyni zamanda, müəyyən çətinliklərlə də müşayiət olunur. “Ağıllı” suvarma texnologiyalarının geniş tətbiqini əngəlləyən əsas amillər arasında avadanlıqların baha başa gəlməsi, texniki qulluq ehtiyacı və bəzi hallarda iqlimə davamlılıq problemi yer alır. Buna baxmayaraq, mütəxəssislər bildirirlər ki, texnologiyanın sürətli inkişafı fonunda bu problemlərin əksəriyyəti yaxın illərdə həllini tapacaq və bu sistemlərin tətbiqi daha əlçatan və sərfəli olacaq.

Unutmayaq ki, kənd təsərrüfatında rəqəmsallaşmanın aparıcı istiqamətlərindən biri olan “ağıllı suvarma sistemləri” təkcə iqtisadi səmərəlilik deyil, həm də ekoloji tarazlıq, su resurslarının qorunması, enerji qənaəti və ərzaq təhlükəsizliyi baxımından da böyük strateji önəm daşıyır. Su resurslarının səmərəli idarə olunması və kənd təsərrüfatının davamlı inkişafı üçün bu texnologiyalar artıq lüks deyil, qaçılmaz zərurətdir. Unutmayaq ki, gələcəyin kənd təsərrüfatı bu günün “ağıllı texnologiya”larından başlayır.

Sututarlar: ehtiyat və səmərə

Göründüyü kimi, Azərbaycanda su ehtiyatlarının səmərəli idarə olunması və kənd təsərrüfatının davamlı inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətidir. Bu çərçivədə qarşıya qoyulan mühüm hədəflərdən biri də kənd təsərrüfatı sahələrinin 90 faizinin suvarma suyu ilə təmin olunmasıdır. Bu məqsəd həm ərzaq təhlükəsizliyinin təmin olunması, həm də aqrar sektorun uzunmüddətli inkişafı baxımından mühüm strateji əhəmiyyət daşıyır. Son dövrlərdə bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında alternativ su mənbələrinin, xüsusilə yağış və sel sularının toplanaraq istifadəyə yönəldilməsi önəmli yer tutur. Lakin qeyd olunan sahədə bir sıra problemlər var.

Yağış sularının toplanmadan axıdılması, sel sularının yönləndirilməməsi və nəticədə istifadəyə yararsız hala düşməsi bu problemlərin əsasını təşkil edir. Halbuki əvvəlki illərdə axmazlar vasitəsilə bu suların idarə olunması praktikası mövcud idi. Təəssüf ki, bu sistemlər son illərdə funksionallığını itirib. 2023-2024-cü illərdə yağıntıların artmasına baxmayaraq, həmin suların toplanması və istifadəyə yönəldilməsi mümkün olmayıb. Nəticədə, bir tərəfdən daşqın və sel təhlükəsi, digər tərəfdən isə yay aylarında su qıtlığı kimi problemlər yaranıb. Bu vəziyyətin aradan qaldırılması üçün müasir axmazların və lokal sutoplayıcı sistemlərin yaradılması günün tələbidir.

İ.İsmayılov bu məsələ ilə bağlı qeyd etdi ki, transsərhəd sulardan asılılığın azaldılması üçün ölkə daxilində dayanıqlı su infrastrukturunun yaradılması vacibdir:

– Hazırda çaylar üzərində yeni su anbarları inşa edilir, mövcud sututarlar isə müasir tələblər səviyyəsində yenidən qurulur. Bu obyektlər, eyni zamanda, sel və daşqın sularının toplanaraq yay mövsümündə istifadəsinə də şərait yaradır.

Hazırda Azərbaycanda 140-dan artıq su anbarı fəaliyyət göstərir. Onların arasında Mingəçevir su anbarı tutumu baxımından ən iri su hövzəsi hesab olunur. Taxtakörpü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları müasir standartlara cavab verən mühüm infrastruktur layihələri sırasındadır. Qarabağ bölgəsində, işğaldan azad olunmuş ərazilərdə də yeni su anbarları tikilib istifadəyə verilir. Bu layihələr kənd təsərrüfatının su təminatının yaxşılaşdırılması ilə yanaşı, ölkənin ümumi su idarəçiliyinin optimallaşdırılmasında mühüm rol oynayır.

Xatırladaq ki, kənd təsərrüfatı ilə yanaşı, sənaye sahəsində də suya tələbat artır. Xüsusilə, neft-kimya, metallurgiya, toxuculuq və digər emal sənayesi sahələrində həyata keçirilən iri layihələr su resurslarına əlavə təzyiqlər yaradır. Bu səbəbdən istifadə olunmuş sənaye sularının təkrar emalı və dövriyyəyə qaytarılması məsələsi prioritetə çevrilib. Bu yanaşma həm iqtisadi səmərəliliyin artırılmasına, həm də ətraf mühitin mühafizəsinə mühüm töhfə verəcək.

Onu da qeyd edək ki, su ehtiyatlarının idarə olunmasında qarşıya çıxan əsas çətinliklərdən biri də itkilərin yüksək olmasıdır. Suvarma sistemlərinin fiziki cəhətdən köhnəlməsi, şəbəkələrdə texniki nasazlıqlar və ümumi infrastrukturun istismara yararsız vəziyyəti nəticəsində böyük həcmdə su sızma və buxarlanma yolu ilə itirilir. Bu itkilərin minimuma endirilməsi üçün mövcud infrastrukturun müasirləşdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi, avtomatlaşdırılmış monitorinq sistemlərinin quraşdırılması və qabaqcıl idarəetmə alqoritmlərinin tətbiqi xüsusi əhəmiyyət kəsb edir.

Əldə olunan təcrübə və nəticələr sübut edir ki, düzgün idarəetmə və müasir texnologiyaların tətbiqi ilə su ehtiyatlarına qənaət etməklə yanaşı, kənd təsərrüfatı və sənaye sahələrində məhsuldarlığı artırmaq da mümkündür. Bu baxımdan, mövcud resursların qorunması və səmərəli istiqamətləndirilməsi təkcə texniki deyil, həm də strateji əhəmiyyətli məsələdir.

Beləliklə, su problemi Azərbaycanda yalnız ekoloji deyil, həm də strateji, sosial-iqtisadi və milli təhlükəsizlik məsələsi olaraq dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi ön plandadır. Yeni su anbarlarının tikintisi, axmaz sistemlərinin bərpası, təkrar istifadə texnologiyalarının tətbiqi və səmərəsiz istifadənin qarşısını alan innovativ həllər bu sahədə atılan addımların əsasını təşkil edir. Bu gün həyata keçirilən tədbirlər yalnız indiki dövr üçün deyil, gələcək nəsillərin su təhlükəsizliyinin təmin olunması baxımından da həyati əhəmiyyət kəsb edir.

Ə.PÜNHAN
XQ

Seçilən
1
1
xalqqazeti.az

2Mənbələr