AZ

Geniş coğrafiyanı birləşdirən strateji layihə - Orta Dəhliz

Son illərdə dünyada müşahidə edilən kataklizmlər, ziddiyyətli geosiyasi və geoiqtisadi proseslər fonunda Xəzər hövzəsi regionuna, o cümlədən də Cənubi Qafqaza maraq durmadan artır. Burada Azərbaycanın önəmi və rolu isə daha qabarıq şəkildə nəzərə çarpır.

Bunu bu günlərdə Nyu-Yorkda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumunda ifadə olunan fikirlərdən də aydın görmək mümkündür. “Azərbaycanın əlverişli coğrafi mövqeyi - iki qitənin tam ortasında yerləşməsi bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Bu gün artıq fəxrlə deyə bilərik ki, Azərbaycanın uzunmüddətli baxışı və yorulmaz səyləri nəticəsində Asiya və Avropa arasında daha yaxşı sinerjini təmin edən Orta Dəhliz kimi irimiqyaslı layihənin reallaşması mümkün olmuşdur. Orta Dəhlizin tam istismara verilməsi Azərbaycanın iqtisadi potensialı ilə yanaşı, ölkəmizdə mövcud olan siyasi sabitlik və təhlükəsizlik amili ilə də şərtlənmişdir”, - deyə Prezident İlham Əliyev forum iştirakçılarına ünvanladığı müraciətində vurğulayıb.

Avropanı Asiya ilə bağlayan etibarlı və təhlükəsiz marşrut

İndiki heç də adi olmayan bir şəraitdə Orta Dəhlizin cəlbediciliyi əhəmiyyətli dərəcədə artıb. Prezident İlham Əliyev  forum iştirakçılarına müraciətində Orta Dəhlizi çox geniş coğrafiyanı birləşdirən strateji layihə kimi səciyyələndirib.  Dövlətimizin başçısı bildirib ki, bu dəhliz Avropanı Xəzər dənizi vasitəsilə Asiya ilə bağlayan etibarlı və təhlükəsiz marşrut, yüklərin Asiyadan Avropaya və əks istiqamətdə çatdırılmasının ən qısa və optimal yoludur.

Qeyd edək ki, sözügedən dəhliz Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi də tanınır. Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan,  Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların  sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır.

Orta Dəhlizin bir sıra önəmli üstünlüklərini sadalamaq mümkündür. İlk növbədə, onu vurğulamaq yerinə düşər ki, bütün marşrut boyunca vahid tarif, “bir pəncərə” prinsipi tətbiq olunur. Orta Dəhlizin əsas üstünlüyü ondan ibarətdir ki, bütün iştirakçı dövlətlər bu marşrutun funksionallığının artırılmasına güclü siyasi iradə nümayiş etdirirlər. Dəhliz boyunca yerləşən ölkələr arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq getdikcə genişlənir ki, bu da daşımalar, yüklərin cəlb edilməsi, logistika ilə bağlı məsələlərin uzlaşdırılmasına geniş imkanlar yaradır.

Azərbaycanın yaratdığı vacib nəqliyyat infrastrukturları

Yuxarıda vurğuladığımız kimi, hazırda Azərbaycan regionda gedən proseslərin, o cümlədən də Orta Dəhlizin funksionallığının artmasında aparıcı aktor qismində çıxış edir. Əvvəla, ölkəmiz əlverişli coğrafiyada yerləşməsi ilə Orta Dəhlizin çox mühüm bir həlqəsini təşkil edir. Lakin Azərbaycanın vazkeçilməz üstünlüyü yalnız coğrafiya ilə məhdudlaşmır. Burada ölkəmizin, şəxsən Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsini xüsusi vurğulamaq lazımdır. Dövlətimizin başçısı müxtəlif auditoriyalarda əməkdaşlığa çağırışlar edir. Məhz respublikamızın fəallığının, davamlı təşviq siyasətinin nəticəsidir ki, Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan  və digər dövlətlər Orta Dəhlizin inkişafını hədəfləyən platformalarda birləşiblər. Bu platformalar çərçivəsində uzlaşdırılmış fəaliyyətlər Orta Dəhlizin cəlbediciliyinin artmasına güclü impuls verir.

Azərbaycanın Orta Dəhlizin inkişafında digər bir mühüm rolu ölkə ərazisində vacib nəqliyyat infrastrukturunun yaradılması ilə bağlıdır. Dövlətimizin başçısının məmnunluq hissi ilə vurğuladığı kimi, biz Orta Dəhliz üzərində yerləşən nəqliyyat infrastrukturuna, xüsusilə də, dəniz limanına, gəmiqayırma zavoduna, dəmir yolu və digər logistik infrastruktura böyük investisiyalar yatırmışıq.

Azərbaycanın Orta Dəhlizin inkişaf etdirlməsinə verdiyi töhfələrdən bəhs edərkən iki layihənin önəmini ayrıca qeyd etmək lazımdır. Bunlardan biri 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttidir. Azərbaycanın təşəbbüsü və moderatorluğu ilə ərsəyə gələn BTQ region ölkələrinin tranzit potensialının artmasına yeni imkanlar yaradıb. Artan yük həcmləri nəzərə alınmaqla yenə də ölkəmizin təşəbbüsü ilə BTQ-nin ötürücülük imkanlarının genişləndirlməsi layihəsi ötən il tamamlanıb. Genişləndirmədən sonra BTQ-nin illik yükaşırma gücü 1 milyon tondan 5 milyon tona çatdırılıb.

Güclü dövlət olan Azərbaycan həmçinin liderlik keyfiyyətləri nümayiş etdirərək Xəzərdə ən böyük ticarət limanının inşasına nail olub. Bu liman hazırda dünyada mövcud olan ən yüksək standartlar səviyyəsində inşa olunub. Yeni liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Hazırda  Xəzər dənizində ən böyük ticarət limanlarından biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində fəal iş aparılır. “Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər yük donanması - bütün bunlar Orta Dəhlizin funksionallığını təmin edən vacib nəqliyyat infrastrukturlarıdır. Orta Dəhlizin Azərbaycan seqmentində infrastrukturun təkmilləşdirilməsi, rəqəmsallaşdırılması, modernləşdirilməsi və ötürücülük qabiliyyətinin genişləndirilməsi prosesi hazırda da davam etməkdədir”, - deyə Prezident İlham Əliyev bildirib.

İntensiv şəkildə artan daşımalar

Orta Dəhlizin Avrasiyada vazkeçilməz önəmi bu marşrutla tranzit daşımalarının intensiv şəkildə artmasını əks etdirən statistikada da aydın şəkildə görünür.  Son üç ildə Transxəzər marşrutu üzrə Azərbaycan vasitəsilə yükdaşımalarının həcmi təxminən 90 faiz artıb, eyni zamanda, yüklərin keçid müddəti əhəmiyyətli dərəcədə azalıb. Proqnozlar da kifayət qədər nikbindir. Belə ki, 2030-cu ilədək Orta Dəhlizin yük daşıma qabiliyyətinin 2021-ci il ilə müqayisədə 3 dəfə artacağı, yüklərin keçid müddətinin isə 2 dəfə azalacağı ehtimal olunur.

Transxəzər marşrutunun perspektivi həm də zamanında qalib Azərbaycanın təşəbbüsü ilə gündəmə gələn Zəngəzur Dəhlizinin yaradılması ilə bağlıdır. Azərbaycan bu dəhlizin yaradılmasına həm güclü siyasi iradə göstərir, həm də öz ərazisində zəruri layihələrin icrasını intensiv şəkildə davam etdirir. “Cari ilin 8 avqust tarixində Vaşinqtonda ABŞ Prezidenti cənab Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış birgə bəyannamə Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) əsasını qoydu. İnanıram ki, Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcək TRIPP Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit imkanlarının genişlənməsinə, region ölkələrinin rifahına və onların qlobal təchizat zəncirlərinə inteqrasiyasına xidmət edən vacib nəqliyyat əlaqəsi olacaqdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Mübariz ABDULLAYEV

Seçilən
21
yeniazerbaycan.com

1Mənbələr