AZ

78 illik mübarizə: Fələstin müstəqil olacaqmı?

Yazını böyüt
Yazını kiçilt

Uzun illərdir, daha dəqiq desək, 1947-ci ildə BMT tərəfindən ikidövlətli formatda İsraillə yanaşı yaradılan, amma bu günədək dünyanın bərabərhüquqlu suveren dövləti statusunu ala bilməyən Fələstinin qan içində boğulan ədalətinə deyəsən, işıq düşməyə başlayıb. Bu günlərdə Qərbi Avropanın bir neçə dövləti Fələstinin müstəqilliyini tanımaqla fələstinlilərin azadlıq xəyallarının gerçəkləşməsinə olan ümidlərini artırıblar. 

Yaranma prosesi

Bu yerdə Fələstin dövləti yaradılması proseduru haqqında qısa məlumat verim. Fələstin dövlətinin paytaxtı Şərqi Qüds olmalı idi, amma Qüds tamamilə İsrailin nəzarətində olduğundan, paytaxt İordan çayının qərb sahilində yerləşən Ramallahda yerləşir. Çox qəribədir, BMT Böyük Britaniyanın ozamankı XİN başçısı Balfurun planı əsasında Fələstin dövlətini yaratmaq qərarını elan edərkən bəzi ərəb ölkələri Fələstinin suverenliyini dəstəkləməkdənsə, əksinə, onun ərazilərini işğal etdilər. Beləliklə, 1948-ci ildən 1967-ci ilədək Misir və İordaniya tərəfindən ələ keçirilən Fələstin torpaqları 1967-ci ildə baş vermiş Altıgünlük müharibədən sonra İsrail tərəfindən ələ keçirildi.

Onu da xatırladaq, 1947-ci ildə BMT-nin qəbul etdiyi Fələstin Mandatının qalan əraziləri üçün iki dövlət həllini hədəfləyən bölmə planı ozamankı yəhudi liderləri tərəfindən razılıqla qarşılanıb, amma ərəb liderlər tərəfindən rədd edilib. Ona görə də İngiltərə bu planı həyata keçirməkdən boyun qaçırıb. Britaniyanın geri çəkildiyi ərəfədə David Ben-Qurionun rəhbərlik etdiyi İsrail üzrə Yəhudi Agentliyi BMT-nin təklif etdiyi plana uyğun olaraq, İsrail dövlətinin yaradıldığını elan edib. Həmin il sentyabrın 22-də Misir tərəfindən öz sərhədləri yaxınlığında yerləşən Qəzzada Fələstin hökuməti qurulub. İordaniya bu hökuməti tanımaqdan imtina edib. Niyə? İordaniya “Qərbi Şeria” adlanan Fələstin ərazilərini əlində tuturdu. Bu səbəbdən də hökumət bütün Fələstini idarə etdiyini açıqlasa da, əslində, yalnız Qəzzanı idarə edirdi, Fələstinin digər əraziləri isə defakto İsrailin və İordaniyanın nəzarətində idi. Məhz bu qarışıqlıq, ərəb ölkələıri arasında birliyin olmaması 1948-ci ildə Ərəb - İsrail müharibəsi ilə nəticələnib.

Göründüyü kimi, məhz 78 il öncə ərəb ölkələrinin buraxdığı səhvlərin ağrısını bu müddət ərzində fələstinlilər yaşamağa məcbur olub. İsrail yaradıldı, ABŞ, İngiltərə və digər Qərb ölkələri onu dəstəklədi, iqtisadiyyatını, müdafiə qabiliyyətini gücləndirdi, amma qeyd etdiyimiz kimi, ərəb ölkələri öz qanlarından olan Fələstinin arxasında durmadılar.

İndi də gələk konkret tanınma məsələsinə. Siyasi tanınma Fələstin dövlətinin yaradılması üçün nə deməkdir?

Tanınma və problemlər

Fələstin Azadlıq Təşkilatı (FAT) 1988-ci ildə Fələstin dövlətinin müstəqilliyini elan edib və sanki bir himə bəndmiş kimi, qısa vaxtda qlobal cənubun əksər ölkələri tərəfindən tanınıb. Sonrakı ortalama 30 il ərzində - bu ilin sentyabrınadək BMT-yə üzv olan 193 ölkədən, təxminən, 150-si, son günlərdə isə daha 10-a yaxın dövlət Fələstinin müstəqilliyini tanıyıb.

Bu yerdə haşiyə çıxaraq bildirim ki, SSRİ dağılandan sonra üç Baltikyanı ölkə. Moldova və Ermənistan xaric, ittifaqa üzv 10 ölkə, o cümlədən Azərbaycan Fələstinin müstəqilliyini tanıyıb və hərtərəfli əlaqələr yaradıb. Ermənistan isə gizli və ya aşkar onu dəstəkləyən Fələstini ötən ilin iyununda 146-cı ölkə olaraq tanıyıb...

İsrailin əsas müttəfiqi olan ABŞ dəfələrlə son nəticədə Fələstin dövlətini tanıyacağını bəyan etsə də, bunu yalnız fələstinlilər və israillilərin “ikidövlətli həll” haqqında razılığa gələndən sonra edəcəyini bildirib. Bir neçə həftə əvvələ qədər Avropanın böyük dövlətləri də eyni mövqedən çıxış edirdilər.

2014-cü ildən bəri İsraillə Fələstin arasında ikidövlətli həllə bağlı heç bir danışıq aparılmayıb. Necə aparılsın? İsrail bu məsələni öz-özlüyündə bağlayıb - Baş nazir Benyamin Netanyahu deyib ki, “Fələstin dövləti heç vaxt qurulmayacaq”. Yəni ən azından, onun iqtidarı dövründə bu olmayacaq.

Netanyahunun nə deməsinə baxmayaraq, son günlər İspaniya, Fransa, Böyük Britaniya, Belçika, Portuqaliya, Kanada, Avstraliya və daha çox sayda ölkənin Fələstinin müstəqilliyini tanıması fələstinlilərin ümidini canlandırıb.

Günümüzdə 157 ölkənin Fələstin dövlətini tanıması onun beynəlxalq arenada iştirakını da aktivləşdirib. Təəssüf ki, bu üzvlüklər bir çox halda formaldır. Məsələn, Fələstin nümayəndə heyəti rəsmən BMT-də daimi müşahidəçi statusuna malik olsa da, onun səsvermə hüququ yoxdur. Fələstin dövlətini tanıyan ölkələrin sayından asılı olmayaraq, BMT-yə tam üzvlük üçün Vaşinqtonun veto hüququna malik olduğu BMT Təhlükəsizlik Şurasının (UNSC) təsdiqi tələb olunur.

Dünya ölkələrinin dörddəüçündən çoxunun tanıdığı Fələstinin müstəqilliyi Fələstin Muxtariyyətinin İsraillə razılaşmalarına əsasən, işğal olunmuş İordan çayının qərb sahilinin bəzi bölgələrindəki məhdud muxtariyyətin tətbiqindən ibarətdir. Fələstin hökumətinin səlahiyyəti yalnız nəzarət edə bildiyi bir ovuc torpaqda öz pasportlarını verməklə, bir də səhiyyə və təhsil məsələlərini idarə etməklə məhdudlaşır.

Buna baxmayaraq, hazırda, təxminən, 40 ölkənin İordan çayının qərb sahilində yerləşən Ramallahda və ya İsrailin ilhaq edəcəyini bildirdiyi və fələstinlilərin paytaxt kimi görmək istədiyi Şərqi Qüdsdə konsulluqları fəaliyyət göstərir. Bu ölkələrə Çin, Rusiya, Yaponiya, Almaniya, Kanada, Danimarka, Misir, İordaniya, Tunis və Cənubi Afrika daxildir.

Fələstini tanımaqda məqsəd nədir?

Yuxarıda qeyd etdiyimiz kimi, İspaniya, Böyük Britaniya, Kanada, Avstraliya, Portuqaliya, Fransa, Belçika və sair BMT Baş Assambleyasının iclasından əvvəl Fələstin dövlətini tanıyıb. Daha bir sıra ölkələr də eyni addımı atacaqlarını bəyanlayıblar. Bu isə onların niyə məhz indi Fələstini tanımağa başlamasına dair suallar yaradır. Böyük Britaniya kimi ölkələr bu addımın Qəzzada müharibəni dayandırmaq, işğal olunmuş İordan çayının qərb sahilində yeni yəhudi məskənlərinin tikintisini dayandırmaq və fələstinlilərlə sülh prosesinə yenidən sadiq qalması üçün İsrailə təzyiq etmək məqsədi daşıdığını bildirir. Fələstin dövlətinin tanınmasını dəstəkləyən ilk böyük Qərb lideri olan Fransa Prezidenti Emmanuel Makron bildirib ki, bu addım Fələstin Administrasiyasının onun idarəçiliyini və inzibati imkanlarını təkmilləşdirəcək, onu müharibədən sonrakı Qəzzanı idarə etmək üçün daha etibarlı tərəfdaşa çevirəcək islahatlar həyata keçirmək öhdəliyi ilə birləşdiriləcək.

Tanınmanı əsasən simvolik olaraq görənlər Fələstin dövlətini onilliklər əvvəl tanımış Çin, Hindistan, Rusiya və bir çox ərəb dövlətlərinin məhdud təsirini qeyd edirlər. Çünki BMT-yə tamhüquqlu üzv olmayan və ya öz sərhədlərinə nəzarət edə bilməyən Fələstin Muxtariyyətinin ikitərəfli münasibətləri idarə etmək imkanları məhduddur.

Əslində, İsrail ticarət, investisiya, təhsil və ya mədəniyyət mübadiləsini məhdudlaşdırmır. Fələstində hava limanı yoxdur və dənizə çıxışı olmayan Qərb Sahilinə yalnız İsrail vasitəsilə və ya İsrailin nəzarətində olan İordaniya sərhədindən keçməklə getmək mümkündür. İsrail hazırda Qəzza zolağının bütün giriş nöqtələrinə nəzarət edir.

Fələstin dövlətini tanımağı planlaşdıran ölkələr və Fələstin Muxtariyyətinin özü bunun boş jestdən daha çox olacağını deyir. Böyük Britaniyadakı Fələstin missiyasının rəhbəri, səfir Husam Zomlot tanınmanın bərabər şərtlərlə institutlararası tərəfdaşlığa səbəb ola biləcəyini qiymətləndirib.

Böyük Britaniyanın Qüdsdəki keçmiş baş konsulu Vinsent Finn isə bildirib ki, Fələstin Dövlətini tanıyan ölkələr İsraillə münasibətlərinin bəzi aspektlərinə yenidən baxmalı ola bilər. Məsələn, Böyük Britaniya ilə əlaqədar, Fin bunun işğal olunmuş Fələstin ərazisindəki İsrail yaşayış məntəqələrindən gələn məhsulların yasaqlanması kimi tədbirlərə səbəb ola biləcəyini qeyd edib, ancaq əlavə edir ki, bunun İsrail iqtisadiyyatına praktiki təsiri minimal olacaq.

İsrail və ABŞ-nin reaksiyası

Qəzza zolağı müharibəsindəki davranışına görə geniş qınaqla üzləşən İsrail bu tanınmanın “Həmas”ı 7 oktyabr 2023-cü ildə orada müharibəyə səbəb olan hücumlarına görə mükafatlandıracağını deyir. Üstəlik, Baş nazir Benyamin Netanyahu “İordan çayının qərbində Fələstin dövləti olmayacaq”, – deyə xəbərdarlıq edib.

ABŞ isə Avropadakı müttəfiqlərinin müstəqil Fələstin dövlətini tanımaq cəhdlərinə qəti şəkildə qarşı çıxır. ABŞ-nin Fələstin rəsmilərinə tətbiq etdiyi sanksiyalar, o cümlədən onlara ABŞ-yə giriş vizalarının verilməməsi, Fələstin Prezidenti Abbasın və digər muxtariyyət rəsmilərinin Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasında iştirakına mane olub.

“Həmas” əngəli

Bir sıra ölkələr, o cümlədən Belçika, Niderland, Danimarka və d. Fələstini şərti tanıdıqlarını elan ediblər. Onlar bildiriblər ki, Fələstini tanıyırlar, amma diplomatik və digər ikitərəfli əlaqələr yalnız “Həmas” Fələstin torpaqlarından tam çıxarıldıqdan sonra başlaya bilər. Deməli, “Həmas”, sadəcə, Fələstin probleminin, bir az da dəqiq desək, Fələstinin müstəqilliyinin reallaşmasının qarşısını almaq üçün xüsusi olaraq yaradılmış təşkilatdır. Bu yerdə bir müəmmalı fakt göstərim: 2023-cü il oktyabrın 7-də “Həmas” İsrail ərazisinə hücum edərək qırğınlar törətdi və onlarca israillini  girov kimi ələ keçirdi. Məgər o vaxt “Həmas” bilmirdi ki, İsrail çox böyük hərbi gücdür və bütün Qərb dünyası da birmənalı şəkildə onun arxasındadır? “Həmas” liderləri bilmirdilər ki, bu addımı atmaqla onlar fələstinlilərin qətlinə veriləcək fərmanı qanuniləşdirmiş olacaqlar? Tutaq ki, iki il əvvəl belə bir hal yaşandı. “Həmas” görmür ki, iki il ərzində Qəzzada bir sağlam tikili belə qalmayıb, 70 min insan ölüb, bütün əhali iki ildir, o düşərgədən bu düşərgəyə köç edir? Axı sözdə də olsa, Netanyahu şərt qoyur ki, “Həmas” tamamilə Qəzzadan və ya Fələstindən çıxıb-getməlidir və bu halda müharibə dayanacaq. O zaman “Həmas” niyə öz xalqını qırğından qurtarmaq üçün Qəzzadan çıxmır? Sualların cavabı aydındır: “Həmas” ssenari əsasında hərəkət edir və Təl-Əvib hökuməti də nə etdiyini yaxşı bilir. “Həmas” lazımi vaxtadək Qəzzada qalacaq ki, Fələstinin tanınması geciksin və ya ümumiyyətlə, reallaşmasın. Necə ki, “Hizbullah”ı İran, “əl-Qaidə”ni ABŞ, PKK-nı keçmiş SSRİ və ya indiki Rusiya yaradıb, “Həmas”ı da İsrail öz uzunmüddətli planlarını sonlandırmaq üçün təsis edib. Ona görə də, Fələstini həqiqətən də müstəqil görmək istəyənlər, xüsusilə də Türkiyə də daxil olmaqla, ərəb-islam dövlətləri birmənalı şəkildə “Həmas”-la əlaqələri kəsərək sadəcə Mahmud Abbas administrasiyası ilə danışmalıdır. Bu, müəyyən qədər “Həmas” planını boşa çıxara bilər.  

Seçilən
15
hafta.az

1Mənbələr