Bakı, 25 sentyabr, AZƏRTAC
Birinci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqu qarşımızda olan faktları birbaşa yoxlamaq və çatışmazlıqları aşkar etmək üçün unikal platformadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld 1-ci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqunun açılış mərasimində deyib.
O qeyd edib ki, Azərbaycan və Birləşmiş Krallıq arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir. “Azərbaycanda keçirdiyim müddət ərzində bölgədə bir çox dəyişikliklər baş verib. Biz hamımız buna şahidik. Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması, bu ilin əvvəlində Minsk qrupunun ləğv edilməsi kimi tarixi hadisələrin şahidi olduq. Qarabağın həyata qayıtdığını, şəhərlərdə sürətli bərpa işlərinin getdiyini, bütün bunlarla yanaşı Azərbaycanın COP29 kimi genişmiqyaslı beynəlxalq tədbirə ev sahibliyi etdiyini gördüm. Bütün bunlar olduqca unudulmaz, tarixi hadisələr idi”.
Səfir sonda bütün sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıqların vacibliyinə diqqət çəkib. Onun sözlərinə görə, 1-ci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqunda bütün bunları danışmaq gələcək hədəflər baxımından olduqca önəmlidir.