AZ

Səməd Seyidov: Müstəqilliyimizin ilk günlərindən etibarən Birləşmiş Krallıq yanımızda olub

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

"Müstəqilliyimizin ilk günlərindən etibarən Birləşmiş Krallıq yanımızda olub. 1994-cü ildən, "Əsrin müqaviləsi" imzalanandan sonra isə bp (British Petroleum) şirkəti uğurlu əməkdaşlıq tariximizin bir hissəsinə çevrildi. Ancaq bu əməkdaşlıq iqtisadiyyatla məhdudlaşmayıb. O, mədəniyyət, təhsil, siyasət daxil olmaqla, ictimai həyatın bütün sahələrini əhatə edib. Strateji xarakter alıb. Birləşmiş Krallıq Azərbaycanla münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırdığını elan edib. Bu, cəmi bir neçə gün əvvəl Böyük Britaniya dövlət naziri Stiven Dautinin Azərbaycana səfəri zamanı baş verdi".

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov I Azərbaycan - Birləşmiş Krallıq Siyasət Dialoqunun açılış mərasimində deyib.

O bildirib ki, çətin şəraitdə Azərbaycan yalnız müharibədə qalib gəlmədi, ədaləti bərpa etdi, separatizmə son qoydu, həm də yeni bir reallıq yaratdı:

"Bu yeni reallıq isə sülhün toxumlarını da özündə daşıyır və onun çərçivəsini biz 8 avqustda Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə parafladıq. Bu, həqiqətən də tarixi bir an idi. İndi dayanıqlı sülhün əsasları qoyuldu, regionda əməkdaşlıq və tərəfdaşlıq qapıları açıldı. Ən əsası isə Azərbaycana və bütövlükdə regiona münasibət köklü şəkildə dəyişməyə başladı. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci yubiley sessiyası çərçivəsində prezidentlərlə, baş nazirlərlə, dünyanın aparıcı maliyyə şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlərin sayı həqiqətən təsiredicidir. Bu, Azərbaycana münasibətin dəyişməsinin, ölkəmizə artan marağın və regionumuzdakı yeni reallığın birbaşa göstəricisidir. Təsəvvür edin, biz Ermənistanla birlikdə Zəngəzur dəhlizini açmaq ərəfəsindəyik. "Tramp yolu" isə təkcə bizim üçün yox, həm də Avropa ilə Asiyanı birləşdirən Orta Dəhliz üçün əsas rol oynayacaq".

"Parlament üzvləri olaraq, biz Avropa və dünyanın digər ölkələrinə regiona münasibətlərini yenidən gözdən keçirmələrinə, bura sərmayə və layihələrlə gəlmələrinə kömək etməliyik. Onilliklər ərzində olduqca nüfuzlu siyasətçilər və bəzi beynəlxalq təşkilatlar bizi gözdən salmağa, haqqımızda yalanlar yaymağa, bizə qarşı ikili standartlarla yanaşmağa çalışıblar. Bu baxımdan, hər zaman yanımızda olduğu üçün Birləşmiş Krallığa və təşəkkürümü bildirmək istəyirəm. Elə buna görə də inanıram ki, Azərbaycan və Birləşmiş Krallıq parlamentləri bölgədə formalaşan dialoq ruhunu etimada, etimadı əməkdaşlığa, əməkdaşlığı isə dayanıqlı sülhə çevirə biləcəklər", - deyə parlamentari əlavə edib.

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
oxu.az

1Mənbələr