İtaliyanın şimalındakı Bolzano şəhərində 2026-cı ildən etibarən turistlərin gətirdikləri itlər üçün gündəlik 1,5 avro vergi tutulacaq. Dolomit dağlarının giriş qapısı sayılan şəhərdə qəbul edilən bu qərar həddindən artıq turizmin yaratdığı təzyiqi azaltmaq, küçələrin təmizliyini təmin etmək və yeni it parklarının maliyyələşdirilməsini hədəfləyir.
Yeni qaydalara əsasən, şəhər sakinləri itlərinə görə hər il 100 avro ödəyəcək. Turistlərdən isə təxminən 2 dollar məbləğində gündəlik vergi alınacaq.
Bolzanoda daha əvvəl it sahiblərinə heyvanlarının DNT qeydiyyatını etdirmək öhdəliyi qoyulmuşdu. Bu sistem sayəsində itlərin küçələrə buraxdığı izlər müəyyən edilərək 600 avroya qədər cərimə tətbiq olunur. İtini artıq DNT bazasında qeydiyyatdan keçirən sahiblər isə iki il ərzində yeni vergidən azad ediləcək.
Bolzano Eyalət Şurasının üzvü Luis Valxer yeni qaydaları belə əsaslandırıb: “Bu ədalətli addımdır, çünki yalnız it sahiblərinə aiddir. Əks halda səkilərin təmizliyi bütün cəmiyyətin üzərinə düşərdi. Küçələrimizdəki yeganə kirlilik isə it nəcisləridir”.
Milli Heyvanları Qoruma Təşkilatının (ENPA) rəhbəri Karla Rokki isə qərarı kəskin tənqid edib: “Bolzano həm itlərə, həm də dördayaqlı turistlərə vergi qoyaraq özünü vurur. Heyvanları vergi ödəyicisinə çevirmək yanlış mesajdır”.
Onun sözlərinə görə, bu qərar ailələri və itləri ilə səyahət edən turistləri cəzalandırır: “Məsələ tərbiyə və nəzarətlə həll olunmalıdır. Heyvanlar lüks deyil, ailənin bir üzvüdür. Onları vergiyə cəlb etmək məsuliyyətsizliyi aradan qaldırmaz, əksinə, məsuliyyətli səyahəti zəiflədir və heyvanların tərk edilməsinə yol aça bilər”.
Bolzanoda itlərə qoyulan yeni vergi şəhərin turizm siyasətləri və ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib.