AZ

Naxçıvan Dövlət Universiteti ilə Çankırı Karatekin və İğdır universitetləri arasında əməkdaşlıq protokolları yenilənib

Naxçıvan Dövlət Universitetində (NDU) Türkiyənin Çankırı Karatekin Universiteti (ÇKU) və İğdır Universiteti ilə əməkdaşlıq görüşü keçirilib. NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-nın bölgə müxbirinə bildirilib ki, görüşdə universitetin rektoru Elbrus İsayev əməkdaşlıqdan məmnunluğunu ifadə edib, ÇKU və İğdır Universitetinə yeni rektor təyinatları münasibətilə təbriklərini çatdırıb.

Rektor bildirib ki, müasir tipli və çoxprofilli təhsil sisteminə malik ali təhsil müəssisəsi olan NDU-nun dünyanın 150-yə yaxın universiteti ilə birbaşa əlaqəyə malikdir və ali təhsil ocağının beynəlxalq əlaqələrində Türkiyənin özünəməxsus yeri var. İyirmidən artıq xarici ölkədən 2000 əcnəbi tələbə kontingentinə malik NDU ölkənin ali təhsil məktəbləri arasında ön sırada qərarlaşır. Azərbaycan dili ilə yanaşı, tədrisi ingilis dilində olan ixtisaslar da daxil olmaqla, universitetdə dörd istiqamətdə 250-yə yaxın proqram üzrə kadrlar hazırlanır. IELTS Qeydiyyat və İmtahan Mərkəzi, IBM Mərkəzi, Texnologiyalar Parkı və digər strukturlar, eləcə də layihələr əsasında beynəlxalq əməkdaşlıqlar gücləndirilir. NDU ilə ÇKU arasında əməkdaşlıq münasibətləri artan inkişaf dinamikası ilə davam edir və ikili diplom proqramı uğurla icra olunur. Həmçinin İğdır Universiteti ilə mövcud əməkdaşlıq çərçivəsində bir çox ortaq layihələr təşkil edilir.

Qonaqlar görüşü olduqca əhəmiyyətli və vacib əməkdaşlıq olaraq qiymətləndirib, universitetləri haqqında məlumat verib, birgə fəaliyyətin daha uğurlu göstəricilərin əldə olunmasına yol açacağını əlavə ediblər.

Çankırı Karatekin Universitetininin rektoru Mevlüt Karataş ölkədənkənar ilk rəsmi ziyarətinin NDU-ya olduğunu qeyd edərək, elm, təhsil və mədəniyyət sahələrində əlaqələrin inkişaf etdirilməsi, eləcə də duzla bağlı tədqiqatlar, ortaq araşdırmalar istiqamətində fikirlərini bölüşüb.

İğdır Universitetinin rektoru Ekrem Gürel təhsil və tədqiqata dair maraq doğuran məsələlər ətrafında fikirlərini bölüşüb, planlaşıdırlan ortaq fəaliyyətlərə dair təkliflərini qeyd edib.

Görüş çərçivəsində əməkdaşlıq protokolu və ikili diplom proqramının yenilənməsi, duzla bağlı tədqiqatlar müzakirə olunub, bu il noyabr ayında NDU-da keçiriləcək “III Beynəlxalq Duz Araşdırmaları Konqresi” haqqında fikir müzakirəsi aparılıb. Eləcə də konqresə hazırlıq işlərinə dar ilkin məlumatlar qeyd olunub. Həmçinin hər üç universitetin birgə yaradacağı “Beynəlxalq Duz Araşdırmaları İnstitutu”nun fəaliyyəti ilə bağlı təkliflər dəyərləndirilib.

Sonra Naxçıvan Dövlət Universiteti ilə Çankırı Karatekin və İğdır universitetləri arasında əməkdaşlıq protokolları yenilənib. Universitetlər arasında müəllim və tələbə mübadiləsi, birgə elmi tədqiqatların aparılması, ikili diplom layihələri üzrə əlaqələrin daha da inkişaf etdirilməsi nəzərdə tutulub. Mühazirələrin təşkili, o cümlədən onlayn formatda dərslərin keçirilməsi, seminar, konfrans və akademik toplantılarda qarşılıqlı iştirak, elmi nəşrlərin, tədris materiallarının və məlumatların mübadiləsi, qısamüddətli xüsusi təhsil proqramlarının həyata keçirilməsi istiqamətində əməkdaşlığın önəmi vurğulanıb. Beləliklə, tərəflər arasında imzalanan protokollar universitetlərin beynəlxalq əlaqələrinin genişlənməsinə, tələbə və müəllimlər üçün yeni imkanların açılmasına, eyni zamanda Türkiyə -Azərbaycan təhsil əməkdaşlığının daha da möhkəmlənməsinə töhfə verəcək.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

Qeyd edək ki, rəsmi görüşdən sonra qonaqlar NDU-nun müxtəlif fakültə və mərkəzlərinin fəaliyyəti ilə tanış olub, universitetin tabeliyindəki Təbii Ehtiyatlar İnstitutuna, Bioresurslar İnstitutuna, Duzdağ Müalicə Mərkəzinə səfər ediblər.

Seçilən
0
3
sia.az

4Mənbələr