AZ

Azərbaycanda bərpa olunan enerji üzrə daha 10-15 yeni layihə həyata keçiriləcək

Bərpa olunan enerji üzrə daha 10-15 yeni layihəmiz ilkin mərhələdədir.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "SOCAR Green" şirkətinin günəş və külək enerjisi üzrə eksperti Elçin Tarquliyev Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbir çərçivəsində bildirib.

O qeyd edib ki, "SOCAR Green" bərpa olunan enerji sahəsində beynəlxalq partnyor şirkətlərlə birlikdə bir çox layihələr həyata keçiririk: "Məsələn, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Masdar" şirkəti ilə birlikdə 1 giqavata yaxın günəş və külək enerjisi layihələrini icra edirik. Bundan başqa, bp şirkəti və Azərbaycan Biznesinin İnkişafı Fondu ilə birlikdə Cəbrayılda 240 meqavatlıq "Şəfəq" Günəş Elektrik Stansiyasını tikirik. Bu layihə Səngəçal terminalının dekarbonizasiyası üçün istifadə olunur. Eyni zamanda "Chima Datang", "PowerChina", "China Energy" kimi şirkətlərlə birlikdə ümumilikdə 420 meqavatlıq layihələr həyata keçiririk".

Şirkət rəsmisi vurğulayıb ki, ümumilikdə, hazırda davam edən 1,66 giqavat günəş və külək enerjisi layihələri mövcuddur: "Bundan əlavə, dənizdə 5,5 giqavatlıq layihələrlə bağlı tədbirlər ilkin mərhələdədir. Bərpa olunan enerji üzrə daha 10-15 yeni layihəmiz isə ilkin mərhələdədir.

Bundan başqa, Səngəçal terminalı daxili istehsal ilə öz enerjisini təmin edir. Lakin biz buraya günəş enerjisini də əlavə etdikdə qaz sərbəstləşəcək, belə olan halda enerji ixraca hazır durumda olacaq".

E. Tarquliyev Azərbaycanda "yaşıl hidrogen" istehsalı ilə bağlı da görülən işlərdən danışıb: " Ölkəmizdə "yaşıl hidrogen" istehsalı ilə bağlı müəyyən layihələr var. Lakin hazırkı məqamda "yaşıl hidrogen" istehsalı çox böyük həcmdə sərmayə tələb etdiyindən, eləcə də ölkəmizdə hidrogen tələbatı çox yüksək olmadığı üçün bu istiqamətdə hazırda aktiv layihə yoxdur. Daha çox bu yöndə ilkin araşdırma tipli tədbirlər görülür".

Seçilən
6
1
day.az

2Mənbələr