AZ

Ehtiram Quliyev nəvaxtadək Kurban Berdiyevin qabağına qaçacaq?

Bu həftə Ehtiram Quliyevin yeni videosu yayılmadı.

«Turan Tovuz» Masazırda uduzduğundan. 0:2 hesablı yenilgidən sonra onu stadionda «gördüm» deyən olmadı.

Klubun İdarə Heyətinin sədri media önünə çıxmağı, müsahibə verməyi, kameralar önündə gülümsəməyi çox xoşlayır.

Əvvəl-əvvəl bu adətini elə də bürüzə vermirdi, indi biz onu yaxşı tanıyırıq. Publikaya oynamaqda açdır, dərsindən «beş»dir.

Ehtiram Quliyev həqiqətən «Turan»ın çempionun olmasını, avrokuboklara vəsiqə qazanmasını istəyirsə, ciddi qərar verməlidir artıq.

Kurban Berdiyevin qabağına qaçmağı yığışdırmalı, bu gün-sabah onu yola salmalıdır. Aydındır, «Baba» Azərbaycandan pulsuz-parasız getməyəcək, təzminatını istəyəcək.

Son qəpiyinin də davasını edəcək, bilirik. Amma sədr komandanın iddialı çıxışını görmək niyyətindədirsə, 73 yaşlı türkmənlə müqaviləni birtərəfli pozmalıdır.

O, burada qaldığı müddətdə «Turan» elə ortalıqda qalacaq, yüksək hədəfə çatmayacaq.

Ehtiram Quliyevin baxdığı oyunları biz də izləyirik. Gərək ki, bizim gördüyümüzü özü də görsün.

Görməlidir ki, futbolçular meydana candərdi çıxır, oyundan tez qopur.

Görməlidir ki, komanda ruhu, oyun sistemi, birlik yoxdur, hər kəs yalnız pulu fikirləşir. İki-üçündən savayı, bir oyunçu da Berdiyevlə işləmək istəmir.

Yorulub və beziblər. Üzünü görməkdən, səsini eşitməkdən təngə gəliblər. Antipatiya bəsləyirlər ona.

Kollektivin içində nə qədər adamı, xəbər gətirənləri var Quliyevin, bəyəm onlardan biri bu gerçəyi onun qulağına pıçıldamayıb indiyədək?

Kimi və nəyi gözləyir, bəs?

Berdiyevin özünün ayrılıq qərarı verməsinimi? Bu, heç vaxt olmayacaq!

Elə isə nəyi?

Komanda daha necə bərbad oynamalı, daha neçə təsadüfi 1:0-lıq qələbə qazanmalıdır ki, o, yumruğunu masaya çırpsın?

Rəhbər bu qədər zəif olmaz. Vaxt gedir…

MUSA

Seçilən
4
sportinfo.az

1Mənbələr