AZ

“Məni ucuz taksilər qorxudur” - Kəramət Böyükçöldən sərt sözlər

Yazıçı Kəramət Böyükçöl sosial media hesabında paylaşım edərək, bahalı və ucuz həyatların müqayisəsini aparıb.

Yenisabah.az xəbər verir ki, o, bu müqayisəni ekonom və komfort taksi sürücülərini qarşılaşdıraraq, izləyicilərinə təqdim edib:
“Azərbaycanda iki cür həyat var, bahalı həyat və ucuz həyat. Bahalı və ucuz həyatı getdiyimiz restoranlarda da görmək olur, otellərdə, çayxanalarda da, mindiyimiz taksilərdə də. Adicə bir misal çəkim. Komfort taksi çağırırsan, qiymət baha olur, amma qəşəng, səliqəli bir maşın gəlir. Ən əsası sürücü adamla çox mədəni rəftar edir. Maşını ehtiyatla sürür. Nəsə bir problem olur, əyləci qəfil basan kimi sürücü sərnişinə qayıdır ki, üzrlü sayın. Buyurun. Mən də təşəkkür edirəm və s. Bütün bunlar nəyin içindədir? Komfort bir taksinin”. 
Kəramət Böyükçöl ekonom taksilərdə vəziyyətin tam əksi olduğunu vurğulayıb.
“Bəs yaxşı ekonom taksidə necədir? Yəni ucuz taksidə. Maşın tozun içində, sürücüdən bir tər qoxusu gəlir ki, gəl görəsən. Tər qoxusuna görə başını ördək kimi pəncərədən çölə çıxarıb gedirsən. Maşını elə sürür, adam qorxusundan bir söz də deyə bilmir ki, dava düşəcək, bıçağı soxacaq böyrünə. Musiqinin səsini qaldırıb, anqıra-anqıra telefonla kimləsə danışır. Başını pəncərədən çıxarıb ona söyüş söyür, buna söz atır. Bütün bunlara nəyə görə dözürsən? Çünki sən ucuz taksi çağırmısan. Daha doğrusu, ucuz adam çağırmısan”.
Yazıçı hesab edir ki, kasıblıq və varlılıq ilk növbədə düşüncə ilə bağlıdır.
“Demək, kasıblıq və varlı olmaq ən birinci düşüncə ilə bağlı məsələdir. Axı o ucuz taksinin sürücüsünün elədiyi hərəkətlər onun pulunun olmadığına görə deyil, düşüncəsinin olmadığına, düşüncənin kasıblığına görədir. Milyonları olan çox mədəniyyətsiz adamlar var, onlar da kasıbdılar. Eynilə cibində beş qəpiyi olmayan mədəniyyətsiz adamlar kimi. Yaxud bahalı restoranlardakı ofisianatların hərəkətlərinə də baxın, ucuz kafelərdəki ofisiantların hərəkətlərinə də baxın”.
O əlavə edib ki, bu fikirləri bütün sürücülərə aid etmir, amma sosial mənzərə onu düşündürür.
“Təbii ki, mən bu fikirləri bütün ekonom taksi sürücülərinə aid eləmirəm, eləcə də bütün komfort sürücüləri haqqında yüksək fikirdə deyiləm. Amma hərdən fikirləşirəm ki, balaca bir ölkədə balaca bir taksi şirkəti üç manatlıq adamları bir tərəfə, 10 manatlıq adamları o biri tərəfə necə yığa bilir, ona mat qalmışam”.
Seçilən
7
5
yenilik.az

6Mənbələr