AZ

Azərbaycan Milli Kitabxanasında "Mərakeş ədəbiyyatı guşə"si açılacaq

Sentyabrın 25-də Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş və səfirin iqtisadi məsələlər üzrə müşaviri Fatinə El Fakih Azərbaycan Milli Kitabxanasının qonağı olub. Bu barədə SİA-ya Milli Kitabxanadan məlumat verilib.

Bildirilib ki, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov qonaqlara kitabxananın elmi və mədəni fəaliyyəti, zəngin fondu, həyata keçirdiyi layihələr və qarşılıqlı əməkdaşlıq əlaqələri haqqında ətraflı məlumat verib.

Direktor diqqətə çatdırıb ki, Mərakeş Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandum oktyabrın 2-də keçiriləcək XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində imzalanacaq, həmçinin Azərbaycan Milli Kitabxanasında "Mərakeş ədəbiyyatı guşə"si açılacaq.

Onun sözlərinə görə, əməkdaşlıq memorandumunun imzalanması müxtəlif sahələrdə ikitərəfli qarşılıqlı əlaqələrin daha da genişlənməsinə, qarşılıqlı tədbirlərin, kitab sərgilərinin təşkilinə, kitab və informasiya mübadiləsinə zəmin yaradacaq.

Səfir Məhəmməd Adil Embarş Mərakeşlə Azərbaycan arasında mövcud olan dostluq münasibətlərindən, qarşılıqlı əlaqələrinin qurulmasından, kitab mübadiləsinin əhəmiyyətindən bəhs edib.

Kərim Tahirov qonaqlara Milli Kitabxananın nəşrlərindən “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu, “Salam Azərbaycan” kitabını və Azərbaycanın xəritəsini hədiyyə edib.

Sonda səfir Mərakeşin mətbəxinə aid kitabı Milli Kitabxanaya hədiyyə edib.

Seçilən
0
4
sia.az

5Mənbələr