AZ

Sabiq nazir 4 quruma işarə etdi, “araşdırılsın” dedi Kütləvi yoxlamalar...

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Keçmiş maliyyə naziri Fikrət Yusifovun kommunal xidmətlərlə bağlı təklifi müzakirələrə səbəb olub. O, “Laf TV”yə açıqlamasında bildirib ki, “Azərsu”, “Azərişıq”, “Azəriqaz” və “Azərenerji” kimi qurumlarda ciddi yoxlamalar aparılmalı, korrupsiya, mənimsəmə və satınalmalardakı şişirtmələrin qarşısı alınmalıdır. Sabiq nazirin sözlərinə görə, sərt nəzarət mexanizmləri tətbiq edilmədən büdcə vəsaitlərinin talanmasının qarşısını almaq mümkün deyil. F.Yusifov həmçinin sayğac dəyişmə əməliyyatlarında da şəffaflığın vacibliyini vurğulayıb.

Sitat: “Sayğacı nə qədər dəyişmək olar? “Azəriqaz” bu illər ərzində neçə dəfə sayğac dəyişib? Qiyməti bəyan etmirlər, amma məlum olan odur ki, 10-15 manat deyil. Bütün Azərbaycanda sayğacların dəyişməsi nə deməkdir? Bunu bir dəfə qoyun, 10-15 il işləsin. Bu, sayğac vasitəsilə pul oğurlamaqdır”.

Sözügedən qurumlarda kütləvi yoxlamalar aparıla bilərmi?

Globalinfo.az-a danışan kommunal xidmətlər üzrə mütəxəssis Nüsrət Qasımov deyib ki, sayğaclar hər 5 ildən bir mütləq yoxlanılmalıdır:

“Çünki onlara yad cisimlər daxil ola və işində nasazlıqlar yarada bilər. Lakin hazırda bu tələb icra olunmur. Sayğacların istismar müddəti 15 ildir və həmin vaxt bitdikdən sonra onlar pulsuz dəyişdirilməli, yenisi ilə əvəz olunmalıdır. Çünki sayğaclar daim işləyir, plastik hissələri köhnəlir və nəticədə təhriflər yaranır. İstehsalçılar da buna görə 15 illik istismar müddəti müəyyən ediblər, lakin bu qaydaya da əməl edilmir. Bundan əlavə, qaz tariflərinin fərqli həcm üzrə tətbiqi, yəni 1200 kubmetrə qədər 12, 2000 kubmetrə qədər 20, bundan yuxarı isə 30-35 qəpik qeyri-qanuni və bazar iqtisadiyyatı prinsiplərinə ziddir. Bu sahədə ciddi nəzarət boşluğu var”.

Mütəxəssis qeyd edib ki, qaz təsərrüfatı yüksək təhlükə mənbəyi sayılmasına baxmayaraq, diqqətdən kənarda qalıb:

“Nəzarətsizlik səbəbindən insanlar qaz xətlərində özbaşına dəyişikliklər edir, nəticədə korrupsiya və təhlükəli vəziyyətlər yaranır. Bəzi mənzillərdə mətbəxlər studiyaya çevrilir, cihazların yerləri dəyişdirilir, ventilyasiya və təhlükəsizlik tələbləri pozulur. Bu, kommunal sahədəki nəzarətsizlikdir. Bütün əməkdaşlar attestasiyadan keçməli, sertifikat və lisenziyaya malik olmalıdır. Hazırda isə qaz təsərrüfatında savadsız kadrlar çalışır. Tüstü bacaları illərlə təmizlənmir, ventilyasiya kanallarına diqqət yetirilmir. Halbuki bacalar damdan ən azı yarım metr hündür olmalı, üstündə qoruyucu örtük yerləşdirilməlidir ki, quş və gəmiricilər yuva sala bilməsin”.

Ekspert vurğulayıb ki, qazın keyfiyyəti də qənaətbəxş deyil:

“Normalda qazın alovu mavi-yaşıl rəngdə yanmalıdır, lakin indi qırmızı-sarı tonlar müşahidə olunur. Bu isə qazın lazımi səviyyədə təmizlənməməsi ilə bağlıdır. Hazırda yalnız bir qaz emalı zavodu fəaliyyət göstərir, o da 1950-60-cı illərdə tikilib və mövcud istehlak həcmini qarşılamır. Gündə 30 milyondan çox qaz istehlak edilir və bunun hamısı zavoddan keçməlidir. Lakin reallıqda belə olmur. Nəticədə dəm qazı yaranır, insanlar zəhərlənir, yaxud partlayışa səbəb olur, bu isə minalardan belə risklidir. Mövcud vəziyyət həm insan həyatı, həm də ölkə üçün ciddi təhlükə yaradır və təcili tədbirlər görülməlidir”.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
globalinfo.az

1Mənbələr