AZ

Xaçmaz Vətən müharibəsi şəhidlərinin ildönümü ilə əlaqədar ehsan süfrəsi açılıb

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 25 sentyabr, AZƏRTAC

Xaçmaz rayonunda Vətən müharibəsi şəhidlərinin ildönümü münasibətilə anım tədbirləri və ehsan mərasimi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə 57 saylı Xaçmaz şəhər seçki dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyev və rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev 2016-cı ilin Aprel döyüşlərinin 2, 2020-ci ilin Vətən müharibəsinin 21 və 2023-cü ilin antiterror əməliyyatının 5 şəhidinin ailə üzvləri ilə görüşüb. Görüşdə qəhrəman şəhidlərimizin döyüş yolu ehtiramla xatırlanıb, şəhid ailələrinin sosial problemləri dinlənilib, onların qayğıları ilə maraqlanılıb və deputat tərəfindən 28 şəhid ailəsinə yardım göstərilib.

Görüşdən sonra rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, ağsaqqalların, din xadimlərinin, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının iştirakı ilə 550 nəfərlik ehsan süfrəsi açılıb. Ağalar Vəliyevin maliyyə dəstəyi ilə açılan ehsan mərasimində şəhidlərin əziz xatirəsi dərin ehtiramla anılıb və onların ruhlarına dualar oxunub.

Mərasimdə vurğulanıb ki, Azərbaycan bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Qələbədən, antiterror tədbirlərinin uğurla başa çatmasından sonra suverenliyimizin bütün ərazilərimizdə tam bərpasından, doğma Qarabağımızda həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən və Böyük Qayıdışdan irəli gələn yeni hədəfləri müəyyənləşdirən qalib dövlət kimi müstəqilliyinin ən qüdrətli dövrünü yaşayır.

Qeyd olunub ki, Xaçmaz rayonu da daxil olmaqla, ölkəmizdə şəhid ailələri və müharibə əlilləri hər zaman dövlətimizin başçısının hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində zəruri tədbirlər görülüb.

Bildirilib ki, Ağalar Vəliyev deputat kimi təmsilçisi olduğu 57 saylı seçki dairəsi üzrə Xaçmaz rayonundan olan şəhid ailələrinə, Qarabağ əlillərinə, müharibə iştirakçılarına həssaslıqla yanaşır, öz maddi və mənəvi dəstəyini onlardan əsirgəmir. Belə ki, ötən müddət ərzində Milli Məclisin üzvü tərəfindən 111 şəhid və 119 qazi ailəsinin sosial problemlərinin həllinə dəstək göstərilib. Şəhid ailələri, qazilər və müharibə veteranları da daxil olmaqla Yeni il, Novruz, Ramazan və Qurban bayramlarında 1025 aztəminatlı ailəyə, ümumilikdə, 4100 ədəd ərzaq bağlaması çatdırılıb. Eyni zamanda şəhid və qazi ailələri nəzərə alınmaqla, son iki ildə 124 nəfər Şuşa-Xankəndi-Laçın turuna, cari ildə isə 5 nəfər Həcc ziyarətinə göndərilib. Həmçinin bu il orta məktəblərdə təhsil alan 20 şəhid və qazi övladına və tələbə adı qazanan 2 şəhid övladına maliyyə dəstəyi göstərilib.

Anım tədbirlərinin iştirakçıları şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən hərtərəfli dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
9
azertag.az

10Mənbələr