AZ

Adnan Əhmədzadənin düşmən fəaliyyəti Azərbaycana 2 milyard ziyan vurub...


Xəyal Bəşirov: “Əhmədzadə Rusiyadan olan bəzi qüvvələr tərəfindən ələ alınıb və onların tapşırığına əsasən məlum işləri görüb, belə olan halda dövlətə xəyanət maddəsi əsas götürülür”

SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini, “Caspian Logistics Solutions” şirkətinin rəhbəri Adnan Əhmədzadə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs qərarı verilib.

Adnan Əhmədzadənin həbsinə “Azəri Light” markalı nefti rus nefti ilə qarışdırmaqla satışa təqdim etməsinin səbəb olduğu bildirilir. Azərbaycan nefti alan bəzi ölkələrin neftin tərkibindən şikayətləndikləri, laboratoriyaya təqdim etdikləri və qarışdırıldığının üzə çıxarıldığı haqda məlumat da yayılmışdı. Həmçinin, BTC operatoru BP-nin Türkiyənin Ceyhan terminalında neft çənlərində yoxlama apararkən orqanik xlor aşkar etdiyi barədə məlumat da yayılıb və “Azəri Light” markalı neft tankerində də çirklənmə aşkar edilib. Bu hadisələrdən sonra Qazaxıstan BTC ilə neft nəqlini tam dayandırdı və Rusiyadan nəql etməyə başladı.

Bu kimi hadisələrSOCAR-a olan etimadı zədələnməklə yanaşı, ölkə büdcəsinə külli miqdarda ziyan vurub. Təxmini hesablamalara görə, çirklənmə səbəbindən “Azəri Light” markalı neftin qiyməti 75 dollardan 68,31 dollara düşüb. Bu, bir bareldə 6,69 dollar ucuzlaşma deməkdir. Nəticədə Azərbaycanın ixrac gəlirlərində 2,01 milyard dollar azalma baş verib. Bu isə ölkə ÜDM-nin təxminən 0,9%-nə bərabərdir. Ümumiyyətlə, Əhmədzadə Azərbaycanın xaricə satılan neftinə xlorid qatışdırnaqla dövlətimizə azı 2 milyard dollar ziyan vurub. Bu iddialar rəsmi qaydada təsdiqlənsə, bu onun dövlətə xəyanət etməsinin rəsmi təsdiqi sayıla bilərmi?

“Əhmədzadəyə qarşı irəli sürülən ittihamlarda Azərbaycan dövlətinin iqtisadi təhlükəsizliyinə zərər vurmaq, eyni zamanda, külli miqdarda mənimsəmədən söhbət gedir”

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Adnan Əhmədzadə ağır cinayətlərdə ittiham olunur: “Əhmədzadəyə qarşı irəli sürülən ittihamlarda Azərbaycan dövlətinin iqtisadi təhlükəsizliyinə zərər vurmaq, eyni zamanda, külli miqdarda mənimsəmədən söhbət gedir. Hüquqi baxımdan külli miqdar dedikdə 500 min manatdan artıq məbləğ nəzərdə tutulur.Mediada və cəmiyyət arasında yayılan məlumatlardan da bəlli olur ki, söhbət daha ağır cinayətlərdən gedir. Qanuna görə, barəsində məhkəmənin qüvvəyə minmiş hökmü olmadan şəxsi hansısa cinayətdə ittiham etmək düzgün deyil. Ancaq bu şəxsin etdiyi əməllər faktla göstərilir. Beləki, Əhmədzadə Azərbaycanın xaricə satılan neftinə xlorid qatışdırıb. Belə olan halda ölkəmizə elə-belə deyil, 2 milyard zərər dəyib. Bu isə ciddi rezonans doğuracaq cinayət hadisəsidir. Burda söhbət tək maliyyə zərərindən getmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 282-ci maddəsinə (təxribat) əsasən, ölkənin iqtisadi təhlükəsizliyinə təxribat törədilib. Qeyd etdiyim maddəyə əsasən şəxs 12 ildən 20 ilə qədər azadlıqdan məhrum edilə bilər. Bu cinayət təkbaşına törədilə bilməz, mütəşəkkül dəstə tərəfindən icra edilib. Həmçinin, dövlətə xəyanət maddəsi də aktualdır. Mətbuatda yayılan məlumata görə, Adnan Əhmədzadə məhz Rusiyadan olan bəzi qüvvələr tərəfindən ələ alınıb və onların tapşırığına əsasən məlum işləri görüb. Belə olan halda Cinayət Məcəlləsinin 272-ci maddəsi - dövlətə xəyanət maddəsi əsas götürülür. Bu maddə isə olduqca ağırdır, dövlətə xəyanətdə ittiham olunan şəxs 15 ildən 20 ilə kimi azadlıqdan məhrum edilə bilər. Həmçinin, qeyd etdiyim maddə ilə ittiham olunan ömürlük azadlıqdan da məhrum edilə bilər”.

Həmsöhbətimiz onu da əlavə etdi ki,Əhmədzadənin SOCAR-da işlədiyi dövrdə formalaşmış komanda üzvləri də araşdırma predmetinə çevrilə bilər: “Hazırda SOCAR-da çalışan bəzi yüksək vəzifəli şəxslərin də bu siyahıya daxil edilə biləcəyi istisna olunmur. Rəsmi təsdiqini tapmamış məlumatlar doğrudursa, bu onu göstərir ki, Adnan Əhmədzadə həmin vəzifəli şəxslərin iştirakı və himayəsi olmadan bu miqyasda fəaliyyət göstərə bilməzdi. Burada söhbət dövlətə məxsus olan və səhmlərinin böyük əksəriyyəti dövlətə aid olan SOCAR-ın resurslarının mənimsənilməsindən gedir. Bu, ağır cinayətlər kateqoriyasına daxildir. SOCAR Azərbaycan üçün sadəcə neft şirkəti deyil, həm də ölkənin beynəlxalq brendidir. Bu qurumda çalışmış şəxsin belə qalmaqallı addımlar atması dövlət üçün mənfi imic formalaşdırır. Hətta bu, ölkənin xarici tərəfdaşları ilə münasibətlərinə belə təsir edə bilər”.

Günel CƏLİLOVA

Seçilən
35
baki-xeber.com

1Mənbələr