AZ

Dekolonizasiyaya həsr olunmuş beynəlxalq konfrans iştirakçıları birgə bəyanat səsləndiriblər

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində təşkilatın Nyu-York şəhərində yerləşən mənzil-qərargahında "Bujival razılaşmasından sonra Dənizaşırı ərazilər: rekolonizasiya, yoxsa dekolonizasiya?" adlı beynəlxalq konfrans iştirakçıları yekunda birgə bəyanat səsləndiriblər.

AZƏRTAC-ın məlumatına görə, bəyanatda Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və Baş Assambleyanın 1960-cı il 14 dekabr tarixli 1514 (XV) saylı "Müstəmləkə ölkələrə və xalqlara müstəqilliyin verilməsi haqqında" qətnaməsinin bütün xalqların öz müqəddəratını təyinetmə hüququnu təsbit etdiyi və müstəmləkəçiliyin bütün təzahürlərinin dərhal və qeyd-şərtsiz aradan qaldırılmasının vacibliyi vurğulanıb.

Həmçinin bir ərazinin tam özünüidarəyə nail olub-olmadığını müəyyən edən prinsipləri əks etdirən 1541 (XV) saylı qətnamə və dövlətlər arasında dostluq münasibətləri və əməkdaşlıqla bağlı beynəlxalq hüquq prinsiplərini təsbit edən 2625 (XXV) saylı qətnamə bir daha xatırladılıb.

"Kanaki (Yeni Kaledoniya) 1986-cı ildən BMT tərəfindən özünü idarə etməyən ərazi kimi tanınıb və bununla da Fransa dekolonizasiya prosesini tamamlamaq üçün beynəlxalq öhdəlik götürüb. 1853-cü ildən etibarən xarici işğala qarşı davamlı müqavimət göstərmiş, fransız müstəmləkəçiliyi dövründə torpaqlarından məhrum edilmiş, ağır repressiyalara məruz qalmış Kanak xalqının mübarizəsinin qurbanlarını yad edirik.

1984-cü ildə müstəqillik qazanmaq üçün yaradılmış Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) həlledici mərhələdə olduğunu və BMT-nin dəfələrlə bu mübarizənin legitimliyini təsdiqlədiyini vurğulayırıq", - deyə bəyanatda bildirilir.

2025-ci ilin iyulunda imzalanmış Bujival razılaşması "sabitlik çərçivəsi" kimi təqdim edilsə də, əslində, öz müqəddəratını təyinetmə hüququnun açıq şəkildə pozulması, Fransanın hərbi, iqtisadi və strateji hökmranlığını davam etdirməyə hesablanmış siyasi rekolonizasiya aləti olduğu bildirilib.

"Biz, "Bujival razılaşmasından sonra Dənizaşırı ərazilər: Rekolonizasiya, yoxsa dekolonizasiya?" adlı beynəlxalq konfransın iştirakçıları olaraq, Bujival razılaşmasını qətiyyətlə qeyri-legitim hesab edirik. Onun BMT Nizamnaməsi və beynəlxalq hüququn prinsiplərinə zidd hesab edərək bəyan edirik ki, razılaşma əvvəlki öhdəlikləri pozur, asılılığı möhkəmləndirir və Kanak xalqının ayrılmaz hüququ olan müstəqilliyini boğmağa yönəlmiş məqsədyönlü şəkildə atılan addımdır. Biz Kanak xalqının öz siyasi statusunu azad şəkildə müəyyən etmək və xarici müdaxilə olmadan iqtisadi, sosial və mədəni inkişafını realizə etmək hüququnu bir daha təsdiq edirik.

Biz BMT-ni, Dekolonizasiya üzrə Xüsusi Komitəsini və bütün üzv dövlətləri Fransanın Kanakinin dekolonizasiya prosesinə mane olmasını qınamağa, Kanakinin tam və qeyd-şərtsiz müstəqilliyini təmin etmək üçün səyləri gücləndirməyə çağırırıq", - deyə qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
1
olaylar.az

2Mənbələr