Bakıda keçirilən “Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri” yarışın ikinci günündə kişilər arasında sərbəst proqram baş tutub.

Offsideplus.az xəbər verir ki, bu gün 21 ölkədən 22 idmançı çıxış edib.

Turnirin sərbəst proqram üzrə nəticələrinə əsasən Cənubi Koreyalı idmançı Minkyu Seo 236.45 xalla ali kürsüdə 1-ci yerə, Belçikalı fiqurlu konkisürən Denis Krouglov 213.47 xalla 2-ci yerə, Birləşmiş Ştatlardan olan idmançı Kaleb Farrinqton isə 210.66 xalla 3-cü yerə sahib olublar.

Təltifetmə mərasimində qaliblərə medalları Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev və Azərbaycan Qış İdman Növləri Federasiyasının Baş katibi Günel Bədəlova təqdim edib.

Qeyd edək ki Qran-Pri Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Qış İdman Növləri Federasiyası və Beynəlxalq Konkisürmə Birliyinin təşkilatçılığı ilə keçirilir. Turnirdə 38 ölkədən 92 idmançı iştirak edir.

Sentyabrın 26-da, yarışın sonuncu günündə qadınlar buz üstündə sərbəst proqramla, cütlüklər isə sərbəst rəqs proqramı ilə çıxış edəcəklər.