İki gündür ki, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edir. Diqqətçəkən məqamlardan biri də odur ki, hər kəs qalib ölkənin lideri ilə görüşməyə can atır. Ölkə başçısının Nyu-York gündəliyi bu baxımdan zəngindir. Nüfuzlu ölkələrin liderləri, dünyaca məşhur şirkətlərin başçıları prezident İlham Əliyevlə görüşmək üçün sıraya düzülüb.
Hətta ABŞ prezidenti Donald Tramp öz çıxışında Azərbaycan prezidenti ilə dialoqa ehtiyac duydu. Dünya liderləri Azərbaycan prezidentini fenomenal siyasət dühası kimi qəbul edirlər. Bu, həm də ölkəmizin nüfuzunun artması deməkdir. Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İraq Prezidenti ilə görüşdü.
Görüş həm də İraq tərəfinin istəyi ilə baş tutdu. İraqın rəhbəri də Azərbaycan prezidentini Ermənistanla sülhün əldə olunmasında önəmli addımın atılması münasibəti ilə təbrik etdi.
dövlətimizin başçısının dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən biri olan “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt, “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru Corc Volker və “Blackstone” şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey ilə görüşləri bunun göstəricisidir. Belə ki, “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt 2023-cü ildə ölkəmizə səfəri zamanı Azərbaycanda müşahidə etdiyi iqtisadi nailiyyətlərin və inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını, rəhbərlik etdiyi şirkətin Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının getdikcə genişləndiyini xüsusi qeyd edib. Brüs Flətt Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı əldə edilmiş nəticələrə görə təbriklərini çatdıraraq, bunun bölgədə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün də yaxşı imkan yaratdığını bildirdi.
“Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru Corc Volker rəhbərlik etdiyi şirkətin qlobal maliyyə və investisiya fəaliyyəti barədə məlumat verərək, Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə etdi. O, yeni layihələr çərçivəsində tərəfdaşlığın genişləndirilməsi üçün mövcud imkanların dəyərləndirildiyini bildirdi.
Prezident İlham Əliyev ölkəmizin beynəlxalq maliyyə qurumları və nüfuzlu investisiya şirkətləri ilə əməkdaşlığın genişləndirilməsinə önəm verdiyini qeyd edərək bu xüsusda “Neuberger Berman” şirkəti ilə tərəfdaşlığın bundan sonra da uğurla davam edəcəyinə inamını ifadə etdi. “Blackstone” şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey Azərbaycanda həyata keçirilən iqtisadi islahatların və inkişaf proseslərinin beynəlxalq investorlar üçün cəlbedici imkanlar yaratdığını, rəhbərlik etdiyi şirkətin Azərbaycanla, xüsusilə də Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının genişləndirilməsində maraqlı olduğunu və ölkəmizdə formalaşmış əlverişli investisiya mühitini yüksək qiymətləndirdiyini bildirdi. Hər üç şirkət dünyanın ən böyük maliyyə qurumlarındandır.
Bu, həmin qurumların Azərbaycana olan marağının göstəricisidir. Ümumilikdə səfər çərçivəsində keçirilən bütün görüşlər qarşı tərəflərin müraciətləri əsasında baş tutur. Bu, ölkəmizə marağın, onun liderinə olan münasibətin təsdiqidir.
İraq lideri, eləc də digər dövlət rəhbərləri Azərbaycan prezidenti ilə görüşlərində enerji, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə etməyə can atırlar. Çünki ölkə başçısının uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycan dünyanın enerji mərkəzinə, logistika beşiyinə çevrilib.
BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən Baş Assambleyanın 80-ci sessiyasında 150-dən çox dövlət və hökumət başçısı iştirak edir. Amma hər ölkənin lideri diqqət mərkəzinə düşə bilmir. Azərbaycan lideri isə elə Nyu-Yorkdakı ilk dəqiqələrindən dünya liderlərinin diqqət mərkəzindədir.
Azərbaycan BMT-nin daha səmərəli fəaliyyət göstərməsinə, beynəlxalq təhlükəsizliyin və sülhün qorunmasına öz töhfəsini verir. Ölkəmiz BMT-nin nüfuzunun artırılmasının tərəfdarıdır. Bu mötəbər qurum son illər dünyada gedən təhlükəli meyillərin qarşısının alınmasında həlledici rol oynaya bilər. Ölkə başçısı cənab İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, bunun üçün təşkilatın özündə ciddi islahatların aparılması qaçılmazdır. Belə ki, əvvəldə də qeyd etdiyimiz kimi, dünyada yeni nizamlama prosesləri gedir, qlobal təlatümlər baş verir və bu təlatümlərin mənfi təsirləri davam edir. BMT-nin məsələlərə operativ reaksiya verməsi, problemlərin həllində yaxından iştirakı böyük əhəmiyyət kəsb edir. Qlobal təhlükəsizliyi təmin etməli olan qurumun struktur və funksional cəhətdən daha da gücləndirilməsi artıq zərurətə çevrilib.
Bu baxımdan, hər kəs Azərbaycanı qlobal oyunçuya çevirən İlham Əliyev dühası ilə şəxsən görüşmək, onun əlini sıxmaq istəyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında Baş Assambleyanın 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirak edirlər. Azərbaycan prezidentinin qlobal iqlim dəyişmələri və digər bəşəri problemlərə həssas yanaşması təkcə BMT-nin yox, digər nüfuzlu təşkilatların və beynəlxalq oyunçuların diqqət mərkəzindədir. Məhz Prezident İlham Əliyevin dəmir iradəli siyasəti nəticəsində Azərbaycanın sözü ən ali tribunalardan eşidilir.
Elçin Quliyev,
YAP Nərimanov rayon təşkilatının sədri