AZ

Keçmiş ailə dostundan Netanyahuya sərt ittihamlar: Xilas et özünü də, bizi də səndən...

İsrailin tanınmış iş adamı və Netanyahunun keçmiş dostu Roni Mana Baş naziri ittiham edib, ordunun Qəzzadan çıxarılmasını tələb edib...

Poliqon xəbər verir ki, İsrailin nüfuzlu iş adamı, Baş nazir Benyamin Netanyahunun keçmiş yaxın dostu və ailə müttəfiqi olmuş Roni Mana X sosial şəbəkəsində yayımladığı emosional müraciətdə İsrail hökumət rəhbərini kəskin tənqid edib. Mana Netanyahunu korrupsiya, hakimiyyət hərisliyi və şəxsi maraqları naminə ölkəni fəlakətə sürükləməkdə günahlandırıb, eyni zamanda Qəzzada davam edən hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edib.

Roni Mana çıxışında bildirib ki, artıq “HƏMAS adlı təşkilat yoxdur, yalnız ölümə getməyə hazır olan silahlı dəstələr qalıb” və belə qüvvələri məğlub etməyin mümkünsüz olduğunu qeyd edib.


“Bibi, əsgərlərimizi düşün, onları Qəzzadan çıxar. Onlar ölümə gedirlər, intiharçıları isə heç kim məğlub edə bilməz”, deyə Netanyahunun keçmiş dostu vurğulayıb.

Mana həmçinin Netanyahunun siyasi səhvlərinin İsrailin beynəlxalq arenada təcridinə səbəb olduğunu qeyd edib: “Bütün dünya bizə qarşıdır. Sən Trampa güvənirsən? O hər gün mövqeyini dəyişən pita kimidir, sabah sənə də arxa çevirə bilər. Trampın üç ili qalıb, sonra tarix olacaq. Amma sən İsrailə elə bir zərər vurdun ki, onu düzəltmək mümkün olmayacaq”.

Mana Netanyahunu həm də korrupsiya qalmaqallarında günahlandıraraq ona məhkəmə qarşısında ittiham olunmaqdan yayınmaq üçün “günahını etiraf edib saziş bağlamağı” tövsiyə edib.

“Sən rüşvət almısan, sən və həyat yoldaşın korrupsiyaya bulaşmısınız. İttiham aktında göstərilən məbləğ sadəcə səhvdir, əslində sıfırlar artırılmalı idi. Sənin yeganə şansın günahını etiraf etmək və həbsdən qurtulmaqdır. Çünki əks halda sabah yeni cinayət işləri açılacaq – 5000, 6000, 7000 və sair”, deyə iş adamı əlavə edib.

Mana Netanyahunun ailəsini də sərt tənqid edib.

“Özünü və bizi də səndən xilas et. Dəli həyat yoldaşını müalicəyə apar, o psixiatrik yardıma ehtiyac duyur. Oğlun da təcili müalicəyə getməlidir. Mən ümid edirəm ki, gələn il siz İsveçrədə ən yaxşı həkimlərin yanında terapiya kursu keçəcəksiniz”, deyə Mana vurğulayıb.

Sonda Netanyahunun keçmiş dostu ölkənin gələcəyinə dair ümidlərini ifadə edib.

“İsraildə milli birlik hökuməti qurulacaq və Knessetin 90 faizi dəyişəcək. Ağıllı insanlar bu xalqı layiq olduğu yerə aparacaq”, deyə Mana ittihamlarını bitirib.

Poliqon.info

Seçilən
42
1
poliqon.info

2Mənbələr