AZ

Süni intellekt:Böyük imkan, yoxsa risk?

Süni intellekt texnoloji yenilik olmaqla yanaşı, artıq təhsil, səhiyyə, nəqliyyat və digər xidmət sahələrində, eyni zamanda, gündəlik həyatımızda modernləşmə və səmərəlilik gətirən gözə görünməz köməkçi rolunu oynayır. Onlayn alış-veriş saytlarında istifadəçilərə uyğun məhsul tövsiyələrinin təqdim olunması, mobil telefonlarda səsli köməkçilərin istiqamət verməsi və ya ağıllı xəritə tətbiqlərinin ən qısa marşrutu müəyyənləşdirməsi, təhsil sahəsində isə fərdi tədris proqramları təklif edən platformaların şagirdlərə uyğun material təqdim etməsi süni intellektin gündəlik istifadəsinə əyani misaldır.

Süni intellekt ölkəmizdə də geniş istifadə olunur. Prezident İlham Əliyevin müvafiq imzaladığı Sərəncamına əsasən təsdiq edilən “2025-2028-ci illər üçün süni intellekt Strategiyası” bu texnologiyanın həyatımızdakı rolunu daha da gücləndirməyə yönəlib və onu yalnız texnoloji yenilik deyil, həm də həyat keyfiyyətini yüksəldən strateji vasitəyə çevirir. Sərəncamın imzalanmasında məqsəd Azərbaycanda süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturunun əlçatanlığını təmin etmək, habelə ixtisaslı kadr potensialını gücləndirməkdir. Dövlətin strategiyaya verdiyi prioritetlər, kifayət qədər resurs və nəzarət mexanizmi ilə yanaşı, vətəndaşların həyat keyfiyyətinin yüksəlməsinə şərait yaradır. 

Süni intellektlə bağlı son dövrlər diqqət çəkən məqamlardan biri odur ki, insanlar süni intellekt proqramları ilə təkcə məlumat axtarmır, həm də onunla söhbət edir, hətta dərdləşir. Süni intellektlə emosional ünsiyyətin genişlənməsi bir tərəfdən insanlara rahatlıq versə də, digər tərəfdən sosial münasibətlərin zəifləməsinə səbəb ola bilər.

İnsan beynindən sürətli ola bilər, lakin...

Mövzu ilə bağlı klinik psixoloq Aydan Sabirli “İki sahil”ə açıqlamasında bildirdi ki, bu hallara tez-tez rast gəlinir, hətta süni intellektdən seans əvəzinə istifadə etməyə çalışanlarda var: “İnsan həyatı riyazi düsturlar deyil ki, hansısa yüklənmiş məlumatlar hər kəsə uyğun olsun. Hər insan, hər münasibət və hər psixologiya fərqlidir. Süni intellekt insan həyatına, qərarlarına yön verə bilməz. Heç bir münasibətin dinamikasını süni intellekt qərarlaşdıra bilməz. Lazımi məlumatları toplayıb, hər bir pasiyentin psixoloji portretini göz önünə alıb xüsusi incəlik və həssaslıqla yanaşaraq sözlərimizi seçirik. Bunun səbəbi isə bizim süni intellektdən fərqli olaraq empatiya bacarığına malik canlılar olmağımızdır. Empatiya bacarığı olmayan, içində olduğunuz vəziyyəti dərindən analiz edə bilməyən bir texnologiya insan psixologiyası kimi həssas mövzular haqqında qərarlar, məsləhətlər verə bilməz”.

Ekspert qeyd etdi ki, insanların süni intellekt platformalarına psixoloji dəstək almaq məqsədi ilə müraciət etməsinin başlıca səbəbi maddi yükdən azad şəkildə mənəvi rahatlıq tapmaqdır: “Unutmayaq ki, süni intellekt insan beyninin məhsuludur. O, insan beynindən daha sürətli ola bilər, lakin heç vaxt ondan daha güclü ola bilməz. İnsanla işləmək üçün ruha ehtiyac var, sürət və bol məlumat bazası insan psixologiyasını analiz etmək üçün yetərli deyil.”

Süni intellekt BMT-nin müəyyən etdiyi qlobal problemlər siyahısındadır

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 80-ci sessiyasında müzakirə olunan məsələlər arasında süni intellekt də xüsusi yer alıb. Təhlükəsizlik, iqlim dəyişikliyi və pandemiya riskləri ilə yanaşı, süni intellektin idarə olunması da beynəlxalq müzakirələrin mərkəzində olub.

BMT rəsmilərinin açıqlamalarına görə, süni intellektin sürətli inkişafı bəşəriyyətə həm böyük imkanlar, həm də ciddi təhlükələr gətirə bilər. Bu səbəbdən BMT çərçivəsində süni intellektin risklərini və faydalarını obyektiv şəkildə araşdıran 40 mütəxəssisdən ibarət “Müstəqil Elmi Panel” in və dövlətlər və şirkətlər arasında əməkdaşlığı koordinasiya etmək üçün “Qlobal Süni İntellekt Forumu” nun yaradılması qərara alınıb. Ekspertlər hesab edirlər ki, bu addım dövlətlər arasında süni intellektin etik, təhlükəsiz və ədalətli istifadəsi üçün yeni mərhələ açacaq. 

Emosional asılılıq real münasibətlərdən uzaqlaşma risklərini artırır

Daha bir həmsöhbətimiz - “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin sədri Elvin Abbasov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, süni intellektin sürətli inkişafı insanlığa həm böyük imkanlar, həm də ciddi risklər gətirir. Ən böyük təhlükələrdən biri texnologiyanın nəzarətsiz istifadəsidir ki, bu da kibertəhlükəsizlik risklərini, yanlış məlumatların (deepfake, dezinformasiya) kütləvi yayılmasını, şəxsi məlumatların sui-istifadəsini və iş yerlərinin avtomatlaşdırma nəticəsində itirilməsi ilə nəticələnə bilər. Daha qlobal miqyasda isə süni intellektin hərbi məqsədlər üçün tətbiqi və etik prinsiplərə zidd şəkildə idarə olunması bəşəriyyət üçün real təhlükə hesab olunur. BMT-nin süni intellekti qlobal problemlər sırasına daxil etməsi mühüm addımdır. Bu, texnologiyanın etik və təhlükəsiz istifadəsini təmin etmək, həmçinin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında texnoloji bərabərsizliyin – “süni intellekt uçurumunun” dərinləşməsinin qarşısını almaq məqsədini daşıyır. Qlobal əməkdaşlıq və beynəlxalq tənzimləyici çərçivələr bu istiqamətdə vacib rol oynayacaq”.

Elvin Abbasov  süni intellektdən psixoloji dəstək almaq üçün  istifadə  ilə bağlı bildirdi ki, insanların süni intellektlə yalnız məlumat axtarması deyil, həm də emosional ünsiyyət qurması sosial müstəvidə yeni reallıq yaradır: “Bu, müəyyən hallarda faydalı olsa da, emosional asılılıq və real münasibətlərdən uzaqlaşma risklərini də artırır. Buna görə də süni intellektin insanla ünsiyyətində şəffaflıq, balans və etik prinsiplər mütləq qorunmalıdır.”

Şahnigar Əhmədova

Seçilən
5
ikisahil.az

1Mənbələr