AZ

Kredit götürmək istəyənlərin nəzərinə: bu şərtə diqqət edin

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Son vaxtlar sosial şəbəkələrdə sürətli, girovsuz onlayn kredit təklifləri geniş yayılıb. Bu cür elanlar əksəriyyət üçün asan çıxış yolu olsa da, adətən onların arxasında fırıldaqçılıq, yüksək faizlər dayanır.

Onlayn kredit nədir? İnsanlar nəyə diqqət etməlidir?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, onlayn kreditlər son illər həm Azərbaycan, həm də dünyada məşhurlaşan maliyyə xidmətlərindəndir:

“Bu, bank və ya lisenziyalı kredit təşkilatlarının internet vasitəsilə vətəndaşlara təqdim etdiyi borc məhsuludur. Müştəri banka getmədən, onlayn müraciət edib ilkin təsdiq alır, sonra isə kredit məbləği kartına və ya hesabına köçürülür. Qanuni onlayn kreditlərdə mütləq saziş imzalanır, faiz dərəcəsi, müddət, ödəniş qrafiki açıq göstərilir. Lakin sosial şəbəkələrdə yayılan elanların bir qismi real maliyyə qurumlarına aid deyil, fırıldaqçılıq məqsədi daşıya bilir. Belə hallarda əvvəlcədən “təminat üçün ödəniş” tələb olunur, amma nəticədə pul verilmir. Bəzi qeyri-rəsmi qurumlar illik 30-70 və daha artıq faizlə kredit təklif edir. Şəxsiyyət vəsiqəsi, kart məlumatları istənilir və sonra sui-istifadə olunur. Bu cür elanları verənlərin əksəriyyətinin Azərbaycan Mərkəzi Bankından (AMB) lisenziyası olmur”.

Akif Nəsirli

İqtisadçı qeyd edib ki, vətəndaşlar bəzi məqamlara diqqət etməlidirlər:

“Əvvəlcə kredit verən təşkilatın ABM-nin lisenziya siyahısında olub-olmadığını yoxlamaq lazımdır. Qətiyyən müqaviləsiz pul götürülməməli, faiz dərəcəsi, cərimələr və komissiyalar aydın göstərilməlidir. Əgər kredit üçün əvvəlcədən pul istəyirlərsə, deməli fırıldaqdır. Şəxsiyyət və bank kartı məlumatlarını yalnız tanınmış bankların rəsmi saytında, yaxud mobil tətbiqində daxil etmək lazımdır. “5 dəqiqəyə kredit”, “heç bir sənədsiz və faizsiz” kimi elanlara ehtiyatla yanaşmaq vacibdir. Ümumiyyətlə, onlayn kredit ancaq rəsmi bank və maliyyə qurumlarından götürülməlidir. Sosial şəbəkələrdəki şübhəli elanların çoxu insanları yüksək borc bataqlığına salır”.

Ləman İmran

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
globalinfo.az

1Mənbələr