AZ

Köçəryan və Sarkisyanın Azərbaycan torpaqlarının işğalında iştirakları araşdırıldı

Bu gün Bakı Hərbi Məhkəməsində Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə Araik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin cinayət işi üzrə araşdırmalar davam etdiriləcək.

Olaylar.az xəbər verir ki, hazırda prosesdə işğalın ilk illərində törədilən qanlı cinayətlərə dair istintaq dosyelərindən sənədlər elan olunur.

Cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var.

Azərbaycan dövləti adından zərərçəkmiş qismində isə Nazirlər Kabineti aparatının rəhbəri Rüfət Məmmədov iştirak edir.

Ötən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan məhkəməyə müraciət edərək bir neçə iclasının protokolu ilə tanış olmaq istədiyini və müvafiq şərait yaradılmasını xahiş edib.

Məhkəməyə sədrlik edən L.Mnatsakanyana iclas protokolları ilə tanış olması üçün tərcüməçi vasitəsilə şərait yaradılacağını bildirib.

Məhkəmə iclası Ermənistanın müdafiə nazirinin sabiq müavini Manvel Qriqoryanın mətbuata müsahibəsinin cinayət işi üzrə sübut kimi tədqiq olunması ilə davam etdirilib.

Ermənistandan Azərbaycan ərazilərini işğal etməsi üçün göndərilmiş Manvel Qriqoryan müsahibədə Ermənistandan aldığı təlimatlar əsasında Azərbaycanın suveren ərazilərində, o cümlədən Ağkənddə törətdiyi cinayətlər, o cümlədən təxribatlar barədə danışıb. 

"Məktəblərdə aranı qızışdırırdıq ki, dalaşsınlar, bir-birilərini döysünlər. Hadrutda, Xankəndidə bizimlə əməkdaşlıq edən rəhbərlik var idi, Ermənistandan isə 24 saat ərzində birbaşa bizimlə əlaqədə idilər", - deyə Manvel Qriqoryan bildirib.

O, bir qrup ali məktəb tələbəsi olan gənc kişinin və qadının İrəvandan Azərbaycan ərazilərinə gəldiyini, məktəb müəllimi kimi fəaliyyətə başladıqlarını deyib və əlavə edib:

"Onlar bizimlə əməkdaşlıq edirdilər. Gündüzlər dərs keçirdilər, gecələr isə bizimlə birlikdə postlarda növbə aparırdılar. Yəni, onlar gecələr hazır "əsgər" idilər. Sonra biz gənc müəllimlərin vasitəsilə 14-15 yaşlı yeniyetmələrdən əsgər kimi istifadə etməyə başladıq. Çünki o yaşda uşaqlarla işləmək daha asan idi, - qeyd etdiyim həmin 14-15 yaşındakı yeniyetmələrin 90 faizi bu günə qədər orduda xidmət edirlər, hətta generallardır və digər yüksəkrütbəli zabitlərdir, başladıq onları öz yanımıza, yəni bazaya çəkməyə. Artıq onlara ciddi silahlar verirdik, bildiklərimizi öyrədirdik və məşqlər həyata keçirirdik".

Müsahibədə Manvel Qriqoryan Ermənistanın keçmiş prezidentləri Robert Köçəryanın və Serj Sarkisyanın Azərbaycan ərazilərinin vaxtilə işğal edilməsində iştirakından da danışıb. 

O, Ermənistandan yüksəkrütbəli hərbçilərin, general və polkovniklərin Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərində hərbi bölmələr yaratmaq üçün göndərildiyini də söyləyib. Generallardan birinin isə adını çəkərək, onun Gümrüdən gəlmiş Artuşa olduğunu deyib.

"Ermənistandan bizə avtomat, ümumiyyətlə vertolyotla nəyi gətirmək mümkündürsə, onu gətirə bilirdilər", - deyə o əlavə edib.

Manvel Qriqoryan azərbaycanlıların qətlə yetirildiyini, kəndlərin talan edildiyini də etiraf edib və deyib: 

"Başladıq türklərin kəndlərini tutmağa. Girirdik, kəndləri dağıdırdıq, məhv edirdik. Manvel Qriqoryan Ermənistan silahlı qüvvələrinə məxsus briqadanın komandiri olmasından da bəhs edib. Bildirib ki, bununla əlaqədar Ermənistana çağırılıb, müdafiə naziri Vazgen Manukyanın əmri ilə Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərinə göndərilib. Bundan sonra Azərbaycanın Füzuli rayonunun 47 kəndini işğal ediblər. Daha sonra məhkəmədə cinayət işi üzrə bir sıra sənədlər elan olunub. O cümlədən 1992-ci il iyunun 8-də Qazax rayonunun Aşağı Əskipara və digər kəndlərinin atəşə tutulması, 1992-ci il fevralın 29-da hərbi hissənin şəhərciyinə basqın edilməsi, hərbi hissədən silah-sursatın ələ keçirilməsi, 1993-cü il dekabrın 16-da Beyləqan şəhərinin artilleriya atəşinə tutulması, Xankəndi şəhərinin və Kərkicahan qəsəbəsinin işğal edilməsi faktları üzrə sənədlər elan edilib. Habelə Şuşa rayonunun, Xankəndi şəhərinin, Xocavənd, Xocalı, Ağdərə, Laçın, Kəlbəcər, Füzuli, Qubadlı, Cəbrayıl, Ağdam və Zəngilan rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində əhalinin yaşadığı ərazidən didərgin düşməsi (deportasiya) ilə bağlı sənədlər də elan olunub.

Habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsirlikdə olan hərbi qulluqçuları və beynəlxalq humanitar hüquqla müdafiə olunan mülki və digər şəxslərlə amansız rəftar edilməsi, işgəncələr verilməsi, Birinci Qarabağ müharibəsi zamanı dəfn edilmiş naməlum şəhid məzarları, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin meyit qalıqlarının Şuşa şəhərində təhvil verilməsi, Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlığın aşkar edilməsi faktları üzrə sənədlər də elan edilib. Elan olunan digər sənədlər azərbaycanlıların öldürülməsi, xəsarət yetirilməsi, öldürülməsinə cəhdlər və digər cinayətlərlə bağlı olub. Sənədlərlə eyni vaxtda, habelə bir sıra fotoşəkillər nümayiş etdirilib.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
9
olaylar.az

10Mənbələr