AZ

“BMT köhnəlib, daimi üzvlərin sayının artırılması vacibdir” ELÇİN MİRZƏBƏYLİ

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

“Azərbaycan iştirak etdiyi heç bir beynəlxalq təşkilatın fəaliyyətinə sıradan bir faktor kimi yanaşmayıb, əksinə, proseslərdə aktiv iştirak edib. Ölkəmiz formal yanaşmadan uzaq duraraq, bu fəallığını BMT-də də göstərib. Azərbaycanın sədrliyi dövründə, eləcə də müvəqqəti üzvlüyü zamanı ölkəmizin aktiv fəaliyyətinin şahidi olmuşuq. Bu mövqe digər beynəlxalq təşkilatlarda da özünü göstərib və Qoşulmama Hərəkatında da təsdiqlənib”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib:

“Xüsusilə, Azərbaycan BMT Baş Assambleyasındakı töhfələrindən biri onun Qoşulmama Hərəkatına sədrliyi dövründə peyvənd millətçiliyinə qarşı xüsusi sessiyanın çağırılması ilə bağlıdır.

Qənaətimcə, bu, ən mühüm addımlardan biridir. Lakin proseslər göstərir ki, BMT mahiyyət etibarilə köhnəlib, qocalıb və indiki şəraitdə beynəlxalq təhlükəsizliyə əhəmiyyətli töhfə vermək potensialı və gücünü itirib. Əslində, BMT ilə bağlı problemlər yeni yaranmayıb.

SSRİ-nin süqutundan sonra baş verən proseslər nəticəsində, baxmayaraq ki, Rusiya özünü SSRİ-nin hüquqi varisi elan etmişdi, digər dövlətlər də nəticə etibarilə SSRİ-nin hüquqi varisi sayılırdılar. Lakin nədənsə, proseslərdə Rusiyanın aktiv şəkildə iştirakına imkan verildi və o, daimi üzv kimi qalmağa davam etdi.

SSRİ kimi bir imperiya dağıldıqdan sonra onun BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi fəaliyyətinin davam etdirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə münasibətdə də ədalətsiz bir addım idi. Nəticədə, o zamandan başlayaraq Birləşmiş Millətlər Təşkilatının daha çox maraqların uzlaşdırılması üçün bir institut halına gəldiyinin şahidi olduq”.

Deputat vurğulayıb ki, bu gün BMT ilə bağlı fərqli yanaşmalar mövcuddur və bu, Azərbaycanın mövqeyində də özünü göstərir.

“Cənab Prezident öz çıxışlarında BMT-nin mövcud strukturunun, o cümlədən Təhlükəsizlik Şurasının beynəlxalq təhlükəsizlik mexanizmlərinin qorunmasına xidmət etmədiyini və beynəlxalq hüququn norma və prinsiplərinin təmin edilməsinə kifayət qədər töhfə verə bilmədiyini xüsusi vurğulayıb.

Bu mövqe qardaş ölkənin lideri Rəcəb Tayyib Ərdoğanın çıxışlarında da öz əksini tapır. Azərbaycanın yanaşması “Dünya 5-lik”lə bağlıdır, çünki hazırda BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlər bütün dünyanı təmsil etmir”-deyə o əlavə edib.

Elçin Mirzəbəylinin fikrincə, demoqrafik vəziyyət dəyişib və ayrı-ayrı ölkələr artıq orta güc faktorundan daha irəli gediblər.

“Faktiki olaraq, qitələrin prosesdə aktiv şəkildə iştirak etmədiyinin şahidi oluruq. Məsələn, Afrika və ya Cənubi Amerika ölkələrinin niyə BMT

Təhlükəsizlik Şurasının daimi üzvü kimi təmsil olunmadığı sual doğurur. Bu vəziyyətdə ədalətli və ədalətsiz yanaşmaların şahidi oluruq. Bəzi ölkələr yalnız öz maraqlarını nəzərə alaraq daimi üzvlərin arasında özlərini görürlər. Yəni bütün dünya ölkələrinin maraqlarını ifadə edəcək ölkələr deyil, məsələn, Hindistan timsalında yalnız özlərini irəli sürməyə çalışırlar.

Nəticədə, biz ayrı-ayrı ölkələrin ədalətsiz mövqeyinin şahidi oluruq. Hazırkı şəraitdə qənaətimcə, ən optimal yanaşma daimi üzvlərin sayının artırılması və bütün dünyanın əhatə edilməsi ilə bağlı Azərbaycan və Türkiyənin mövqeyidir”-deyə deputat bildirib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
icma.az

1Mənbələr