AZ

"Çörək verdiyi adamı bu günə qoymazlar..." - Lütvəli Babayev cdə ifadə verdi

Ajans.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, keçmiş məmur cinayət işində əsas şahidlərdən biridir. Cinayət hadisəsi ilə bağlı “Uniklinika”nın baş həkimi Aruz Əliyev və onun dostu Ehtiram Kərimov ittiham olunur. Onların hər ikisi həbsdədir. İstintaq materiallarında qeyd edilir ki, Aruz və Ehtiram tanışları Babəli Babazadəyə məxsus 2 milyon manat dəyərində əmlakı sataraq əldə edilən vəsaiti mənimsəyiblər. Onlar əvvəlcə külli miqdarda vergi borcu olan Babəlini Türkiyəyə göndərib etibarnamə alaraq evini və digər əmlakını satıblar. Təqsirləndirilən şəxslər isə bu ittihamı qəbul etmir, əksinə Babəlinin tüfeyli həyat sürdüyünü və ona vəziyyətdən çıxmaqda kömək etdiklərini bildirirlər. Lütvəli Babayev bu işdə şahid olsa da, məhkəmədə daha çox zərərçəkmiş kimi danışıb. Onun sözlərinə görə, təqsirləndirilən şəxslər oğlunun etibarından istifadə ediblər. Xüsusilə də Aruz Babəlinin aldadılmasında əsas rol oynayıb. Onun cinayətə aid səs yazısını şəxsən özü yazaraq istintaqa təqdim edib: “Aruz mənim oğlumun həkimi olub, oradan münasibətləri yaranıb. Hətta Babəli onu xəstəxanaya işə düzəldib. Çörək verdiyi adamı bu günə qoymazlar axı… Oğlumun güvənindən sui-istifadə edib. Babəlini Türkiyəyə göndərəndən sonra əmlakını ələ keçiriblər. Sual verirəm, Aruz, mənim oğlumu Türkiyəyə niyə göndərirdin, hansı məqsədlə? Aruzun səs yazısını şəxsən mən yazıb istintaqa vermişəm. Həmin kaset məhkəmədə də var. Oğlumu aldadıb əmlakını ələ keçiriblər. Mən Aruzla düşmənlik etmirəm, sadəcə tələb edirəm ki, əmlakı qaytarsınlar”. Lütvəli Babayev oğluna nəzarət etməməsi ilə bağlı deyilən sözlərə isə “Yazırlar ki, oğlum uşaqdır, mənim də ondan xəbərim olmayıb. 100 il əvvəl Böyük Britaniyanın Baş nazirinin 25 yaşı var idi. Nə olsun ki? Babəli də böyük oğlandır”, - deyə cavab verib. L.Babayev bu işin ədalətli araşdırılması üçün məhkəməyə and verib: “Düzdür, din dövlətdən ayrıdır. Amma yenə də Qurani-Kərimin xətrinə ədalətli qərar çıxarmanızı xahiş edirəm”. Müdafiə tərəfinin vəkili İlqar Rüstəmov isə Lütvəli Babayevin ifadəsinə etiraz edib. Vəkil Babayevin şahid kimi deyil, zərərçəkmiş kimi davrandığını deyib: “Bu adam iş üçün əhəmiyyətli heç nə demir. 20 dəqiqəlik ifadəsində şahid kimi əhəmiyyət kəsb edən bir dənə də söz demədi. Britaniyanın Baş nazirindən girdi, qohumunun Türkmənistana ərə getməsinə qədər danışdı. Yarım saatdır biz buna qulaq asırıq. Bu, zərərçəkmiş yox, şahiddir. Ümumiyyətlə, bu şəxsin dindirilməsinə qarşı etiraz verəcəyik”. Hakim Mahirə Kərimova vəkilin etirazını nəzərə alaraq prosesin təxirə salınmasına qərar verib. Proses gələn dəfə Lütvəli Babayevin sorğu-sual edilməsi ilə davam edəcək. Qeyd edək ki, Lütvəli Babayev 2005–2007-ci illərdə Mingəçevirin, 2007–2019-cu illərdə isə Zərdabın icra başçısı olub. Oğlu Babəli Babayev isə iş adamıdır.

Seçilən
9
23
Ajans.az

10Mənbələr