AZ

“Neftçi” ilə tanınmış forvard arasında danışıqlar sona yaxınlaşır… YENİ MƏLUMAT!

Kamerun millisinin hücumçusu Vensan Abubakar Azərbaycanda oynaya bilər.

"Actu Cameroun" nəşrinin yazdığına görə, "Neftçi" 33 yaşlı ulduza rəsmi təklif göndərib.

Xəbərdə qeyd edilib ki, hazırda klubsuz olan Abubakar üçün "Neftçi" variantı yaxşı fürsət ola bilər. Bakılıların təcrübəli forvarddan cavab gözlədiyi bildirilib.

“Portu”, “Beşiktaş”, “Loryan” və “Əl-Nəsr”də çıxış etmiş afrikalının son ünvanı "Hatayspor" (Türkiyə) olub. O, ötən mövsüm Türkiyə Superliqasında 25 oyunda meydana çıxıb, 7 qol vurub və 2 qolun ötürməsini edib.

Bir müddət əvvəl "Qarabağ"ın da Abubakarı heyətinə cəlb etmək istədiyi ilə bağlı xəbərlər yayılmışdı. "Neftçi"nin adının gündəmə düşməsi isə təsadüfi deyil.

"Köhlən atlar" sabiq "Beşiktaş"lının xidmətinə maraq göstərmədiyindən, menecerlər anoloji təkliflə "ağ-qaralar"ın qapısını döyüb.

Redaksiyamız danışıqların gedişi ilə bağlı son məlumatları əldə edib. Saytımıza məlum olub ki, "Neftçi"nin ona aylıq 50 min avro maaş ödəməyə razılıq verməsi barədə iddialar əsassızdır.

Paytaxt təmsilçisi Abubakara vermək istədiyi əməkhaqqı göstərilən rəqəmdən xeyli aşağıdır. Kamerunlu qolçunun bura gəlmək ehtimalı hazırda bir o qədər yüksək görünmür.

Çünki ön xətt oyunçusunun ürəyindən keçən məbləğ "Neftçi"nin cibinə uyğun gəlmir. O, 8 aylıq müqavilə qarşılığında 800 min dollara yaxın rəqəmdən dəm vurur.

Bununla belə, bakılılar ümidini itirmir. İnanırlar ki, Abubakar reallığı başa düşəcək və maliyyə şərtlərində güzəştə gedəcək.

Odur ki, "Neftçi" tərəfi hazırda gözləmə mövqeyinə çəkilib - son təklifi irəli sürüblər və cavab üçün hücumçuya bir neçə gün vaxt veriblər.

SPORTİNFO.AZ

Seçilən
5
sportinfo.az

1Mənbələr