AZ

İrəvanda Muradovun başına nələr gəlib? – Özü hər şeyi danışdı

Xəbər verdiyimiz kimi, sentyabrın 22-də Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Ermənistanda səfərdə olub. O, İrəvanda NATO Parlament Assambleyasının 108-ci Rouz-Rot seminarında iştirak edib.

Turkustan.az bildirir ki, Murad Muradov səfərdən sonra Bakupost.az-a özəl açıqlamalar verib. İrəvanda təhlükəsizlik məsələlərindən danışan Murad Muradov bildirdi ki, bu baxımdan onun üçün xüsusi qaydalar olub:

“Təhlükəsizlik məsələləri ilə bağlı qaydalar çox sərt idi. Qarşılanma oldu, aeroportun təhlükəsizlik departamentinin işçiləri məni müşaiyət edirdilər. Pasportun aparılması, yüklərin daşınması hər biri mənim üçün xüsusi idi, heç kimlə birbaşa ünsiyyətdə olmadım. Hər yerə xüsusi avtomobillə gedirdim, ən azı iki nəfər yanımda olurdu. Hətta şəhərə çıxanda mənimlə 4 nəfər gəlirdi. Ümumiyyətlə sırf proqram əsasında harasa getmək olurdu, gəzintim məhdud idi. Nəqliyyatda Bakıdakı kimi sıxlıq var idi, bu səbəbdən harasa getmək xeyli vaxt alırdı.

Murad Muradov bildirdi ki, jurnalistlər ənənəvi olaraq onu mübahisəyə çəkməyə çalışıblar və hələ də sülhü qəbul edə bilməyənlər var:

“Media nümayəndələri mənə təxribat xarakterli suallar ünvanlayırdılar, məni sərt dialoqa, mübahisəyə çəkmək istəyirdilər. Bəzi cavablarım onları qane etmirdi, məsələn Bakıdakı məhbuslarla bağlı. Jurnalistlərin bəziləri bizim sülh niyyətimizə şübhə ilə yanaşırdılar. Amma mən suallara cavab verdikdən sonra heç kim mübahisə etmirdi.

murad

Murad Muradov

Tədbirdəki ekspertlər də hazırkı vəziyyəti anlayır və konstruktiv yanaşırdılar. Seminarın əvvəlində Ermənistan rəsmiləri çıxış etdilər. Təhlükəsizlik Şurasının rəhbəri, müdafiə naziri və digərləri deyirdilər ki, Baş nazir Nikol Paşinyan Ermənistan üçün lazımdır, qarşıda bizi sülh gözləyir, kommunikasiyaların bərpası barədə danışırdılar. Ekspertlər də mənim səfərimin əhəmiyyətli olduğunu vurğulayırdılar və bildirirdilər ki, nə vaxtsa onlar da Bakıya gələ bilərlər” , – deyə Topçubaşov Mərkəzinin direktor müavini qeyd etdi.

Murad Muradov İrəvanda qidalanması, gəzintisi və təəssüratları barədə də məlumat verdi:

“İki gündə məni orda restoranlara da apardılar. Demək olar ki mətbəxlərimiz eynidir, hətta yeməklərin adları da oxşardı. Həmçinin musiqilərlə bağlı da eyni fikri demək olar. Bizi Əlyazmalar İnstitutuna apardılar, hansı ki, iki min illik kitablar, əlyazmalar, xəritələr nümayiş olunurdu. Orda Qafqaz Albaniyasına aid eksponatlar var idi, bələdçi də elə olduğu kimi izah edirdi. Görünürdü ki, bunu mənimsəməyə çalışmırlar, xoşuma gəldi. Yəni bu tarixi də qəbul ediblər”.

Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov sonda əlavə etdi ki, ümumiyyətlə 30 il münaqişə şəraitində olduğumuzu, 5 il əvvəl müharibə yaşadığını düşünəndə İndi İrəvana gedə bilmək maraqlı hislər yaradır.

Seçilən
7
1
turkustan.az

2Mənbələr