AZ

Tramp istədi, Ərdoğan cavab vermədi Türkiyədən ABŞ a tarixi dərs

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Ağ Evdə görüş baş tutub. Görüş çərçivəsində bir sıra mühüm məsələlər müzakirə edilib.

Trampın Ərdoğanla söhbət zamanı Türkiyənin Rusiyadan neft alışını dayandırmasını istəməsi diqqət çəkib.

Rusiya ilə bağlı belə kəskin addım Ankara üçün nə qədər sərfəlidir? ABŞ bu halda Türkiyəyə nə vəd edir?

Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, tarix hər zaman təkrarlanır:

“1969–1970-ci illərdə ABŞ Türkiyə siyasi rəhbərliyinə israrla SSRİ-dən qaz almaqdan imtina etməli olduğunu bildirirdi. Bu mövqeyə qarşı Türkiyə daxilində ciddi narazılıqlar vardı. Nəhayət, soyuq bir qış günü ABŞ-ın nümayəndəsi Ankaraya gəlir. O zamankı Prezident Süleyman Dəmirəl Vaşinqtonun nümayəndəsini Çankaya köşkündə qəbul edib belə deyir: “Gəlin, sizə bir şey göstərim”. Onu Türkiyə Böyük Millət Məclisinə aparır. Görürlər ki, bütün millət vəkilləri üst geyimlərində, palto ilə oturublar və qanunvericilik işi ilə məşğuldurlar. Dəmirəl deyir: “Görürsünüzmü, vəziyyətimiz belədir. Bizim təcili olaraq təbii qaza ehtiyacımız var. Daş kömürdən istifadə ekologiyamıza zərər verir. Amma siz bizə alternativ təklif etmədən sovet qazından imtina etməyimizi istəyirsiniz. Bu mümkün deyil”. Beləliklə məsələ həll olunur”.

Tofiq Abbasovun sözlərinə görə, bu gün də oxşar mənzərə yaranıb:

“Üstündən on illər keçsə də, ABŞ yenidən Türkiyəni təzyiq altına salaraq Rusiyadan qaz və neft almamasını tələb edir. Bu, Ankara üçün əlverişli vəziyyət deyil. ABŞ nə vəd edə bilər? Vaxtilə söz verdiyi F-35 qırıcılarını da, “Patriot” raket sistemlərini də göndərmədi. Nəticədə Türkiyə məcbur olub Rusiyadan S-400 zenit-raket komplekslərini aldı, digər silah tədarükünü də Moskva ilə müzakirə etdi.

Tofiq Abbasov

Bu proseslərdə iqtisadi deyil, siyasi yanaşmalar daha çox ön plana çıxır. Bir tərəfdə azad bazar prinsipi, digər tərəfdə isə siyasi diktələr dayanır. ABŞ və ümumilikdə Qərb artıq o dərəcəyə çatıb ki, onların siyasi oyunbazlığına heç kim inanmır. Özləri böhran içindədir və qlobal cənubun siyasi elitaları da anlayırlar ki, Qərb ölkələri əsas rəqiblərini zəiflətmək üçün istənilən yola əl atır. Bu da siyasi məqsədlərin iqtisadi münasibətlərə müdaxiləsinin bariz nümunəsidir”.

Politoloqun sözlərinə görə, Trampın belə açıqlamaları fonunda “voluntarism” qoxusu gəlir:

“Voluntarizm – hüquqi əsaslara söykənməyən, reallıqdan uzaq qərarların tətbiqi deməkdir. Rəsmi Vaşinqtonun siyasəti artıq geriləyir. Geosiyasi aləmdə ABŞ kimi böyük bir güc elə qərarlar gündəmə gətirir ki, nəticədə həm özü nüfuz itirir, həm də tərəfdaşları onun dediklərinin reallıqla uzlaşmadığını açıq-aydın görürlər. Siyasi rəhbərlik məsuliyyətsiz yanaşmalarla xaos yaradır.

Əgər Donald Tramp Türkiyəyə real və tutarlı alternativ təklif edərsə, o zaman Ankara rəhbərliyi onu ciddi şəkildə nəzərdən keçirə bilər. Lakin Tramp son dövrlər yalnız vədlər verir və hədələrlə çıxış edir. O, 7 münaqişəni həll etdiyini iddia edir, lakin hansı münaqişələrdən söhbət getdiyi bəlli deyil. Pakistan-Hindistan qarşıdurmasında ciddi rolu olmayıb – bunu Hindistanın Baş naziri Narendra Modi açıq şəkildə bəyan edib. Ermənistan–Azərbaycan münasibətlərinə gəlincə, Trampın komandası konstruktiv təklif verib və biz də hazırda onun üzərində işləyirik”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
globalinfo.az

1Mənbələr