Finss.az - Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası lizinq müqaviləsi əsasında istifadə olunan avadanlığın məhv olması ilə bağlı mühüm qərar qəbul edib. Qərarda göstərilib ki, lizinq predmetinin lizinq alanın iradəsindən və nəzarətindən kənar, obyektiv səbəblər, o cümlədən müharibə şəraiti nəticəsində məhv olduğu hallarda, lizinq alan bu əmlak üçün lizinq ödənişlərini davam etdirmək öhdəliyi daşımır.
İşin hallarına görə, iddiaçı birinci instansiya məhkəməsinə müraciət edərək, ASC ilə bağlanmış lizinq müqavilələri əsasında heyvandarlıq kompleksinə alınmış avadanlıqların İkinci Qarabağ müharibəsi zamanı atılmış mərmilər nəticəsində tamamilə yararsız hala düşdüyünü bildirib. İddiaçı, müharibənin başlandığı 27 sentyabr 2020-ci ildən sonra həmin əmlak üzrə hesablanmış lizinq ödənişlərinin ümumi öhdəliklərdən çıxarılmasını tələb edib. O, lizinq predmetinin məhv olmasının cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş inventarizasiya aktı ilə təsdiqləndiyini əsas gətirib.
Birinci instansiya məhkəməsi iddianı rədd edərək bildirib ki, müqavilədə və qanunvericilikdə lizinq əmlakının lizinq alanın təqsiri olmadan məhv olmasına görə lizinq verənin məsuliyyəti nəzərdə tutulmayıb. Məhkəmə həmçinin qeyd edib ki, lizinq alan əmlakı sığortalatmaq üçün vaxtında müraciət etməli idi və bunu etmədiyinə görə riskləri özü daşımalıdır.
Apellyasiya instansiyası isə bu mövqeyə qarşı çıxaraq qərarı ləğv edib və iddianı təmin edib. Apellyasiya məhkəməsi vurğulayıb ki, müharibə şəraitində lizinq alanın riskləri idarə etmək imkanının olmaması onun məsuliyyətini istisna edir.
Bundan sonra cavabdeh ASC Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət edib.
Ali Məhkəmənin Kommersiya kollegiyası kassasiya şikayətinə baxaraq apellyasiya instansiyasının qətnaməsini qüvvədə saxlayıb.
Ali Məhkəmə Mülki Məcəllənin 448.1, 448.4 və 748.7.1-ci maddələrinin birgə təhlilinə əsasən qeyd edib ki, lizinq alan yalnız onun nəzarət və iradəsi daxilində olan risklərə görə məsuliyyət daşıyır. Riskin idarə edilməsi üçün real imkanın olmadığı hallarda, məsuliyyətin lizinq alana yüklənməsi hüquqa və ədalət prinsiplərinə ziddir. Qorunma tədbirləri yalnız lizinq alanın real və hüquqi imkanları daxilində tələb edilə bilər. Müharibə zamanı düşmən mərmilərinin atılması şəraiti belə tədbirlərin həyata keçirilməsini faktiki olaraq mümkünsüz edib. Əgər lizinq alan lizinq predmetini mühafizə edə bilməyibsə və bu onun nəzarətindən kənar səbəblərlə baş veribsə, o zaman bu şəxsin öhdəliyin pozulmasında təqsirli sayılması hüquqa ziddir.
Ali Məhkəmə həmçinin vurğulayıb ki, tərəflər arasında bağlanmış lizinq müqavilələrinə əsasən, əmlakın sığortalanması lizinq alanın müraciəti əsasında lizinq verən tərəfindən həyata keçirilməli idi. Bununla belə, nəzərə alınmalıdır ki, əmlak üzərində lizinq verənin mülkiyyət hüququ saxlandığından, sığortalamanı lizinq alanın müraciəti ilə şərtləndirmək, lizinq verənin iqtisadi maraqları ilə uzlaşmır. Sığorta ödənişindən məhz mülkiyyətçi olaraq lizinq verən faydalanacaq. Ona görə də, lizinq alanın sığortalama üçün müraciət etmədiyi əsas gətirilərək iddianın rədd olunması tamamilə əsassız və ədalətsiz olardı.
Ali Məhkəmə xüsusi olaraq vurğulayıb ki, məhv olmuş və ya sıradan çıxmış əmlak üçün lizinq ödənişi tələb etmək, Mülki Məcəllənin 748.10.1-ci maddəsinə zidd olmaqla, lizinq hüquqi institutunun təbiəti ilə uzlaşmır.