AZ

Pakistanda 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir təşkil olunub

Bakı, 26 sentyabr, AZƏRTAC

Azərbaycanın Pakistandakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından olan Milli Elm və Texnologiya Universitetində (NUST) fəaliyyət göstərən Heydər Əliyev Auditoriyasında "27 Sentyabr - Anım Günü: şanlı qəhrəmanlıq" mövzusunda konfrans keçirilib.

Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsi olaraq təşkil edilmiş tədbirdə senatorlar, elm adamları, NUST-ın müəllim-tələbə heyəti, bu ölkənin beyin mərkəzlərinin təmsilçiləri, xarici ölkələrin səfirləri, media QHT nümayəndələri, həmvətənlərimiz iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, “Qurani-Kərim”dən ayələr oxunub, hər iki ölkənin Dövlət himnləri səsləndirilib və anım günü ilə bağlı geniş məlumatları əks etdirən videoçarx nümayiş olunub.

Səfir Xəzər Fərhadov 44 günlük 2-ci Qarabağ müharibəsindən bəhs edərək, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qazandığımız Zəfər ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyini, regionda yeni siyasi reallıqlar yaratdığını deyib. Əlavə edib ki, 2023-cü ilin sentyabrında 24 saatdan da az müddətdə həyata keçirilən antiterror tədbirləri çərçivəsində ölkəmizdə tam suverenliyimiz bərpa olunub. Diqqətə çatdırılıb ki, bu il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilib.

Səfir qardaş Pakistanın Azərbaycanın ədalətli mövqeyinə daim göstərdiyi mənəvi və siyasi dəstəyinin dövlətimiz və xalqımız tərəfindən hər zaman yüksək qiymətləndirildiyini xüsusilə diqqətə çatdırıb.

Diplomat hazırda Qarabağ və Şərqi Zəngəzur rayonlarında genişmiqyaslı bərpa və yenidənqurma işləri haqqında danışaraq, Böyük Qayıdış proqramı çərçivəsində əhalinin öz ata yurdlarına təhlükəsiz şəkildə qayıtması, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmanın və məşğulluğun təmin olunması istiqamətində uğurla həyata keçirilən işlər barədə məlumat verib. O, Cənubi Qafqazda və ümumilikdə regionda davamlı sülhün, rifahın və təhlükəsizliyin təmin olunmasında ölkəmizin növbəti uğurları barədə də danışıb.

Pakistan Senatının müdafiə daimi komitəsinin sədri olduğu dövrdə Xocalı faciəsinin beynəlxalq səviyyədə tanınmasında Azərbaycanın mövqeyinə xüsusi dəstək vermiş Muşahid Hüseyn, həmçinin, NUST-ın prorektoru Məhəmməd Arif Malik, Bəhriə Universitetinin sosial elmlər fakültəsinin dekanı Adam Saudun, Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin İcraçı direktoru Xalid Teymur Əkrəmin və digərlərinin çıxışları dinlənilib. Qeyd olunub ki, Azərbaycan ərazilərinin işğalına son qoyulması, bölgə üçün böyük təhlükə mənbəyi olan münaqişənin Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü nəticəsində ədalətlə həll edilməsi Cənubi Qafqaz və bütövlükdə regionda davamlı sülhə, rifaha və təhlükəsizliyə misilsiz töhfə verəcək.

Sonda tələbələri və jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Seçilən
14
2
azertag.az

3Mənbələr