AZ

Aqrar Xidmətlər Agentliyində nə baş verir? - Şişirdilmiş qiymətlər, səmərəsiz xərclənən milyonlar...

Hesablama Palatasının 2025-ci il üzrə İş Planına uyğun aparılan audit Aqrar Xidmətlər Agentliyi və onun tabeliyindəki qurumlarda dövlət vəsaitlərinin idarə olunmasında ciddi pozuntuların baş alıb getdiyini üzə çıxarıb.

XəzərNews.az xəbər verir ki, auditin əhatə etdiyi dövrdə (01.01.2023 – 01.01.2025) dövlət büdcəsindən milyonlarla manat vəsaitin xərclənməsinə baxmayaraq nəticə kəskin şəkildə fiaskoya çevrilib.

Heyvanların identikləşdirilməsi demək olar ki, həyata keçirilməyib. Bu, həm peyvəndləmə tədbirlərini iflic edib, həm də xəstəliklərə qarşı mübarizəni kağız üzərində formal prosedura çevirib. Elektron informasiya sistemi qurulmadığından nə heyvanların hərəkəti izlənilib, nə də peyvəndlərin kimə, necə tətbiq edildiyi dəqiqləşdirilib.

Uçot göstəriciləri rəsmi dövlət statistikasından kəskin fərqlənib. Bu isə ölkədə kənd təsərrüfatı heyvanlarının real sayının gizlədildiyini və uçotun etibarsız olduğunu sübut edir.

Qurumun strateji planlaşdırma, illik əməliyyat proqramları, monitorinq mexanizmləri yoxdur. Beynəlxalq təcrübə öyrənilməyib, qanunvericilik təşəbbüsləri irəli sürülməyib.

Maliyyə intizamı tam şəkildə pozulub. Şişirdilmiş qiymətlərlə satınalmalar aparılıb, artıq məhsullar alınaraq anbarda çürüdülüb, dövlət vəsaiti milyonlarla məbləğdə səmərəsiz xərclənib. Feromon tələləri dövlət qeydiyyatına alınmadan baha qiymətə alınıb, istifadə olunmayan on minlərlə dəsti isə anbarlarda qalıb.

Peyvəndləmə prosesi saxtalaşdırılıb. Heyvanların sayı süni şəkildə artırılıb, təsərrüfat sahiblərinin imzaları sənədlərə salınmayıb, peyvəndlər vaxtında tətbiq edilməyib, hətta istifadə müddətinin bitməsinə az qalmış rayonlara göndərilib. Bu isə dövlət vəsaitinin açıq-aşkar talan edilməsi ilə yanaşı, heyvan sağlamlığına da böyük təhlükə yaradıb.

Torpaq sahələrindən sui-istifadə halları aşkarlanıb. Dövlət sort-sınaq məntəqələrinin torpaqları sınaq məqsədi ilə deyil, şəxsi gəlir əldə etmək üçün istifadə olunub. Məhsuldan əldə olunan gəlirlər uçota alınmayıb, vəsaitlər nağd yolla mənimsənilib.

Daxili nəzarət tamamilə iflic vəziyyətdədir. Nə daşınmalar izlənilib, nə alınan preparatların geri qaytarılması təmin olunub, nə də qeyri-büdcə gəlirləri toplanıb. Agentliyin yüzlərlə xidmətinin yalnız az bir hissəsi rəsmiləşdirilib, qalan potensial vəsaitlər isə “havaya sovrulub”.

Üstəlik, bir sıra qurumlarda baş mühasib yerləri boş qalıb, bu da maliyyə uçotunun kimin tərəfindən və necə aparıldığını şübhə altına salır.

Hesablama Palatası bütün bu faktları təsdiqləyərək nöqsanların təcili aradan qaldırılmasını, artıq xərclərin geri qaytarılmasını və məsələ ilə bağlı aidiyyəti qurumların hərəkətə keçməsini tələb edib.

Xəbər 1 dəfə oxunub.
Seçilən
8
xezernews.az

1Mənbələr