Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı infrastruktur layihələri davam edir.
Far.Az-in məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Ağdam və Füzuli şəhərlərində magistral su xətləri, tullantı və yağış kollektorlarının, həmçinin mühüm qurğuların tikintisi ilə bağlı tender elan edib.
Ağdam şəhərində tullantı su təmizləmə qurğusunun tikintisi layihəsi həyata keçiriləcək. Bu tenderin ümumi dəyəri 53,2 milyon manat təşkil edir.
Füzuli şəhərində magistral su xətləri və kollektorların tikintisi, həmçinin layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur. Layihənin dəyəri 17,4 milyon manatdır.
Beləliklə, hər iki ərazidə icra olunacaq layihələrin ümumi dəyəri 70,7 milyon manata yaxın olacaq.
Bu işlərin icrası Ağdam və Füzulidə əhalinin dayanıqlı içməli su təchizatını təmin etməklə yanaşı, ekoloji təhlükəsizliyin qorunmasına, yağış və tullantı sularının idarə olunmasına mühüm töhfə verəcək. Həmçinin, şəhərlərin sürətli bərpası və əhalinin rahat yaşayışı üçün vacib infrastruktur təmin ediləcək.